İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına hücum nəticəsində 7 hərbçi yaralanıb, onların hamısının vəziyyəti sabitdir.
“Ölkə.az” xəbər verir ki, bu barədə ABŞ hərbi rəsmisi məlumat yayıb.
O, avqustun 5-də axşam iki raketin aviabazaya düşdüyünü, nəticədə beş amerikalı hərbçinin, eləcə də iki podratçının yaralandığını vurğulayıb. Hərbçilərə aviabazada tibbi yardım göstərilir, qalan iki nəfər təxliyə edilib.
Bundan əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin və israilli həmkarı Yoav Qalant İraqda Amerika hərbçilərinin yerləşdiyi aviabazaya hücumu “təhlükəli eskalasiya” adlandırıblar.
Fələstin-İsrail münaqişəsinin daha da kəskinləşməsi başlayandan bəri İraqdakı Amerika bazaları, eləcə də Suriyadakı Amerika hərbçiləri müntəzəm olaraq atəşə tutulub. Hücumlara görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı qruplaşmalar üzərinə götürüb.