• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ATƏT-in bürosu Azərbaycanda parlament seçkilərinin aralıq qiymətləndirməsini aparmayacaq



Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fəaliyyətə başladığını elan edib.

Missiya rəhbəri, Albaniya təmsilçisi Ditmir Buşati mətbuat konfransında bildirib ki, missiyaya seçkilər, hüquq, media və digər sahələr üzrə 11 ekspert, eləcə də 8 uzunmüddətli müşahidəçi daxildir. Onlar avqustun 28-dən Azərbaycanın regionlarında fəaliyyətə başlayacaqlar.

Səsvermə günü ərəfəsində Azərbaycana daha 280 qısamüddətli müşahidəçi gələcək.

Bundan əlavə, ATƏT-in xüsusi koordinatoru və qısamüddətli missiya rəhbərinin rəhbərliyi altında qrup seçkilərə ezam olunacaq.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası seçki kampaniyasının bütün aspektlərini, o cümlədən seçki administrasiyalarının bütün səviyyələrdə işini, seçki qanunvericiliyini və onun icrasını, fundamental azadlıqlara əməl olunmasını, seçkilərin media və sosial platformalarda işıqlandırılmasını, həmçinin seçkilərlə bağlı mübahisələrin həllini izləyəcək.

Müşahidəçilər Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyələrinin icra vəziyyətini də qiymətləndirəcəklər.

Missiya dövlət qurumlarının, siyasi partiyaların, vətəndaş cəmiyyətinin, medianın, beynəlxalq təşkilatların və maraqlı tərəflərin nümayəndələrilə görüşlər keçirəcək.

Buşati bildirib ki, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası rəhbərliyilə görüşlər keçiribi və “bu əməkdaşlığın davam etdiriləcəyinə” ümid edir.

Missiya seçkilərin keçirilməsini ATƏT üzvünün öhdəliklərinə və demokratik seçkilərlə bağlı digər beynəlxalq öhdəliklərə və standartlara, eləcə də milli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək.

Missiyanın ilkin rəyi sentyabrın 2-də açıqlanacaq və bir neçə ay sonra yekun hesabatın elan edilməsi planlaşdırılır.

Əvvəlki seçki komissiyalarından fərqli olaraq, bu dəfə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu aralıq hesabatı açıqlamağı planlaşdırmır.

Bu o deməkdir ki, missiya seçki başa çatana qədər kampaniyanın qiymətləndirilməsindən çəkinəcək.

Ümumilikdə, missiya rəhbəri öz fikirlərində çox ehtiyatlı olub. Belə ki, “Əgər hökumət ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyələrini yerinə yetirmirsə, Azərbaycanda seçkilərin monitorinqinin aparılmasının mənası varmı?” sualının cavabında Buşati deyib ki, missiya Azərbaycan hökumətinin dəvətilə gəlib və hər bir ATƏT ölkəsinin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçilərini dəvət etmək öhdəliyi var.

“Biz seçki prosesinə müdaxilə etmirik, heç kimi dəstəkləmirik. Biz prosesin özünü müşahidə edirik və qiymətləndiririk”, – Buşati deyib.

Hökumətin Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasını dəvət etməməsi seçkilərin şəffaflığına necə təsir edəcək?

Bu sualın cavabında Buşati şərh verməkdən yayınaraq deyib ki, o, ancaq Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının adından danışmaq səlahiyyətinə malikdir.

O qeyd edib ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu digər müşahidəçilərlə mümkün qədər çox əməkdaşlığa hazırdır, lakin seçkiləri öz prinsipləri, standartları və meyarları əsasında qiymətləndirəcək.

Buşati “seçkilərin rəqabətliliyi” məsələsinin qiymətləndirilməsindən də çəkinərək təkrar edib ki, seçkilərin, o cümlədən bu aspektin ilkin qiymətləndirilməsi sentyabrın 2-də olacaq.(Turan)

ƏN ÇOX OXUNANLAR

  • 7
"Neftçi" qalib gəldi
0.036854028701782