Bolqarıstanda son 103 ildə ilk dəfə vəba xəstəliyi qeydə alınıb.
Ölkə.az qaynarinfo-ya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstə avqustun 13-dən sentyabrın 2-dək Nyu-Dehlidə olan 23 yaşlı Hindistan vətəndaşıdır.
Sofiya Regional Səhiyyə Müfəttişliyi aydınlaşdırıb ki, sentyabrın 3-də kişidə kəskin ishal simptomları yaranıb. Laboratoriya müayinəsi nəticəsində ona xəstəlik diaqnozu qoyulub, bundan sonra hindistanlı paytaxtakı Yoluxucu Xəstəliklər Xəstəxanasında izolasiya olunmuş palatada təcrid edilib.
Qurumdan verilən məlumata görə, xəstənin ümumi səhhəti yaxşıdır. Onunla birlikdə yaşayan qonşusu da karantindədir, baxmayaraq ki, onda analizlər zamanı xəstəlik aşkar etməyib.
Vəba çirklənmiş qida və ya su orqanizmə daxil olduqda Vibrio cholerae bakteriyasının yaratdığı kəskin ishal infeksiyasıdır. Bu, ciddi mədə-bağırsaq problemlərinə, susuzluğa və ölümə səbəb ola bilər.
Tarixən Hindistanda vəba geniş yayılıb, əsas infeksiya mənbəyi Qanq çayı olub. Xəstəlik 20-ci əsrin əvvəllərində bütün dünyaya yayılıb və bir neçə pandemiyaya səbəb olub.
Bolqarıstanda vəba 1920-ci illərin əvvəllərinə qədər ciddi bir problem olub, sonuncu böyük epidemiya 1914-1918-ci illər arasında baş verib. Ardınca 1921-ci ildə bir hadisə qeydə alınıb.