ABŞ və Fransaya güvənən Ermənistan yenidən "qırmızı cizgiləri" aşmağa cəhd göstərir, Qərbən aldığı təlimatlara uyğun olaraq, Cənubi Qafqazda yeni regional savaş ssenarisini icra etməyə çalışır... Rəsmi İrəvan Qərbin "dəstək qapısı"nın açılacağı təqdirdə, Ermənistanın Azərbaycanla yalnız sülh müzakirələrində deyil, həm də hərbi qarşıdurmada belə, daha əlverişli mövqelər qazanacağına hələ də inanır...
Cənubi Qafqazda sülh prosesi yenidən dalana dirənmək üzrədir. Belə ki, rəsmi İrəvanın sülh prosesindən uzaqlaşmağa yönəlik cəhdləri müşahidə olunmağa başlayıb. Hazırda Paşinyan hakimiyyəti situasiyanı qəlizləşdirməyə yönəlik addımlar atmağa başlayıb. Və rəsmi İrəvanın bu davranışlarında Cənubi Qafqazdan kənar dövlətlərin təsiri də olmamış deyil.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan artıq bir neçə dəfə analoji davranışları ilə regional sülh prosesini ləngitməyə cəhd göstərib. Belə ki, bu ilin fevral ayında baş naziri Nikol Paşinyan mart-aprel aylarında Ermənistan üçün taleyüklü proseslərin başlayacağını bəyan etmişdi. Ardınca isə bildirmişdi ki, Ermənistan həmin mərhələdə daha fərqli prioritetləri ön plana çıxartmaqla, Cənubi Qafqazda situasiyanı dəyişməli olacaq. Və onun bu mesajlarının arxasında gizlənən məqamlar isə qısa müddətdə ortaya çıxmış oldu.
Məsələ ondadır ki, aprelin əvvəlində Brüsseldə Azərbaycana qarşı üçtərəfli siyasi təxribat törədildi. Belə ki, ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq toplantı keçirildi. ABŞ və Avropa Birliyi Ermənistana genişmiqyaslı dəstək vədləri verdi. Və nəticədə bu vədlərlə şirniklənib, cəsarətlənən Ermənistan dərhal regional sülh prosesindən məsafə saxlamağa başladı.
Ancaq bir müddət sonra ABŞ və Avropa Birliyinin Ermənistana dəstək vədlərinin detalları dəqiqləşdikdə, rəsmi İrəvan açıq-aşkar məyusluq keçirməli oldu. Belə ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbdən illik üç milyard dollar həcmində maliyyə dəstəyi gözləyirdi. Ancaq ABŞ 65 milyon dollarlıq, Avropa Birliyi isə beş il üçün cəmisi 250 milyon avro məbləğində Ermənistana maliyyə vəsaiti ayırdı. Və bu, Qərb üçün Ermənistanın nə qədər dəyərsiz, əhəmiyyətsiz ölkə olduğunu növbəti dəfə təsdiqləyirdi.
Ona görə də, rəsmi İrəvan Ermənistanın ABŞ və Avropa Birliyinə yalnız müvəqqəti "geopolitik alət" olaraq, istifadə üçün lazım olduğunu nəzərə alaraq, yenidən Cənubi Qafqazdakı sülh prosesinə qayıtmaq məcburiyyətində qaldı. İkitərəfli təmasların intensivləşməsi sayəsində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi mətninin razılaşdırılması prosesində önəmli irəliləyişlər əldə olundu. Və nəticədə həmin sənədin yaxın vaxtlarda imzalama ehtimalı ətrafında ümidverici situasiya yaranmış oldu.
Təəssüf ki, bu proses də çox uzun sürmədi. Belə ki, Fransanın dərhal hərəkətə keçərək, Ermənistanı yenidən intensiv şəkildə silahlandırması rəsmi İrəvanı növbəti dəfə cəsarətləndirməyə başladı. Hər halda, Fransadan intensiv silah idxal edən rəsmi İrəvanın siyasi ritorikasında növbəti dəfə radikal mövqe ön plana keçməyə başladı. Və bu, Paşinyan hakimiyyətinin sülh prosesindən uzaqlaşmağa niyyətinin yalnız ilkin əlamətləri idi.
ABŞ-Ermənistan ortaq hərbi təlimlərinin isə rəsmi İrəvanın fərqli xəyallara qapılmasına səbəb olmuş kimi görünür. Hər halda, Paşinyan hakimiyyəti bu hərbi təlimləri ABŞ-ın Ermənistana təhlükəsizlik təminatı verməsi kimi qəbul etməyə meylli görünür. Artıq İrəvanda belə təsəvvürlər yaranmağa başlayıb ki, ABŞ Ermənistanın az qala strateji müttəfiqidir və hər hansı hərbi təhlükə baş verərsə, erməni maraqları üçün savaşa hazırdır.
Digər tərəfdən, Ağ Evin Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun təmsilçisinin fəaliyyəti ilə bağlı qərar verməsi də rəsmi İrəvanın mövqeyinə neqativ təsir göstərir. Belə ki, Paşinyan hakimiyyəti amerikalı generalın gəlişindən sonra, artıq hətta Ermənistanın toxunulmaz olduğuna inanmağa belə, başlayıb. Və bu səbəbdən də, Azərbaycanla sülh danışıqlarını davam etdirməkdən yayınmağa çalışır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Fransanın hərbi-texniki dəstəyinin Ermənistanı yenidən radikallaşdırdığını rəsmi İrəvanın xarici siyasət kursuna dəyişiklik etmək niyyəti də biruzə verir. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan öz yaxın ətrafına sentyabr ayında bir çoxlarını heyrətə salacaq qərarlar verməyə hazırlaşdığını bildirib. Erməni baş nazir detallı izaha ehtiyac duymasa da, ehtimal olunur ki, rəsmi İrəvan ABŞ və Qərbdən gələn hansısa avantürist təlimatı icra etmək barədə düşünür. Və bu, təlimatın Ermənistandan çox sifarişçilərin mənafeyinə hesablanmış ola biləcəyi isə qətiyyən şübhə doğurmur.
Göründüyü kimi, ABŞ və Fransaya güvənən Ermənistan yenidən "qırmızı cizgiləri" aşmağa cəhd göstərir. Bəzi ehtimallara görə, baş nazir Nikol Paşinyan yaxın vaxtlarda Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxması barədə qərar verməyə hazırlaşır. Çünki Qərb siyasi dairələri rəsmi İrəvandan Ermənistanın Rusiya ilə münasibətlərini tamamilə korlamağı tələb edirlər. Və yalnız bu halda, Ermənistana Qərbdən birbaşa "dəstək qapısı"nın açıla biləcəyinə eyham vururlar.
Təbii ki, rəsmi İrəvan bu "dəstək qapısı"nın Ermənistanı Azərbaycanla sülh müzakirələrində daha əlverişli duruma gətirə biləcəyinə də ümid bəsləyir. Ona görə də, Paşinyan hakimiyyəti müxtəlif siyasi manipulyasiyalar ilə Ermənistanı yekun sülh sazişini imzalamaqdan mümkün qədər uzaqlaşdırmağa üstünlük verir. Rəsmi İrəvanın Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli London görüşündən yayınması da belə düşünməyə tamamilə əsas verir. Və bu, Ermənistan üçün taleyüklü səhv xarakteri də daşıya bilər.
Göründüyü kimi, rəsmi İrəvan yaxın keçmişdə buraxdığı heç bir səhvdən lazımi nəticə çıxartmaq qabiliyyətinə malik deyil. Əks halda, son illərdə ABŞ və Avropa Birliyinin verdiyi vədlərin demək olar ki, heç bir real qarşılığının olmadığını nəzərə alardı. Qətiyyən şübhə doğurmur ki, rəsmi İrəvan ABŞ və Qərbin növbəti təlimatını da icra edəcək. Ancaq ardınca verilən vədlərin yerinə yetirilməsi əvəzinə, buna qədər bir neçə dəfə təkrarlanmış situasiya ilə üzləşəcək. Halbuki, bu dəfə nəticələr daha ağır ola bilər. Və rəsmi Bakının yekun sülh sazişindən yayınmaq vərdişinə düşən Ermənistana buraxdığı səhvin nə qədər təhlükəli olduğunu anlayacağı da qətiyyən istisna deyil.(musavat.com)