Qlobal konteyner sənayesi bu ilin ikinci rübündə yüksək mənfəət artımı nümayiş etdirib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Bloomberg"in sözügedən sahənin təhlilinin nəticələrinə dair hesabatında bildirilib.
Nəşrin məlumatına görə, dünyanın ən böyük konteyner daşıyıcılarının, o cümlədən Danimarkanın “A.P. Moller-Maersk A/S” və Çinin “Cosco Shipping Holdings Co.” şirkətlərinin xalis mənfəəti birinci rüblə müqayisədə təxminən iki dəfə artaraq 10,2 milyard ABŞ dollarından çox olub.
Bu göstərici 8,88 milyard ABŞ dolları məbləğində mənfəətin əldə edildiyi 2023-cü ilin ikinci rübünün göstəricisini ötüb.
Agentliyin məlumatına görə, mənfəət artımına Qırmızı dənizdə marşrutların dəyişdirilməsindən sonra rekord həcmdə daşımalar və yükdaşıma tariflərinin artması təsir göstərib. “Container Trades Statistics Ltd”nin məlumatına görə, qlobal konteyner daşımaları 20 fut ekvivalentində rekord 46,4 milyon vahidə çataraq 2021-ci ilin ikinci rübündə müəyyən edilmiş 46,2 milyonluq əvvəlki rekordu üstələyib.