Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna Rusiya ərazisində, o cümlədən Kursk vilayətində hücum zamanı Britaniya silahlarından sərbəst istifadə edə bilməsi faktını təsdiq edib.
Ölkə.Az xəbər verir ki, bu barədə "The Times" yazır.
"Böyük Britaniya hökumətinin siyasətində heç bir dəyişiklik baş verməyib, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Ukraynanın Rusiyanın qanunsuz hücumlarına qarşı özünü müdafiə etmək hüququ var", - Britaniya müdafiə nazirliyinin sözçüsü bildirib.
Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesin qeyd etdiyi kimi, Ukrayna əvvəllər uzunmənzilli “Storm Shadow” raketləri istisna olmaqla, ona verilən istənilən silahdan istifadə etməklə Rusiya ərazisindəki hədəfləri vurmaq icazəsi alıb. O, eyni qaydaların Ukraynanın Kursk vilayətindəki əməliyyatına da şamil edilməsini təklif edib.
“Əgər bu hücumlar Ukraynanın işğalını dəstəkləyən logistika və infrastrukturu məhv etmək məqsədi daşıyırsa, o zaman Britaniya silahlarından istifadə etmək tamamilə qanunidir”, - o əlavə edib.
Nəşr onu da yazıb ki, hazırda "Storm Shadow" qanadlı raketlərindən Rusiya ərazisində istifadəsinə razılıq almaq istiqamətində danışıqlar gedir.
Mürtəza
Ölkə.Az