ABŞ prezidenti Co Baydenin martın 7-də açıqladığı Cənubi Kipr Rum Administrasiyasından Qəzzaya humanitar yardım daşımaq üçün qurulması planlaşdırılan müvəqqəti liman layihəsi fiasko ilə nəticələnib.
"Ölkə.az" xəbər verir ki, ABŞ prezidenti Co Bayden ilk dəfə martın 7-də, İsrail quru sərhədindən Qəzzaya humanitar yardımın daxil olmasının qarşısını aldıqdan sonra üzən liman planını açıqlayıb.
Bayden ABŞ ordusuna Qəzza sahillərində qida, su, dərman və müvəqqəti sığınacaq daşıyan böyük gəmilərin yanaşa biləcəyi müvəqqəti körpü yaratmaq tapşırığı verdiyini açıqlayıb.
Plan çərçivəsində Bayden hər gün Qəzzaya çatacaq humanitar yardımın həcmində böyük artım olacağına da söz verib.
Pentaqonun ilkin hesablamalarına görə, üzən liman tam gücü ilə işləsə, gündə 150 yük maşını yardım çatdıra bilərdi.
Amma fəaliyyətə başlayandan cəmi 1 həftə sonra liman xarab olub. Qeyd edək ki, üzən liman ilk dəfə mayın 17-də fəaliyyətə başlayıb.
İstifadəyə verildikdən cəmi bir həftə sonra, mayın 25-də fırtına nəticəsində 370 metr uzunluğunda olan üzən liman zədələnib. Liman İsrailin Aşdod limanına aparılıb və təmirdən sonra yenidən Qəzza sahillərində quraşdırılıb.
BMT-dəki Ümumdünya Ərzaq Proqramı isə iyunun 10-da Qəzzada üzən limandan humanitar yardımın daşınmasının dayandırıldığını elan edib ki, buna da səbəb olaraq təhlükəsizliklə bağlı narahat olduqlarını göstərib.
Qeyd edək ki, üzən liman iyunun ortalarında hava şəraiti ilə bağlı yenidən zədələnib və Aşdod limanında təmir edilərək iyunun 19-da Qəzza sahillərində yenidən quraşdırılıb.
İkinci təmirdən sonra limanla yüklərin daşınması müvəffəqiyyətli olmayıb və limanın fəaliyyəti dayandırılıb.
ABŞ rəhbərliyinin 230 milyon dollar xərcləyərək qurduğu üzən liman vasitəsilə çatdırılan humanitar yardımın həcmi cəmi 8 min 831 ton olub.
Hazırda limanın təmir üçün yenidən Aşdoda köçürülməsi lazım olduğu bildirilir.