ABŞ-da keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi edən və öldürülən Tomas Metyu Kruksun evində və maşınında bomba hazırlamaq üçün istifadə edilən materiallar tapılıb.
Ölkə.Az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən iki polis məmuru “Associated Press”ə (AP) danışıb.
Onların sözlərinə görə, Kruksun sui-qəsd cəhdində istifadə etdiyi silahın atası tərəfindən təxminən 6 ay əvvəl alındığı güman edilir.
Polislər bildirib ki, hücum zamanı Kruksun üzərində şəxsiyyət vəsiqəsi olmadığından onun kim olması DNT analizi və digər üsullarla dəqiqləşdirilib.
Qeyd edək ki, 13 iyulda ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident D.Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb. Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.
Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb. ABŞ Məxfi Xidməti mitinq sahəsinin xaricindəki yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib. Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.
Billurə