20 iyul 1974-cü il Kıbrıs türklərinin milli azadlıq mücadiləsində çox mühüm bir tarixdir. “Mutlu Barış hərəkatı” adı ilə tarixə çevrilən həmin gün “Ana Vətən” Türkiyə ordusunun “Yavru Vətən” Kiprə gəlişi ilə türklərin adadan sıxışdırılb çıxarılmasına son qoyulmuş və onların öz tarixi vətənlərində əmin – amanlıq şəraitində yaşamı təmin edilmişdir. Türkiyə ordusunun adaya gəlişi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin tarixində dönüş nöqtəsi sayılır. Qanı və canı bahasına barış və hürriyyəti qazanan Kıbrıs türkləri bu gün həmin şanlı tarixin 50-ci ildönümünü böyük qürur hissi və ruh yüksəkliyi ilə bayram edirlər.
Bu hadisələrin qısa tarixi ondan ibarətdir ki, 1959-cu ildə imzalanmış Surix və London müqaviləsinə əsasən Kipr adasında Kipr Federasiyası elan olunacaqdı. Müqavilənin şərtlərinə əsasən qurulan yeni ölkədə yaşayan yunan sakinlərini Makaryos, Kipr Türklərini isə “Cəmiyyət lideri” Dr. Fazıl Küçük təmsil edəcəkdi. 1960-cı ildə qurulan Kipr Respublikasının konstitusiyasına əsasən adada yaşayan türklərlə yunanların bərabər idarəçilik hüquqları təmin olunmalı idi. Lakin 1963-1974-cü illərdə Kipr Türkləri adada son dərəcə sıxışdırılmış və bunun nəticəsi olaraq adanın cəmi üç faizində məskunlaşmağa məcbur edilmişdilər.
1974-cü ilin 15 iyununda Yunanıstan iqtidarındakı xuntanın rəhbəri Nikos Sampson Kiprdə prezident Makariosu devirmiş və yunan əsgərləri vasitəsi ilə adanı Yunanıstana birləşdirməyə cəhd göstərmişdi. Xunta hakimiyyətinə qarşı çıxan türklər və yunanlar Nikos Sampsonun əsgərləri tərəfindən amansızlıqla qətlə yetirilirdi. Adadakı çevriliş xəbəri Ankaraya çatdıqda dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş və bu qanlı hadisələrə müdaxilənin qaçılmaz olduğu haqqında qərar verilmişdi. Toplantıdan sonra baş nazir Bülənt Ecevit Türk Silahlı Qüvvələrinin Kiprə müdaxilə ehtimalı üzrə hazırlıq görülməsi haqqında təlimat vermişdir. Bülənt Ecevit həmçinin Londona gedərək qarant ölkə kimi Kipr adasına İngiltərə ilə birgə müdaxilə etmək təklifini vermiş, lakin rəsmi London bu təklifi rədd etmişdi. İyunun 18-də baş nazir Ecevit Londonda ABŞ dövlət katibinin köməkçisi Cosef Sisko ilə də müzakirələr aparmışdı. Lakin iyulun 19-da Sisko Ankaraya səfəri zamanı bəlli oldu ki, onun Afinada apardığı müzakirələr nəticəsiz başa çatıb. Kipr adasında isə türklərə qarşı yunan vəhşiliyi davam edirdi. Belə olduqda Sürix və London anlaşmasının 4-cü maddəsinə əsasən Kipr Türklərinin təhlükəsizliyinə zamin olunmuş Türkiyə öz qoşunlarını adaya daxil etmiş və qan qoxuyan adada qətlə yetirilən Kipr Türklərinin imdadına çatmışdır. Mərhum Bülent Ecevitin baş nazir vəzifəsində çalışdığı 20 iyul 1974-cü ildə Türkiyə ordusu adadakı qan qardaşlarını xilas etmək və barışı təmin etmək məqsədi ilə dənizdən və havadan adaya daxil olmuşdular. Türk ordusunun Kipr adasına doğru hərəkata başladığı tarixi gün baş nazir Bülənt Ecevit üzünü Türk ordusuna tutaraq demişdi: “Bu hərəkatın insanlığa və sülhə böyük xidmətlər göstərəcəyinə inanırıq. Ümid edirəm ki, əsgərlərimizə atəş açılmaz və qanlı bir qarşıdurmaya yol verilməz. Biz əslində müharibə üçün deyil, sülh üçün, təkcə türklərə deyil, yunanlara da barış gətirmək üçün adaya gedirik”. Elə həmin gün Türkiyə Dəniz Qüvvələri Komandanlığının gəmisi Aralıq dənizinə çıxır. Türk Silahlı Qüvvələri tərəfindən Levkoşa-Həmidköy-Gönyeli və Pinarbaşı bölgələrinə havadan paraşütlə desant endirilir. Eyni zamanda türk əsgərlərinin Yavuz çimərliyinə çıxarılmasıyla 20 iyulda Kıbrıs Barış Hərəkatına start verilir. “Aişə tətilə çıxsın” adı ilə başlanan bu əməliyyat uğurla başa çatdırıldı. Aişə həmin dövrdə Türkiyənin xarici işlər naziri oluş Turan Günəşin qızının adı idi. “Aişə tətilə çıxsın” parolu ilə Cenevrədə danışıqlar aparan baş türk diplomatı hərəkatın başlandığını bilmiş olmalı idi.
“Mutlu Barış” adı almış bu Hərakat zamanı “Tanrı desantları” adlandırılan ağgeyimli türk paraşütçülərin adaya əfsanəvi gəlişi adanın müqəddəratını həll etdi. İyulun 21-də Türkiyə qırıcıları yunan mövqelərinə qarşı hərəkata keçdi, ordu Levkoşa hava limanı ilə Qaymaqlı bölgəsinə hücuma başladı, digər türk birqadası isə Zeytunlu istiqamətində irəliləməyə başladı. Hərəkatın 3-cü günü türk ordusu Dəliktəpəni ələ keçirdi. Girnəyə gedən türk ordusu Levkoşaya istiqamət aldı və nəticədə Levkoşa-Girnə xətti birləşdirirldi.
Bütün bu hadisələrin cərəyan etdiyi bir vaxtda BMT-nin Təhlükəsizlik Şurası təcili toplantı keçirmiş və onun çağırışı əsasında Türkiyə iyulun 22-də, saat 17:00-da əməliyyatı dayandırmışdır. Bundan sonra ABŞ və İngiltərə diplomatlarının vasitəsilə Türkiyə ilə Yunanıstan arasında danışıqlar aparılmış və atəşkəs sazişi imzalanmışdır. İyulun 22-də prezident Nikos Sampson istefa verməyə məcbur olmuşdur.
Türk Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş 3 günlük Kıbrıs Barış Hərəkatı zamanı 57 türk mehmetciyi şəhid olmuş, 184 mehmetcik isə yaralanmışdır. 1974-cü ilin 25 iyulunda Ankara və Afina arasında Cenevrədə başlanan danışıqlar iyulun 30-da dayandırılmış və daha sonra avqustun 6-da yunan qüvvələri Girnənin qərbinə hücuma başlamışdılar. Hücumun qarşısını alan Türk ordusu əks həmlə ilə Laptanı ələ keçirmiş və bundan sonra yenidən Cenevrədə sülh danışıqlarına başlanmışdır. Bu danışıqlarda Kipr türklərini Rauf Denktaş təmsil edirdi. Amma danışıqlar yenə də yarımçıq dayandırıldı və avqustun 14-də Türk Silahlı Qüvvələri yenidən hərəkətə keçməli oldu. Bu dəfə məqsəd şərqdə Maqusa, qərbdə isə Levkiyəyə qədər olan ərazilərin yunan işğalından təmizlənməsi idi. Türk Ordusu avqustun 15-də Maqosaya daxil oldu, qərb cinahında isə Mitrini ələ keçirdi. Avqustun 16-da Lefkiyə və Omorfa alındı, Levkoşa bombalandı. Bütün bunlardan sonra yunan tərəfi əsirlərin dəyişdirilməsinə razılıq verdi.
Türk ordusunun gəlişi ilə ada ikiyə bölündü, sərhədlər çəkildi. Kıbrıs Türkləri adanın cənubundakı yunanlara (rumlara) məxsus ərazini “Güney Kıbrıs Rum Kesimi” (Cənubi Kipr Respublikası) adlandırırlar. Kipr Respublikasının paytaxtı Nikosiya şəhəri də ikiyə ayrıldı. Paytaxtın Cənubi Kipr tərəfində qalan hissəsini yunanlar Nikosiya adlandırırlar. Paytaxtın türklərin nəzarətində qalan şimal hissəsi isə Lefkoşa adlanır.
Bütün sonrakı danışıqlar adada vahid dövlət çərçivəsində yaşamağın mümkün ola bilməyəcəyini göstərdi. Nəticədə 1983-cü ildə Kıbrıs Türkləri öz respublikalarını müstəqil elan etdilər və onu “Kuzey Kıbrıs Türk Cumhuriyyəti” (Şimali Kipr Türk Respublikası) adlandırdılar.
Qardaş Türkiyə Cümhuriyyəti ölkənin müstəqilliyini tanısa da Birləşmiş Millətlər Təşkilatı hələ də bu ölkənin müstəqilliyini tanımır. 2004-cü ildə BMT baş katibi Kofe Annan tərəfindən irəli sürülən və “Annan planı” kimi tanınan referendum təşəbbüsü də müsbət nəticə vermədiyindən Kipr problemi bu günə qədər həll edilməmiş problem hesab olunur.
Bu gün Kuzey Kıbrıs Türk Cumhuriyyətində milli bayram günü kimi qeyd olunan Mutlu Barış Hərəkatı Kıbrıs türk xalqının mübarizə əzmini, milli iradəsini və milli birliyini təcəssüm etdirən tarixi zəfər hadisəsidir. Milli müqəddəratını qoruyaraq tarixin sərt imtahanından üzüağ çıxmış Kıbrıs türklərinin haqlarının yaxın gələcəkdə beynəlxalq səviyyədə tanınması və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Yeni Dünya Düzənində müstəqil dövlət kimi öz layiqli yerini tutacağı isə şübhəsizdir və yalnız zaman məsələsidir.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru