Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub. Rəsmi məlumata görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış evi var və bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir.
Sözügedən hüquqi aktın qəbulu ilə sənədsiz evlərlə bağlı bir sıra problemin aradan qaldırılacağı gözlənilir. Ehtimal olunan odur ki, sənədsiz evlərlə bağlı yeni hüquqi aktın hazırlanması bu tip əmlaklara çıxarışların verilməsi prosesini sürtələndirə bilər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, hazırda ölkədə, xüsusən paytaxt Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri mövcuddur. Onun sözlərinə görə, bu əmlaklara çıxarışların verilməməsinin müxtəlif səbəbləri var:
"Bəzi səbəblər bu əmlakların torpaqlarının təyinatlarının digər təyinatlı torpaqlar olmasıdır. Yəni hər hansısa bir fərdi həyət evinə çıxarışın verilməsi üçün mütləq şəkildə həmin fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları olmalıdır. Lakin çıxarış ala bilməyən əmlakların böyük əksəriyyətinin torpaqları kənd təsərrüfatı və yaxud da digər təyinatlı torpaqlardır ki, təyinat dəyişikliyinin mümkünsüzlüyü səbəbindən artıq bu əmlaklara çıxarışlar verilə bilmir”.
Eyni zamanda ekspert qadağan olunmuş ərazilərdə tikilən əmlaklara çıxarışların verilməsinin qanunla mümkün olmadığını vurğulayıb:
"Qadağan olunmuş ərazilərdəki bir sıra əmlaka - əgər kommunikasiya xətləri çəkilən ərazilərin mühafizə zolağında tikilibsə - kommunikğasiya xətlərinin yeri dəyişildikdən sonra çıxarışlar verilə bilər. Müəyyən əmlaklar da var ki, onların tikintisi zamanı tikinti normativləri kobud şəkildə pozulub. O baxımdan da tikintilərdə ara məsafələrinin qorunmaması səbəbindən bu əmlaklara çıxarışlar verilə bilmir.
Təbii ki, bu tip əmlaklara çıxarışların verilməsi üçün hər hansısa bir hüquqi aktın qəbul olunması, yəni yeni qanun layihəsinin təsdiq olunması mütləqdir ki, bu tip əmlaklar birmənalı olaraq çıxarışla təmin oluna bilsin. Yəni araşdırmalar aparılaraq prosesin daha uzun müddət sürmədən bu tip əmlaklara hər hansısa bir yeni qanun layihəsi hazırlanarsa çıxarışlar verilə bilər. Bu baxımdan düşünürəm ki, sözügedən yeni hüquqi aktın hazırlanması bu tip əmlaklara çıxarışların verilməsi prosesini sürtələndirə bilər”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə sənədsiz evlərlə bağlı hüquqi aktın qəbul olunmasının bir müddətdir nəzərdə tutulduğunu söyləyib. O, bununla əlaqədar illərdir işlərin aparıldığını və bütün evlərlə bağlı invertarlaşdırmanın həyata keçirildiyini deyib. Ekspertin sözlərinə görə, yeni hüquqi akt qəbul olunarsa belə, bəzi evlərə yenə də çıxarışlar verilməyəcək:
"Təbii ki, insanların sağlamlığına ciddi ziyan törədə biləcək ərazilərdə yerləşən, xüsusilə də yüksək gərginlikli işıq, qaz xətlərinin və su kəmərlərinin mühafizə zonasında yerləşən evlərin sənədləşdirilməsi həyata keçirilməyəcək və gələcəkdə onların sökülməsi məsələsi də müzakirə edilə bilər. Amma heç bir mühafizə zonasında olmayan, neft kontraktına aid olmayan torpaqlarda yerləşən fərdi yaşayış evlərinin isə sənədləşdirilməsi həyata keçiriləcək”.