- 4
ENDİRİLİR
ENDİRİLİR
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, son açıqlanan rəqəm olsa da, bu statistika tez-tez dəyişir: “Amma borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər. Onlar gələcəkdə də sosial sığorta ödənişlərinin silinəcəyini düşünər”.
PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.
Bundan başqa, Qaynarinfo.az-a iqtisadçı Xalid Kərimli ləğv olunan bələdiyyələrdə güzəştlər edilməsi təklifindən danışarkən deyib ki, əgər bələdiyyələri birləşdirəcəklərsə, məcbur olub borcu siləcəklər.
Ekspert borcun silinməsi təklifinin çoxlu suallar yaratdığını önə çəkib: "Birləşdirilən bələdiyyədə yeni bələdiyyə yaranacaq. Belə olan halda əvvəlki bələdiyyənin borcu qaytarmaq problemi yaranacaq. Bələdiyyələrin maliyyəsi, idarəetməsi yaxşı vəziyyətdə deyil. Bu cür borcların ləğvindənsə dövlətin bələdiyyələrə hansısa meyar üzrə yardımından söhbət gedə bilər. Mən onların 2022-ci ilin hesabatına baxmışdım. Bunların əsas xərci nədir? Bu borcların çoxu yaranmış vergi borclarıdır, başqa borcları yoxdur”.
Xalid Kərimli qeyd edib ki, bu struktur faktiki olaraq fəaliyyət göstərmir:
"Təəssüf ki, ölkədə bələdiyyə sistemi uğursuz olub. Çalışırlar ki, bunu da dirçətsinlər. Bunun üçün birləşdirib böyütmək istəyirlər. Birləşdirmək ideyası çox yaxşıdır, amma bələdiyyələrin borcunu silmək kimi məsələlərlə problem həll olunmur. Borcun silinməsi prosesi həm də maliyyə intizamsızlığı yarada bilər”.
Ekspert hesab edir ki, bu, borcu olmayan bələdiyyələrə qarşı haqsızlıq kimi qiymətləndirilə bilər:
"Borcun silinməsi nə bələdiyyələrin problemini həll edəcək, nə də bələdiyyələrin inkişafına gətirəcək. Bələdiyyənin inkişafı onun statusunun gücləndirilməsindən keçir. Yerli idararəetmə orqanlarının statusu aşağı salınmalı, bələdiyyənin statusu artırılmalıdır. Hökumət bu addımı atmayınca heç nə həllini tapmayacaq”.
Bundan əvvək deputat Kamran Bayramov bildirib ki, bəzi bələdiyyələrin dövlətə xeyli borcu var. Buna görə də dövlətə borcu olan və ləğv olunan bələdiyyələrə güzəştlərin olunması təklif edilir: "Borcu olan və ləğv olunan bələdiyyələrdə dotasiyaların verilməsində müəyyən güzəştlər olsa yaxşı olar. Borcların ödənilməsinin həlli üçün tədbirlər görülməlidir”.