Azərbaycan regionun lider dövlətinə və ən perspektivli ölkəsinə çevrilir. Ölkəmizin iqtisadi gücü və qüdrəti ilbəil artmaqdadır.
Təbii ki, Azərbaycanın həm regionun lider ölkəsinə çevrilməsinə, həm də beynəlxalq miqyasda böyük nüfuz qazanmasına səbəb olan bir çox amillər var.
Bu amilləri Oxu.Az-a şərh edən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsinin nəticələri ilə Cənubi Qafqaz regionunda geosiyasi vəziyyəti dəyişən oyunçuya, Mərkəzi Asiyada isə maraqlarını irəlilədən aktora çevrilib.
O qeyd edib ki, qlobal ticarət dəhlizlərindəki tranzit rolları və bunun perspektiv imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindəki (Orta Dəhliz) güclənən yeri Azərbaycana imkan yaradır ki, regional dəyişikliklərin böyük hissəsini özü aparsın.
"Dəyişikliklər regional təhlükəsizlik nizamının formalaşmasına və onun davamlı olmasına fokuslanıb və Bakı Rusiya, Qərb və Çin arasındakı rəqabət müstəvisində yaranan qaydalarda geniş manevr sahəsi qazanıb.
Yəni Azərbaycan Prezident İlham Əliyevin böyük ustalıqla yürütdüyü xarici siyasətin nəticəsində Cənubi Qafqazın geosiyasətini dəyişən potensiallara yiyələnib. Əlavə olaraq, Azərbaycan Avropanın qaz təchizatında mühüm oyunçuya çevrilib, Yaxın Şərqdən tutmuş Mərkəzi Asiyaya qədər uzanan coğrafiyadakı proseslərə təsir etmək baxımından müəyyən imkanlar qazanıb.
Üstəgəl, Azərbaycanın müdafiə qüdrəti və ordu gücü, mümkün təhdidlərə, təhlükələrə qarşı bərkimiş immuniteti onun Cənubi Qafqazda münaqişələrin həllindəki gücünü, Ermənistanla sülh gündəliyini idarə etmək qabiliyyətini artırır.
Deməli, Azərbaycanın geosiyasi vəziyyəti və xarici siyasəti bir-birilə əlaqəli olan ölçülərlə müəyyən edilir ki, bu da Bakının məqsəd və variantlarını, strategiyalarını mürəkkəb dəyişikliklərə qarşı yaxşı hazırlayır.
Yəni region həssas olaraq qalmaqdadır, təhlükəsizlik məsələləri başqa regionlarda baş verən hadisələr fonunda daha da dolaşığa düşür. Ancaq Azərbaycan bunun nəticələrinə özünü yaxşı şəkildə hazırlayır və sxem belə qurulub:
- Azərbaycan strateji müttəfiqi Türkiyə ilə təhlükəsizlik nizamında birlikdə hərəkət edir,
- NATO ilə əlaqələri dərinləşdirir,
- Qərbin böyük güclərindən olan Böyük Britaniya ilə tərəfdaşlıq əlaqələrini gücləndirərək bunu öz məqsədlərini həyata keçirməkdə vasitə kimi görür,
- Rusiya ilə münasibətlərini müttəfiqlik səviyyəsində inkişaf etdirir ki, bu da Moskvanın regionda Bakının maraqlarını böyük ölçüdə nəzərə almasını şərtləndirir,
- Çətin siyasi münasibətləri idarə edərkən Avropa İttifaqı ilə mühüm iqtisadi əlaqələri dəstəkləyir,
- Alternativ qlobal güc kimi formalaşmış Çinlə müttəfiqliyə dair mənzərəni nəzərdən keçirir,
- Türk Dövlətləri Təşkilatının alternativ bir qüvvə kimi meydanda qalmasını prioritetləri sırasında saxlayır.
Bütün bunlar Azərbaycanın strateji davranışlarını müəyyənləşdirən istiqamətlərdir. Bu, ölkənin Cənubi Qafqaz, Mərkəzi Asiya regionları ilə siyasətində və İrana yanaşmalarında diqqətli strategiyanın izlənilməsinə gətirib çıxarır.
Təbii ki, Azərbaycanın müttəfiqləri və tərəfdaşları tərəfindən dəstəklənən hərbi nüfuzu, Ermənistanın özünün güman edilən təhlükəsizlik qarantı Rusiya tərəfindən tərk edilməsi, Azərbaycan-İran münasibətlərindəki Şimal-Cənub Nəqliyyat Dəhlizi faktoru Bakının problemli situasiyalardan çıxış imkanlarını daha da yaxşılaşdırır.
Beləliklə, Azərbaycan həm geosiyasi və geoiqtisadi, həm də təhlükəsizlik və müdafiə qüdrəti baxımından Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilib".
Politoloq Fikrət Sadıxov isə Azərbaycanın beynəlxalq miqyasda böyük nüfuz qazanmasını Oxu.Az-a şərh edərkən ölkənin neft və qaz strategiyasının həyata keçirilməsindən və bir sıra dövlətlərlə bu sahədə sazişlərin imzalanmasından sonra həm sosial-iqtisadi, həm xarici siyasət məsələlərinin həllinə yönələn problemləri həll etməyə başladığını diqqətə çatdırıb:
"Ölkə üçün geniş imkanlar yarandı, bir çox dövlətlərlə münasibətlər daha da möhkəmləndi, ikitərəfli və çoxtərəfli danışıqlar nəticəsində bir sıra mühüm sazişlər və müqavilələr bağlandı.
Azərbaycan investisiya layihələrini Gürcüstanda, İranda, Rusiyada, Serbiyada, Ukraynada və digər dövlətlərdə reallaşdırmağa başladı. Eyni zamanda, həmin o yumşaq qüvvələrdən istifadə edərək bəzi layihələri həm Avropa, həm də MDB ölkələrində həyata keçirdi.
Bu illər ərzində Bakı həm siyasi, həm mədəni, həm idman xarakteri daşıyan xeyli beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu da sözsüz ki, Azərbaycanın mövqelərini həm regional formatda, həm qlobal geosiyasi miqyasda möhkəmləndirdi. Azərbaycan Qoşulmama Hərəkatına sədr oldu və bu sədrlik bütün üzvlərin xahişi ilə uzadıldı, bu hərəkat çərçivəsində bir sıra təşəbbüslər irəli sürüldü.
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra ölkələrlə münasibətləri möhkəmləndirməklə yanaşı, heç bir hərbi bloka üzv olmadı və bundan sonra da belə bir planı yoxdur.
Bu illər ərzində ordu quruculuğuna genişmiqyaslı investisiyalar yatırılıb, qeyri-neft sektoru inkişaf etdirilib. Logistika infrastrukturu artıq inkişafdadır. Bu gün Azərbaycan regional nəqliyyat və logistika layihələrinin həyata keçirilməsində təşəbbüskar bir dövlətə çevrilib.
Hazırda alternativ enerji mənbələrinin inkişafına böyük investisiyalar yatırılır və bu sahədə müxtəlif layihələr həyata keçirilib. Ölkə daxilindəki sosial xarakterli fəaliyyətlər də göz qabağındadır. Şəhərciklər inşa olunub, keçmiş məcburi köçkün və şəhid ailələrinə qayğı göstərilir. Xüsusilə azad olunmuş ərazilərimizdə infrastruktur obyektləri tikilir, minlərlə məcburi köçkün doğma yurduna geri qaytarılır. Onlar həm mənzillə, həm işlə, həm digər üstünlüklərlə təmin olunurlar.
Bu gün Azərbaycanın ən yüksək texnologiyalara malik texnika ilə təmin olunmuş müasir ordusu var. Dövlətin orduya xüsusi diqqət yetirməsi də təbiidir. Çünki Azərbaycan 30 il ərzində işğalla üzləşən bir dövlət kimi, təbii ki, bundan sonra da ərazi bütövlüyünün qorunması üçün lazım olan bütün addımları atacaq.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, ilk növbədə regionda yeni geosiyasi reallıq yaradıb - artıq bir sıra dövlətlər bizimlə hesablaşmağa məcburdurlar. Bəziləri bizə qarşı çıxış edir, tənqid edirlər, çünki başa düşürlər ki, burada yeni bir qüvvə yaranır və o, heç bir xarici təsirə tabe olmur. Azərbaycan heç kəsin diktəsi ilə yaşayan bir dövlət deyil", - deyə politoloq vurğulayıb.