• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tramp "Ukrayna faciəsi" hazırlayır: ABŞ geri çəkiləcək, Avropa Birliyi isə dəstək verməyəcək



ABŞ-da hakimiyyət dəyişdikdən sonra ön plana çıxacaq birinci variant ondan ibarətdir ki, rəsmi Kiyevdən bəzi Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi şərti ilə sülh müqaviləsinin imzalanması tələb oluna bilər... Əgər, rəsmi Kiyev bundan imtina edərsə, onda Ukraynaya ABŞ və Qərbin hərbi-siyasi dəstəyi olmadan Rusiya ilə təkbaşına savaşmaq təklif olunacaq və bu variantların hər ikisi Ukrayna üçün real təhlükə anlamı daşıyır...

Ukrayna savaşı ətrafında qeyri-müəyyən situasiya yaranıb. Belə ki, bir tərəfdən Ukrayna savaşının dayandırılması istiqamətində müəyyən sülh təşəbbüsləri intensivləməyə başlayıb. Digər tərəfdən isə buna paralel olaraq, savaşın daha da qızışdığı müşahidə olunur. Və bu baxımdan, savaşın daha amansız xarakter aldığı bir şəraitdə sülh təşəbbüslərinin hansı nəticələri verə biləcəyi kifayət qədər müəmmalıdır.

Məsələ ondadır ki, ABŞ-da keçiriləcək prezident seçkilərində qələbə qazanacağına artıq elə bir ciddi şübhə yeri qalmayan Ağ Evin keçmiş sahibi Donald Trampın liderliyi ilə Ukrayna savaşının dayandırılması istiqamətində cəhdlər göstərilir. Bu prosesdə əsas aparıcı koordinator rolunu isə məhz hazırda Avropa Birliyinə sədrlik edən Macarıstanın baş naziri Viktor Orban oynayır. Macarıstan baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çinə ardıcıl səfərlərlə müharibənin dayandırılması ilə bağlı şərtlərin müzakirəsinə artıq nail olub. Və bu, Ukrayna savaşı ətrafında sülh prosesinin artıq başlanıldığını birmənalı şəkildə təsdiqləyir.

Ancaq bu prosesdə ziddiyyətli məqamlar da kifayət qədərdir. Belə ki, Macarıstan baş naziri Viktor Orban Ukrayna, Rusiya və Çində apardığı sülh danışıqlarını ABŞ-da hazırda hakimiyyətdə olan Bayden administrasiyası və Avropa Birliyinin siyasi rəhbərliyi ilə müzakirə etməyə elə bir ciddi ehtiyac duymur. Hələlik, Macarıstan lideri bu proseslə bağlı Bayden administrasiyasını və Avropa Birliyinin siyasi rəhbərliyini sadəcə, məlumatlandırmaqla, kifayətlənib. Və əsas yekun müzakirələrin məhz ABŞ-ın növbəti prezidenti olacağı artıq qətiyyən şübhə doğurmayan Donald Trampla aparmağa üstünlük verib.

Təbii ki, bütün bunlar Ukrayna savaşını birbaşa maliyyələşdirən Qərb siyasi dairələrində həm ciddi narahatlıq, həm də kəskin ziddiyyətlər yaradır. Birincisi, Macarıstan baş nazirinin öz üzərinə götürdüyü sülh missiyası Bayden administrasiyasının fəaliyyətini müəyyən mənada, iflic edə bilər. Çünki Ağ Ev Ukrayna savaşının dayandırılması prosesindən kənarlaşdırılmış duruma düşməkdədir. Eyni zamanda, Bayden administrasiyasının səlahiyyətləri demək olar ki, şübhə altına salınıb. Çünki sülh prosesində ABŞ-ı yalnız keçmiş prezident Donald Tramp təmsil edir. Və Ukrayna savaşının sülh istiqamətinə doğru yönləndirilməsinə qarşı çıxan Bayden administrasiyasının mövqeyi nəzərə alınmır.

Təbii ki, bu, seçki ərəfəsində ABŞ-da siyasi hakimiyyət boşluğu yaranmasına da stimul verə bilər. Eyni zamanda, dünya məkanında hətta seçkilərə qədər belə, ABŞ-ın beynəlxalq proseslərdə təmsil edilməsində Donald Trampın ön plana keçməsi ilə bağlı ciddi prisident də yarada bilər. Yəni, Macarıstan baş nazirinin Donald Trampla əməkdaşlıq etməsi bəzi dünya dövlətləri üçün örnəyə çevrilmə ehtimalı hər halda, olmamış deyil. Və bu, ABŞ-ın siyasi idarəçilik sistemi üçün kifayət qədər ciddi böhran təhlükəsi anlamı daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, Donald Trampın Ukrayna savaşının dayandırılmasına yönəlik mövqeyi Bayden administrasiyasının hədəfləri ilə kəskin ziddiyyət də təşkil edir. Belə ki, Bayden administrasiyası hazırda Ukrayna savaşının mümkün qədər uzadılmasına cəhd göstərir. Rusiyanın tamamilə gücdən salınaraq, zəiflədilməsini əsas prioritet olaraq, ön plana çıxarır. Və belə vəziyyət istər-istəməz mövcud Bayden administrasiyası ilə gələcək Tramp hakimiyyəti arasında Ukrayna savaşı ətrafında qarşıdurma mühitinin yaradılmasına səbəb olur.

Göründüyü kimi, ABŞ öz müasir tarixində nadir təsadüf oluna biləcək yeni situasiya ilə üz-üzə qalıb. Əgər, belə davam edərsə, ABŞ-da yaxın vaxtlarda siyasi hakimiyyət böhranından da danışmaq mümkün ola bilər. Nəticədə ABŞ siyasi məkanda parçalanma da qaçılmaz ola bilər. Və belə siyasi parçalanmanın ABŞ cəmiyyətinə təsirsiz ötüşə biləcəyini düşünmək isə sadəlövhlük olardı.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlar Avropa Birliyinin daxilində mövcud olan situasiya üçün də aktualdır. Belə ki, Avropa Birliyinin daxilində də Ukrayna savaşının dayandırılmasına üstünlük verən dairələr mövcuddur. Ancaq ümumi mövqe Bayden administrasiyası kimi, Ukrayna savaşının mümkün qədər uzadılması üzərində qurulub.

Ona görə də, Macarıstan baş naziri Viktor Orbanın Ağ Evin keçmiş sahibi Donald Trampla koordinasiya etdiyi sülh təşəbbüsləri Avropa Birliyinin daxilində ciddi narazılıq və narahatlıq yaradıb. Və hətta hazırda Avropa Birliyinin yüksək dairələri Macarıstan baş naziri Viktor Orbanın sülh təşəbbüsləri üzrə fəaliyyət üçün bu qurumdan mandat almadığı xüsusi olaraq, vurğulanmaqdadır.

Belə anlaşılır ki, həm ABŞ-da, həm də Avropa Birliyində Ukrayna savaşından qaynaqlanan ziddiyyətlər hazırda kəskinləşmə mərhələsinə keçmək üzrədir. Üstəlik, bu proses o qədər sürətlə inkişaf edir ki, siyasi böhran hər an maraqların toqquşması şəklində ortaya çıxa bilər. Və bu, hazırda həm ABŞ-ın, həm də Avropa Birliyinin siyasi iflas təhlükəsi qarşısında olduğunu göstərir.

Məsələ ondadır ki, Bayden administrasiyası artıq öz beynəlxalq təsirini itirməyə başlayıb. Avropa Birliyinin də Macarıstan baş naziri Viktor Orban tərəfindən oyundan kənar vəziyyətə salınmaqda olduğu müşahidə edilir. Ağ Evin siyasi-ideoloji müdaxiləsi olmadan Avropa Birliyi Ukrayna savaşının davam etdirilməsi variantı üzrə onsuz da geniş manevr mexanizmlərinə malik deyil. Bayden administrasiyasının siyasi hakimiyyəti qeyri-rəsmi şəkildə keçmiş prezident Donald Trampa uduzması Avropa Birliyinin "geopolitik labirintə" düşməsini təmin edə biləcək təhlükədir.  Və bütün bunlar indiki situasiyada ilk növbədə Ukraynanın gələcək taleyini təhdid edir.

Məsələ ondadır ki, bir neçə aydan sonra, yəni noyabrın 5-də qələbə şansları hazırda qarşısıalınmaz olan Donald Tramp ABŞ prezidenti seçilərsə, kollektiv Qərbin dəstəyi Ukrayna üçün tarixə çevrilə bilər. Yəni, tezliklə hərbi-siyasi prosesin Ukrayna əleyhinə yönəlmə ehtimalı kifayət qədər real görünür. Bu, baş verərsə, kollektiv Qərbin Ukraynanı Rusiya qarşısında indiki həlledici dəstəkdən məhrum buraxa biləcəyi qətiyyən istisna deyil. Və bu, rəsmi Kiyevə böyük hərbi-siyasi itkilər vəd edir.

Belə anlaşılır ki, keçmiş prezident Donald Trampın yenidən Ağ Evə sahiblənməsi ilk növbədə Ukraynanın taleyini təyin edə bilər. Əlavə detalları sadalamadan ehtimal etmək olar ki, yeni prezident Donald Trampın dönəmində ABŞ və onun Qərbdəki müttəfiqləri Ukraynaya cəmisi iki variant təklif edə bilər. Birinci variant ondan ibarətdir ki, rəsmi Kiyevdən bəzi Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi şərti ilə sülh müqaviləsi imzalamaq tələb oluna bilər. Əgər, rəsmi Kiyev bundan imtina edərsə, onda Ukraynaya ABŞ və Qərbin hərbi-siyasi dəstəyi olmadan Rusiya ilə təkbaşına savaşmaq təklif olunacaq. Və bu variantların hər ikisi Ukrayna üçün real təhlükə anlamı daşıyır.(Yeni Müsavat)

ƏN ÇOX OXUNANLAR

0.022037982940674