Tehranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin oğlu Əbdüsselam Həniyə atasının necə öldürüldüyünü açıqlayıb.
Ölkə.Az xəbər verir ki, HƏMAS lideri İsmayıl Haniyənin oğlu Əbdüssəlam Haniyə atasına qarşı törədilən sui-qəsd hadisəsi ilə bağlı açıqlama verib.
İdarə olunan raketlə atasının qaldığı otağın hədəf alındığını deyən Əbdüssəlam Haniyə deyib ki, qətl mobil telefonunu izləməklə həyata keçirilib: "Atam həmin gün mobil telefonla rəsmi mərasimə qatıldığından belə bir planın həyata keçirilməsi çətin olmayıb.
Həmin gün atamla mənim dəfələrlə telefon danışığım oldu. O, şəhid olduğu gecə saat 22.15-ə qədər telefonundan aktiv istifadə etdiyini düşünürəm”.
Onun sözlərinə görə, hadisə baş verən zaman mühafizəçilər və digər məsləhətçilər atamın otağından bir neçə metr aralıda olublar. "Əgər otaqda bomba olsaydı, o zaman dağıntı daha böyük olmalı idi. O baxımdanda otaqda bomba olması ilə bağlı şayiələr tamamilə əsassızdır. Sui-qəsdçilər mobil telefonun siqnallarını izləməklə idarə olunan raket vasitəsi ilə bu planı həyata keçiriblər”.
Qeyd edək ki, hadisənin ilk günlərində heç bir açıqlama verməyən İran hakimiyyəti avqustun 4-də Haniyənin öldürülməsi ilə bağlı aparılan araşdırmaların nəticələrini paylaşaraq bildirib ki, sui-qəsd 7 kiloqramlıq döyüş başlığı daşıyan qısa mənzilli raketlə həyata keçirilib.
ABŞ-ın “New York Times” qəzeti Haniyənin aylar əvvəl qaldığı evə gizli şəkildə qoyulan bombanın partlaması nəticəsində öldüyünü iddia edib.
Mürtəza
Ölkə.Az