• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məşhur ukraynalı general: “Azərbaycanın təcrübəsi çox vacibdir, hər şey düzgün edilir” - MÜSAHİBƏ



Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaradılmasında əməyi olan Ukrayna Silahlı Qüvvələrinin əfsanəvi generalı Serqey Krivonos -a müsahibəsində Azərbaycan xüsusi təyinatlılarının Qarabağda Vətən Müharibəsindəki rolunu yüksək qiymətləndirib və Qələbəni bütün Azərbaycan xalqının böyük uğuru kimi qələmə verib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri komandanının keçmiş birinci müavini, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin keçmiş müavini Serqey Krivonos 2014-cü ildə ay yarımdan çox mühasirədə olan Kramatorsk aerodromunun müdafiəsinə rəhbərlik edib. Orada bir nəfər də olsun ukraynalı hərbçi həlak olmayıb.

Müsahibin sözlərinə görə, Azərbaycanın qələbəsi, Şuşa şəhərinin azad edilməsi əməliyyatı ölkənin öz Silahlı Qüvvələrini hazırlamaq bacarığının nəticəsidir.

“Bu, Ali Baş Komandan - Azərbaycan Prezidenti İlham Əliyevin xidmətidir. O, təkcə ordunu deyil, bütün xalqı vahid məqsəd naminə birləşdirə bildi”, - deyə o, vurğulayıb.

- Təbii ki, planlaşdırılan (başqa cür mümkün də deyildi) əks-hücum əməliyyatı lazımi yerdə və lazımi vaxtda başladı. Hamı hazır idi. Ən əsası isə Ermənistan-Azərbaycan münaqişəsinin 30 ili ərzində Azərbaycan düzgün dəyərlərə və ideoloji əsaslara malik nəsil yetişdirib. Azərbaycan xalqı üçün “torpağı azad etmək” ifadəsi sadəcə söz deyil, ana südü ilə qana hopub. İşğal olunmuş ərazilərdə olmamış gənclər də hətta döyüşə girərək, oraları azad etdi.

Bir hərbçi kimi, xüsusi təyinatlı kimi bunu Azərbaycanın ən böyük uğuru, qələbənin təminatı hesab edirəm. Xüsusi təyinatlıların hazırlanması texniki cəhətdən çətindir, vaxt tələb edir. Ancaq nəticələrə gətirib çıxaran şücaətlərə qadir olan bütöv bir nəsil yetişdirmək daha çətindir. Siz bunu etdiniz. Ölkə daxilində həyata keçirilən kompleks tədbirlər effekt verdi, Azərbaycan qalib gəldi.

Azərbaycanın təcrübəsi mənim üçün çox önəmlidir. Bu, Ukraynanın nə etməli olduğunun bariz nümunəsidir. Məsələ heç də 30, 15 və ya 5 il gözləməklə bağlı deyil. Sadəcə bununla məşğul olunmalıdır, necə ki, siz etdiniz: öz torpaqlarınızı azad etmək üçün hazırlaşdınız, xalqınızı Vətən müharibəsinə hazırladınız. Təəssüf ki, Ukrayna rəhbərliyində heç də hamı belə bir siyasətin vacibliyini dərk etmir, strateji qonşularımızın timsalında düzgün nəticələr çıxarmır. Azərbaycan isə məhz belə strateji qonşu və dostdur.

- Azərbaycanın müharibədə qələbəsindən bir il sonra Ermənistan-Azərbaycan sərhədində tez-tez vəziyyətin gərginləşməsi barədə nə düşünürsünüz?

- Bu, qəsdən, Rusiyanın əli ilə edilir. Hələ Rusiya imperiyasının dövründə xalqlar arasında nifaq siyasətindən istifadə edilib. Eyni şey indi də baş verir. Ermənistanla Azərbaycan münaqişədədir, Rusiya isə siyasi dividendlər alır. Heç nə dəyişmir. Rusiyanın öz vətəndaşlarına yazığı gəlmir, ölən başqalarına niyə yazığı gəlsin?

- Dörd ildən sonra tərəflərin sülhməramlı missiyanın müddətinin uzadılması ilə bağlı razılığı olmasa, Rusiya hərbçiləri Qarabağı tərk etməli olacaqlar...

- ...Deməli, qarşıdurmalar, toqquşmalar, döyüşlər onu göstərmək üçün qurulub ki, guya regionda Rusiya ordusu lazımdır. Hesab edirəm ki, təxribatlar davam edəcək.

Azərbaycan isə, məncə, düzgün siyasət aparır. İşğaldan azad edilmiş əraziləri bərpa edir, əsl sahibinin kim olduğunu göstərir. Güclü infrastruktur yaranır. Bu, gələcəkdə də davam etdirilməlidir. Minalı torpaqların əvəzinə - yollar, məktəblər, əkin sahələri olmalıdır. Əsas arqument budur.

Azərbaycan xalqına səmimi qəlbdən səbr və əmin-amanlıq arzulayıram. Qoy Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə mümkün qədər çox uşaq dünyaya gəlsin.

Nair Əliyev

ƏN ÇOX OXUNANLAR

0.1210629940033