• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq



"Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq".

Bu barədə "Report.az"a açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb.

O qeyd edib ki, layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilib və geniş şəkildə araşdırılıb:

"Beynəlxalq təcrübə araşdırılarkən müəyyən edilib ki, ambulator dərman vasitələrinin təminatının həyata keçirilməsi bir neçə əsas aspektdən dəyərləndirilir. Ambulator dərman təminatının əhatə dairəsinin müəyyən olunmasında istifadə olunan əsas prinsiplər profilaktik və preventiv müalicənin təşkili, ağırlaşma hallarının və əhalinin səhiyyə xərclərinin azaldılmasıdır".

"Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq", - A.Vəliyev əlavə edib.

Parlament rəsmisi vurğulayıb ki, layihə əhalinin dərman vasitələri ilə təchizatının icbari tibbi sığorta çərçivəsində təmin edilməsi üçün mərhələli şəkildə keçidlə bağlı hazırlanıb.

ƏN ÇOX OXUNANLAR

0.0242018699646