Ermənistanın Azərbaycan torpaqlarını işğalı olmasaydı, Azərbaycan iqtisadiyyatı tam başqa göstəricilərə sahib ola bilərdi. Vətən müharibəsindən öncə müəyyən mənbələrdə Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi.
"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib, aşağıdakı faktorları da nəzərə alsaq, bu işğalın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin ümumilikdə bir trilyon dolları keçdiyini deyə bilərik:
"900 yaşayış məntəqəsi, 6000-dən çox sənaye və kənd təsərrüfatı binası, 695 tibb müəssəsi, 693 məktəb, 7000 müxtəlif təyinatli ictimai binalar, 927 kitabxana, 855 uşaq baxçası dağıdıldı.
3000 km-ə kimi kommunikasiya xətləri, 15000 km elektrik xətləri, 3000 km-ə kimi avtomobil yolları yerlə yeksan edildi.
Qızıl və digər faydalı qazıntı yataqlarını vəhşicəsinə istismar etdilər. Kənd təsərrüfatı torpaqları qeyri-standart şəkildə istismar olundu. Meşə örtükləri məhv edildi, ekoloji terrora məruz qaldı.
Həmçinin Azərbaycan 30 il ərzində erməni işğalı səbəbindən böyük imkanları qaçırdı. 30 il bu torpaqlarda iqtisadi fəaliyyətlə məşğul olmadıq. Azərbaycanın 20 faiz ərazisindən ölkə iqtisadiyyatına bir qəpik də vəsait daxil olmadı.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin saxlanması üçün uzun illər boyu vəsait ayrıldı. Qaçqınların və məcburi köçkünlərin sosial rifahı üçün xərclənən vəsaitlər, eləcə də, onların mənzil şəraitinin yaxşılaşdırılması, təhsil xərclərinin qarşılanması və digər sosial təminat məsələlərinə ciddi həcmdə pullar xərcləndi.
Bu da hamısı deyil, Ermənistanın bizə etdiyi düşmənçilik, məkrli siyasətə görə Azərbaycan məcbur olub öz silahlanmasına böyük məbləğdə pul vəsaiti xərclədi.
Eyni zamanda strateji tərəfdaşlıq üçün iqtisadi münasibətlərdə bir çox ölkələrə güzəştə getdik. Hansı ki Ermənistan faktoru olmasaydı, biz daha yaxşı şərtlər altında neft-qaz ticarətini apara və daha çox gəlir əldə edilərdik".
Ekspertin sözlərinə görə, müharibədə torpaqlarını Azərbaycan öz insan kapitalı və maliyyə resursları sayəsində azad etdi. Xərclənmiş vəsaitin kəmiyyət göstəriciləri ölçüyə gəlməzdir:
"Bu gün torpaqlarımız azad edilsə də, hələ qarşıda uzun illər işğaldan azad etdiyimiz ərazilərdə Lənkəran, Qəbələ, Quba və digər rayonlarımız kimi həyatın bərpa edilməsi üçün uzun illər və 100 milyardlarla vəsaitlər lazım gələcək.
Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, Azərbaycan 30 il torpağı işğalda olan ölkə olmasaydı, bu gün tamamilə fərqli bir iqtisadi göstəricilərə və sosial rifah parametlərinə sahib olardı. Odur ki, Azərbaycanı Azərbaycanın yaşadığı 30 illik dəhşətləri yaşamayan hansısa ölkə ilə müqayisə etmək doğru yanaşma sayıla bilməz".
Könül
Ölkə.Az