• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İki adaxlısı olan qız siyasəti: Kremlin səbir kasasını daşıran Ermənistanı nə gözləyir?



Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqda davam edir. Amma Paşinyan hökuməti ölkənin inteqrasiya istiqamətini dəyişməyə meylli olduğunu gizlətmir. Mütəmadi olaraq müxtəlif səviyyələrdə Avropa İttifaqına (Aİ) üzvlük üçün ərizə təqdim etmək barədə bəyanatlar səsləndirirlər.

Amma bu tendensiya ölkə üçün təhlükəlidir. Bir-birinə rəqib olan iki strukturun ikisinə də can atmaq, ikisindən də faydalanmaq istəyi çox ciddi nəticələrə səbəb ola bilər. Aİİ hər nə qədər iqtisadi birlik olsa da, özündə siyasi komponentləri ehtiva edir. Aİ isə hər şeydən öncə siyasi bir qurum olduğunu gizlətmir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Qeyd etmək yerinə düşər ki, erməni hökumətinin, xüsusən də baş nazir Paşinyanın iki adaxlısı olan qız kimi siyasət yürütməsi artıq Kremlin səbir kasasını daşırmaq üzrədir. Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendum keçirmək və məsuliyyəti xalqın üzərinə atmaq kimi fikirlərin dövriyyəyə buraxıldığı bir zamanda Rusiya baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, Aİ və Aİİ bir araya sığmır, regiondankənar aktorların Ermənistana daxil olması ciddi nəticələrə səbəb ola bilər. Bu açıqlamanı erməni siyasi elitası ciddi xəbərdarlıq kimi qəbul etməlidir. Çünki Moskvanın orbitindən və maraq dairəsindən çıxmaq erməni dövlətçiliyi üçün pis nəticələnə bilər. "Vətən naminə Tavuş" hərəkatının sentyabr ayında daha ciddi aksiyalara start verəcəyini nəzərə alsaq, Baqratın şimal küləyinin axınına qapıldığını əminliklə söyləmək olar. Hərəkatın arxa planında dayanan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Rusiyadakı dayaqları erməni keşişə qol-qanad verir.

Ermənistan Aİİ-yə üzvlükdən böyük faydalar əldə edib. Bu, xüsusilə son illərdə Rusiya-Ukrayna müharibəsi başlayanda özünü büruzə verdi. Genişmiqyaslı sanksiyalar şəraitində rəsmi İrəvan Rusiya iqtisadiyyatına xidmət edən mühüm həlqəyə çevrilib. Həm ixracın, həm də idxalın kəskin artması nəticəsində iki ölkə arasındakı ticarət dövriyyəsində ciddi artım müşahidə edilib. Bu artım Ermənistan iqtisadiyyatına o qədər də fayda verməsə də, dövlət büdcəsinə kifayət qədər ciddi gəlirlər gətirir. Məhz bunun sayəsində xarici ticarət xidmətləri göstərən şirkətlər son zamanlar iri vergi ödəyiciləri siyahısına liderlik edir. Ticarət xidmətləri nəticəsində Ermənistana külli miqdarda pul daxil olur və bu, bank sisteminin yüksək gəlirliliyinə şərait yaradır. Bu, həmçinin dolayı yolla büdcə gəlirləri üzrə mənfəət vergisinin artırılması şəklində ifadə olunur. Ermənistanın son illərdə "dünya səviyyəsində" iqtisadi artımı da sırf Aİİ-nin diktə etdiyi amillərlə bağlıdır.

Aİİ Ermənistan üçün təkcə sanksiyalar altında olan Rusiya iqtisadiyyatına xidmət baxımından faydalı olmayıb, həm də iqtisadiyyat üçün əsas bazardır. Bu təşkilatı itirməyin Ermənistan üçün nəticələrinin necə ağır olacağını təsəvvür etmək belə çətindir. Aİ-yə keçid zamanı Ermənistanın ixracı Aİİ-nin ciddi gömrük rüsumlarına məruz qalacaq və tamamilə istisna ediləcək. Erməni dövlətinin emal sənayesinin böyük hissəsi Rusiya bazarında reallaşır. Ona görə yox ki, bu bazar Ermənistan məhsulları üçün daha sərfəlidir, ona görə ki, digər bazarlarda və xüsusən də Aİ ölkələrinin bazarlarında onlar rəqabət qabiliyyətli deyil, standartlara və minimum tələblərə cavab vermir. Bu gün Aİİ ölkələrinə ixrac olunan yüzlərlə erməni məhsulu Qərb üçün maraqlı deyil. Çünki Aİ standartına uyğun adi sertifikat almaq üçün erməni iş adamları illərini sərf etməlidirlər.

Nəticələr göz qabağındadır. Son illərdə qeydə alınan xarici ticarətin yüksək artımı şəraitində Ermənistandan Aİ ölkələrinə ixracın həcmi hətta azalıb. Aİ bazarlarına çıxmaq şansı olmadığı halda Ermənistanın iqtisadiyyatını Aİİ-dən kəsmək ağır nəticələri olan macəradır. Ermənistanın Aİİ-də mövcudluğu ölkənin bir sıra mühüm strateji məhsullara tələbatının ödənilməsi baxımından da həyati əhəmiyyət kəsb edir. İrəvan Aİİ üzvlüyünə görə bir çox ilkin ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatını güzəştli qiymətlərlə təmin edir. Belə məhsullar arasında enerji daşıyıcıları, ərzaq buğdası da var.

Ermənistanın Aİİ ilə təkcə iqtisadi deyil, həm də sosial və maliyyə maraqları var. Buradan Ermənistana böyük həcmdə kapital daxil olur. Söhbət həm kommersiya, həm də qeyri-kommersiya transferlərindən gedir. Təkcə Rusiyadan Ermənistana bütün Aİ ölkələrinin cəmindən qat-qat çox pul köçürülür. Bu, Ermənistan üçün sosial əhəmiyyət kəsb edən məsələdir.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Neftçi" qalib gəldi
4.3881900310516