Yaxın Şərqdə periodik olaraq baş qaldıran gərginlik bu dəfə daha dəhşətli və geniş miqyasda davam edir. HAMAS qruplaşmasının ötən il oktyabrın 7-də İsrail ərazisinə təşkil etdiyi və 1200-dən çox insanın ölümünə səbəb olan hücumundan sonra başlayan gərginlik 11-ci aydır, davam edir. İsrailin HAMAS-a qarşı Qəzza sektorunda başlatdığı hərbi əməliyyatlar artıq 40 mindən çox fələstinlinin həyatına son qoyub.
Paralel davam edən Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdəki münaqişə qlobal təhlükəsizliyə və dünya iqtisadiyyatına təhdid yaradan əsas elementlərdir.
İsrail-Fələstin münaqişəsinin qısa tarixi
İsrail-Fələstin münaqişəsi çox dərin tarixə malikdir və kimin haqlı, kimin haqsız olmasını müasir dövrün bucağından baxaraq demək praktik olaraq qeyri-mümkündür.
Çünki bu münaqişədə tarix, din, etnik kimlik, ərazi mübahisəsi, siyasi amillər və s. sıx şəkildə birləşib.
XIX əsrin ikinci yarısında Avropa ölkələri və Rusiya İmperiyasında yəhudilərə qarşı hücum və təqiblər gücləndiyi üçün yəhudilər öz tarixi vətənlərinə, o zamanlar Osmanlı İmperiyasının Fələstin əyalətində yerləşən torpaqlara köçməyə başlayır. 1897-ci ildə keçirilən I Sionist Konqresində Fələstin torpaqlarında yəhudi dövlətinin yaradılması məqsədi qoyulduqdan sonra situasiya dəyişir.
1918-ci ildə I Dünya Müharibəsində məğlub olan Osmanlı Türkiyəsi Yaxın Şərqi, o cümlədən Fələstin torpaqlarını tərk etməyə məcbur olur. Bölgə Böyük Britaniyanın mandatı alına keçir. Bu dövrdə bölgəyə yəhudi köçü sürətlənir və artıq 1936-cı ildə Fələstində 1,5 milyon ərəb, 500 min yəhudi yaşayırdı. Yəhudilərin Fələstində sürətlə artması və torpaq sahələrini alması ərəb əhalisinin etirazına və milli zəmində ilk toqquşmalara yol açır.
Nasistlər Almaniyada hakimiyyətə gəldikdən və antisemit qanunlar tətbiq edərək Avropanı ələ keçirməyə başladıqdan sonra isə Yaxın Şərqə yəhudi köçü daha da vüsət alır.
Bu temp İkinci dünya Müharibəsi sırasında Holokost faciəsinin yaşanması və müharibədən sonra bölgəyə on minlərlə yəhudinin köçü ilə davam edir.
Nəhayət, 1947-ci ildə BMT Fələstin torpaqlarında ayrıca ərəb və yəhudi dövlətlərinin yaradılması barədə qərar verir. Ərəb ölkələri bu bölgüyə qarşı çıxır və 1948-ci il 14 mayda müstəqilliyini elan edən İsrail dövlətinə müharibə elan edir. Müharibə fələstinlilərin də daxil olduğu ərəb koalisiyasının məğlubiyyətinə və Fələstin dövlətinin yaradılması üçün nəzərdə tutulmuş ərazilərin 77%-nin İsrailin nəzarətinə keçməsinə səbəb olur.
1967-ci ildə Altıgünlük Müharibə zamanı isə İsrail yenidən ərəb koalisiyasını məğlub edir və bu dəfə Misir Sinay yarımadasını, Suriyanın Colan təpəliklərini və Fələstinin yerdə qalan ərazilərini - Qəzza sektorunu və Şərqi Qüdsün daxil olduğu İordan çayının qərb sahilini nəzarətə götürür.
Beləliklə, 1967-ci ildən bəri münaqişə bu gün də həll edilməyən müasir formasını alıb. Sonrakı mərhələdə 1973-cü il oktyabr müharibəsi, 1979-cu ildə Misirin İsraillə sülh müqaviləsi imzalanması və 1994-cü ildə imzalanmış Oslo Müqaviləsi Yaxın Şərqdəki gərginliyi tam aradan qaldıra bilmədi.
Hazırda Fələstin ərazilərində 4,8 milyon insan yaşayır, daha 5,6 milyon fələstinli isə qonşu ərəb ölkələrində qaçqın düşərgələrində məskunlaşıb. Fələstinli qaçdın problemi Yaxın Şərqdə gərginliyin əsas səbəblərindən biridir.
İsrail-Fələstin münaqişəsini kəskinləşdirən daha bir səbəb İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrinin inşasını davam etdirməsidir. Hazırda İordan çayının qərb sahilinin 61%-i İsrailin tam nəzarəti altındadır və burada inşa olunmuş yaşayış düşərgələrində 630 mindən çox yəhudi kolonist yaşayır.
Bu fonda dünya birliyinin rolu çox önəm kəsb edir.
İsrail-Fələstin münaqişəsində xarici vasitəçilərin qeyri-səmimiliyi
Qarabağ məsələsi və digər bir çox digər münaqişələrdən fərqli olaraq, İsrail-Fələstin qarşıdurması daim dünya ictimaiyyətinin diqqətində olub. Amma qəribədir ki, aparıcı dünya güclərinin aktiv iştirak etdiyi məsələ ötən illər ərzində çoxsaylı sülh təşəbbüslərinə baxmayaraq, həllini tapmayıb.
İlk növbədə, prosesdə Qərb ölkələrinin birmənalı olmayan rolunu qeyd etmək lazımdır. Ötən ilin oktyabrında başlayan İsrail-HAMAS qarşıdurmasında rəsmi Tel-Əvivə tam siyasi və hərbi dəstək elan edən Qərb qarşıdurmanın dalana dirənməsində əsas rola sahibdir. İsrailin özünümüdafiə hüququnu tanıyan Avropa İttifaqı və ABŞ eyni zamanda İsrailin Qəzzada apardığı əməliyyatlarda mülki şəxslərin – qadın və uşaqların çoxsaylı ölüm faktlarına etiraz edib. Qərb Qəzada 40 mindən çox fələstinlinin ölümünü qətliam adlandırsa da, İsraildən əməliyyatı tezliklə yekunlaşdırmağı tələb etsə də, ötən müddətdə bölgəyə silah-sursat göndərmək praktikasından da əl çəkməyib.
İkitirəli açıqlamaları, verdiyi bəyanatlarla atdığı addımlar arasında ciddi ziddiyyət təşkil edən Qərb hələ də Yaxın Şərqin gələcək quruluşu üçün optimal həll yolu təklif edə bilməyib və konkretliyi olmayan açıqlamalar verib.
Əslində, faktlar Qərb ölkələrinin, o cümlədən ABŞ-ın sülh təşəbbüslərində qeyri-səmimiliyini açıq göstərir. ABŞ Qətərda, Misirdə sülh sazişinin imzalanması ilə bağlı təkliflər irəli sürür, bütün tərəfləri sülh əldə olunması üçün səyləri artırmağa çağırır, eyni zamanda dərhal İsrailə növbəti yardım paketi elan edir. Görünən budur ki, ABŞ və Qərb ancaq bəyanat xatirinə sülhə çağırır, gerçəkdə isə sülhün olmaması üçün İsraillə açıq müttəfiqlik edir, onu silahlandırır. Deməli, sülh təşəbbüsləri bir oyun, ikiüzlülüyü pərdələmək üçün bir maskadır.
Qərbin ikili yanaşmasından fərqli olaraq Fələstin məsələsi ilə bağlı ən optimal variantı Çinin təklif edib. Rəsmi Pekin Fələstində qruplaşmalar arasında qarşıdurmanın dayandırılmasının, birliyin təmin olunmasının və vahid məqsədlər uğrunda səfərbər olunmasının ən optimal variant olduğunu bəyan edib. Amma bu çağırış da havada qalıb, tərəflərdə heç bir reaksiya doğurmayıb. Nə Qərb, nə də münaqişə tərəfləri problemin həlli üçün bu təklifləri qəbul edib, hansısa addım atır.
Fələstin daxilində parçalanma
Əsas problemlər sırasında Fələstin daxilində birliyin olmaması önə çıxır. Kəskin fikir ayrılıqlarının münaqişənin həllində Fələstinin aciz durumda qalmasının əsas səbəblərdən biri olduğunu demək olar.
Hazırda Fələstinin daxilində bir-birini qəbul etməyən 26 qrup var. Fələstindəki iki əsas qüvvə - Qəzzada hakimiyyətdə olan HAMAS və İordan çayının qərb sahilində iqtidarı əlində saxlayan, Fələstin Dövlətinin rəsmi siması kimi tanınan (Fələstin Milli Qurtuluş Hərəkatı) FƏTH arasında isə uzun illərdir, mübarizə gedir. Bu mübarizə hətta düşmənçilik həddinə çatıb. Bir-birinə qarşı barışmaz və əks mövqelərdə olan bu iki siyasi və hərbi güc arasında kəskin ziddiyyətlər 2006-cı il seçkilərindən sonra açıq siyasi qarşıdurmaya və 2007-ci ildə Qəzza sektorunun silahlı yolla HAMAS-ın nəzarətinə keçməsi ilə nəticələnib.
Həmin hadisələr zamanı 600-dən çox fələstinlinin həlak olduğunu qeyd etmək lazımdır. Beləliklə, bu gün də fərqli platformalara və məqsədlərə malik olan HAMAS və FƏTH Fələstin xalqının əzablarında və bu gün davam edən hərbi faciələrdə əsas günahkarlardan sayılmalıdır.
Göründüyü kimi, FƏTH və HAMAS arasındakı qarşıdurma, tərəflərin öz merkantil maraqlarından vaz keçməmək istəyi, Fələstin xalqının maraqlarını tam əsasda qorumağa mane olur, münaqişədə İsrailə əlavə üstünlüklər qazandırır. Belə bir təəssürat yaranır ki, hər iki qüvvə Fələstin münaqişəsinin həllində, Fələstin dövlətinin yaranmasında maraqlı deyil. Əksinə, sanki daim hərbi eskalasiyanın olmasını, Fələstinə qurban kimi müsəlman birliyinin təəssübkeşliyini saxlamaq, bundan istifadə edərək, ayrılan ianələri qəbul etmək və regionun siyasi və iqtisadi həyatını əlində saxlamaq istəyirlər.
Bu qruplaşmalar arasında rəqabət olduqca kəskindir, silahlı qarşıdurma həddinə çatır. FƏTH, HAMAS, eləcə də digər qruplaşmaları birləşdirəcək, vahid məqsəd uğrunda səfərbər edə biləcək qüvvə yoxdur. Mahmud Abbas Administrasiyası isə korrupsiya içərisində itib-batır. Regiona yardım kimi göndərilən yüz milyonlarla vəsait mənimsənilir, qruplaşmaların başında duran şəxslərin daha da zənginləşməsinə xidmət edir.
Hərənin öz marağı
Qruplaşmalar arasında qarşıdurmalarla yanaşı, Fələstin ərəblərinin haqlarını qorumağı prioritet sayan ərəb ölkələrinin qeyri-müəyyən mövqeyi də məsələnin həllində çətinlik yaradır.
Bu gün İsraili tanıyan Misir, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Eritreya və İordaniya ilə digər ərəb ölkələri arasında bəlli ziddiyyətlər hökm sürür. Bu ölkələr də İsrail və Fələstinə münasibətdə yekdil mövqedə deyillər, hər biri öz marağını güdür.
Proseslər belə qənaətə gəlməyə əsas verir ki, ABŞ, Avropa İttifaqı, İran, İsrail, aparıcı ərəb ölkələri hərəsi bir qrupun arxasında durub, Fələstində, Qəzzada məqsədini reallaşdırmağa çalışır. Fələstin dövləti məsələsi sanki biznesi xatırladır. Dünyanın hər yerindən yardımlar daxil olur və mənimsənilir. Bu bölgüdə yer almaq üçün qruplaşmalar isə bir-biri ilə amansız mübarizə aparır.
İsrail də bu vəziyyətdən ustalıqla istifadə edir və öz xəttini yürüdür. Yəhudi dövlətində də yaxşı başa düşürlər ki, maliyyə maraqları və kənar qüvvələrin təsiri şəraitində bu qruplaşmalar birləşməyəcəklər və İsrailə qarşı təhlükə törətməyəcəklər. İsrail onu da yaxşı anlayır ki, Bayden Administrasiyasının, Qərb mərkəzlərinin hərbi əməliyyatları dayandırmaq barədə bəyanatları, sadəcə, gözə kül üfürmək üçündür, bunun heç bir nəticəsi olmayacaq. Ona görə də aqressiv formada öz planlarını reallaşdırmaqda davam edir. Halbuki, Qəzzada insanlıq dramı yaşanır. İsrail bölgədə qətliamlar törədir, uşaqları, körpələri qətl edir, bunun isə heç bir bəraəti ola bilməz. Dünya, Qərb isə İsrailin etdiyi bu ciddi yanlışlığa quru bəyanatlarla reaksiya verməklə kifayətlənir.
Son hadisələr zamanı Qəzzada çoxsaylı insan ölümü İsrailin beynəlxalq imicinə zərbə vurmaqla yanaşı, iki tərəf arasında sülh gündəliyini yaxın bir neçə il üçün gündəmdən çıxarmış görünür. İsrailin davam edən hərbi əməliyyatları, günahsız insanların kütləvi şəkildə öldürülməsi, evlərindən didərgin salınması, şəhərlərin, kəndlərin yer üzündən silinməsinin açdığı yaralar uzun illər sağalmaz qalacaq, düşmənçiliyin sürməsi ilə nəticələnəcək.
Dünya birliyi isə Qərb başda olmaqla, nəinki münaqişənin yekun həllinə, hətta müvəqqəti atəşkəsə belə nail olmaqda gücsüzdür, yaxud həvəsli deyil.
BMT-nin münaqişənin həllinə dair qəbul etdiyi “İki dövlət prinsipi” qərarı niyə icra olunmur? Bu qərarın icra olunması üçün niyə heç bir addım atılmır? Çünki BMT artıq bir qurum kimi öz nüfuzunu çoxdan itirib. ABŞ, Qərb ölkələri, İsrail, Mahmud Abbas Administrasiyası, Fələstindəki qruplaşmaların isə bu münaqişənin davam etməsində öz marağı var - həm siyasi, həm regional, həm də biznes. Fələstini, Qəzzanı, Yaxın Şərqi siyasi və biznes maraqlarına qurban verən ABŞ və onun Qərbdəki müttəfiqlərindən hansı ədaləti gözləmək olar?
Biz ABŞ-ın və digər ölkələrin ədalət tərəzisinin çoxdan əyildiyini yaxşı bilirik. Azərbaycan torpaqları 30 il işğal altında qalanda yalançı vasitəçilik missiyasını üzərinə götürmüş ABŞ, Fransa və Rusiyanın əməlləri bizə yaxşı məlumdur.
Odur ki, Azərbaycan öz problemini öz gücünə həll etdi, işğalçı Ermənistanın havadarlarının haray-həşirləri isə özünə qaldı.
ABŞ və onun kimilərin ədaləti, beynəlxalq hüquqa, insan haqlarına münasibəti dünyaya yaxşı məlum olduğu üçün bu ölkələrin bəzən Azərbaycanın, bəzən də digər dövlətlərin ünvanına səsləndirdiyi boğazdan yuxarı ittihamlar heç cür əsaslı sayıla bilməz.
O ki qaldı İsrail-Fələstin münaqişəsinə, yuxarıda sadalananlar onu deməyə əsas verir ki, problemin kökündə duran məsələlər həll edilməyincə, beynəlxalq hüquq, ədalət prinsipi hər kəs üçün eyni işləməyincə, irəli sürülən bütün təşəbbüslər iflasa məhkumdur.(APA Anlytics)