Bundan sonra taksi fəaliyyətinə Vergi Xidməti də nəzarət edəcək. Bu, Nazirlər Kabinetinin yeni qərarı ilə əlaqədardır. Qərara əsasən, hər bir taksi avtomobili üzrə bütün gəlirlər barədə vergiyə hesabat verəcək.
Bu dəyişikliyi Bakupost.az -a şərh edən nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, taksilərlə bağlı vergi xidmətinin həyata keçirilməsində hər hansı çətinliklər olmayacaq.
Onun sözlərinə görə, bunun üçün bütün mexanizmlər var:
“Ölkəmiz sahibkarlıq üçün açıq ölkədir, istər xarici, istər yerli şirkətlər, fiziki şəxslər rahatlıqla vergilərini ödəmək şərtilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər”.
Ekspert uzun illər xarici şirkətlərin ölkəmizdə fəaliyyət göstərmələrinə baxmayaraq, vergi ödəmədiklərini deyib:
“Hətta taksidə çalışan vətəndaşlarımızın hüquqlarını pozub, onları istismar edib, vaxtı-vaxtında onlara çatacaq məbləği ödəməyiblər. Sutka ərzində onları 16 saat işlədiblər. Eyni zamanda, sərnişinlərimizin hüquqlarını pozublar. Onlar ölkəmizdə hər il milyonlarla pul qazanıblar. Düşünürəm ki, artıq sadaladığım neqativ hallar mümkün olmayacaq. Bundan sonra taksi xidməti ilə bağlı məsələlər tamamilə qanunauyğun şəkildə tənzimlənəcək və əlbəttə ki, vergidən yayınma halları baş verməyəcək”.
Qeyd edək ki, Nazirlər Kabineti «Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı»nı təsdiqləyib.
Qərara əsasən, hər bir taksi avtomobili üzrə bütün gəlirləri barədə vergiyə hesabat veriləcək.
Yeni qərara görə, taksi sifarişi operatorları hər ay vergi xidmətinə maşının modeli, qeydiyyat nişanı və markası ilə yanaşı, taksi operatoru və taksi avtomobili üzrə digər məumatlar da verməlidirlər. Buraya hər ay taksi xidmətinə görə əldə edilən xidmət haqqı məbləği , yəni sürücülərdən alınan komissiya barədə məlumat da daxildir.
Bundan başqa, operatorun nəzarətində olan hər bir taksi avtomobili üzrə – sürücünün ad soyadı, FİN kodu, VÖEN nömrəsi göstərilməlidir.
Əsas yenilik isə hər bir avtomobil üzrə sifarişçidən qəbul edilən nağd və ya qeyri-nağd məbləğlər ayrıca göstərilməklə vergr xidmətinə məlumat verilməsidir. Bundan əlavə son nəticədə hər taksi avtomobili üzrə gediş haqqından gəlir barədə məlumatlar Vergi Xidmətinə bəyan ediləcək.