Bu gün Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.
"Ölkə.az" xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.
Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.
Bu gün "Formula 2"də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:35-də başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.
Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.