• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Vəzifələrini yerinə yetirə bilmirlər, sayları azaldılır - Deputat



“1999-cu ildə bələdiyyələrə keçirilən seçkilərlə yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesinin ilkin mərhələsində 2755 bələdiyyə yaradılaraq fəaliyyətə başlayıb. Bu müddət ərzində bələdiyyələrin effektiv fəaliyyətini tənzimləyən çoxsaylı qanunvericilik bazası yaradılıb”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1999-cu ildən sonradan indiyədək artıq üçüncü dəfədir ki, bələdiyyələrin daha effektiv fəaliyyətini təmin etmək məqsədilə sayı azaldılır. “Bələdiyyələrin inkişafı sahəsində görülmüş tədbirlərə baxmayaraq, son illərdə ölkədə aparılmış genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasını zəruri edib. Bu məqsədlə 2009-cu və 2014-cü illərdə bələdiyyələrin yerləşdiyi yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti və digər yerli xüsusiyyətləri əsas götürülərək bələdiyyələrin birləşməsi həyata keçirilmiş, bu proseslər nəticəsində 1858 bələdiyyənin birləşməsi yolu ilə 709 yeni bələdiyyə yaradılmış, bununla da bələdiyyələrin ümumi sayı 1149 vahid (41,7 faiz) azaldılaraq 1606-ya çatdırılıb", - o qeyd edib.

Deputat əlavə edib ki, ölkədə fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti maliyyə baxımından zəifdir, bir çox hallarda dövlət büdcəsindən ayrılan dotasiyalardan çox asılıdır, bu səbəbdən də onlar üzərinə düşən vəzifələrin həyata keçirilməsində çətinliklərlə və problemlərlə üzləşirlər: “Vətəndaşların sosial sifarişlərini yerinə yetirə bilmirlər. Bu da bələdiyyələrin cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarıb. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bu ilin mart ayında Milli Məclis tərəfindən "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrdə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyələrin digər bələdiyyələrlə birləşməsi məqbul sayılmışdır.  Milli Məclisə oktyabr ayında daxil olmuş "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələrinə əsasən birləşmə nəticəsində bələdiyyələrin ümumi sayının 922 vahid (57,4 faiz) azaldılaraq 684-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə isə cari birləşmə prosesi daxil olmaqla yarandığı andan bu günə qədər bələdiyyələrin ümumi sayı 75,2 faiz azaldılıb".

Kamran Bayramov qeyd edib ki, qanun layihələrinin əhatəliliyi bu sahədə dövlət tərəfindən böyük işlərin görülməsindən, geniş təhlillərin aparılmasından, birləşmə və yeni bələdiyyələrin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün bütün məqamların nəzərə alınmasından və bələdiyyələrin inkişafının dövlətin diqqət mərkəzində olmasından xəbər verir.

"Ümumiyyətlə, bələdiyyələrin birləşməsi islahatların bir növüdür, ümumqəbulolunmuş təcrübədir, bir çox ölkələrdə geniş tətbiq olunur. Bələdiyyələrin birləşməsini zəruri edən amillər sırasında onların kiçik və maliyyə baxımından zəif olmasını, özlərini saxlaya bilməməsini, dövlətə borclarının olmasını, əhaliyə layiqli xidmət göstərə bilməməsini göstərmək olar. Və çox sevindirici haldır ki, bələdiyyələrin birləşməsi ölkəmizdə yerli özünüidarəetmə sisteminin inkişafına xidmət edəcək, yeni, daha böyük və güclü yerli özünüidarəetmə orqanlarının yaranmasına səbəb olmaqla, bu proses nəticəsində fəaliyyətlərinin səmərəsi artacaq, regional siyasətdə daha əhəmiyyətli rol oynayacaq, onların maliyyə, iqtisadi və kadr potensialı güclənəcək, əmlak və torpaq ehtiyatları, vergitutma və ödəniş tətbiq olunan obyektlərin bazası genişlənəcək, yerli əhəmiyyətli məsələlər tam şəkildə yerinə yetiriləcək, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksələcəkdir", - deputat əlavə edib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.021756887435913