Avropa İttifaqı və onun müttəfiqləri Moskvanın oliqarx agentlərinə qarşı bərabər və sərt tədbirlər görməlidir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə "Euronews" saytında dərc olunan məqalədə bildirilib.
Məqalədə söhbət erməniəslli oliqarx, Qarabağdakı separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyan və Moldovalı müxalif siyasətçi, moskvayönümlü İlan Şordan gedir.
Bildirilir ki, onların hər ikisi müxtəlif dərəcələrdə Qərb hökumətləri və onların müttəfiqləri tərəfindən tətbiq olunan məhdudiyyətlərə və sanksiyalara məruz qalır. Məqalə müəllifi qeyd edir ki, Vardanyan və Şor Moskva tərəfindən Ermənistanda və Moldovada hakimiyyətə gəlmək üçün göndərilib, belə ki, Rusiyanın Avrasiya bölgəsində təsirini qorumaq məqsədini güdürlər.
Müəllif Vardanyanın əvvəlcə Azərbaycanın suveren ərazisində bir vaxtlar qeyri-qanuni fəaliyyət göstərən separatçı rejimə "dövlət naziri" təyin edildiyini, daha sonra isə Avropayönümlü baş nazir Nikol Paşinyanı devirmək üçün baza kimi istifadə olunduğunu vurğulayır. Şor isə keçən ay Moldovada Avropa İttifaqına üzv olmaqla bağlı referendum üçün 130 min saxta səs maliyyələşdirməkdə ittiham edilir.
Məqalədə onların Kremlin agentləri olaraq Avropa ölkələrindəki siyasi sabitliyə və demokratiyanın inkişafına olan mənfi təsiri ön plana çıxarılır. Hər iki şəxs Rusiyanın geosiyasi məqsədləri uğrunda mübarizənin bir hissəsi kimi təqdim edilir, bu da onların fəaliyyəti ilə bağlı ciddi narahatlıqlar doğurur.
"Vardanyan 4,6 milyard dollar pulu yumaq üçün "Troika Laundromat" adlandırılan bir sistemdən istifadə edib. Bu sistem onun təsis etdiyi "Troika Dialog" adlı özəl bank vasitəsilə idarə olunub. Pul yuma 70 offşor şirkət vasitəsilə həyata keçirilib, bu da onun sərvətini gizlətmək və onu legitimləşdirmək məqsədini güdür", - müəllif bildirir.
Bununla yanaşı, onun Ukrayna tərəfindən sanksiyalara məruz qalması, Kiyevin Vardanyanı Kremlin bir agenti və Rusiyanin müharibə planlarının bir hissəsi kimi görülməsinə diqqət çəkilir.
Vardanyanın fəaliyyəti postsovet məkanında geniş korrupsiya şəbəkələrinin bir hissəsi kimi təqdim olunur. O, qeyri-qanuni yolla əldə etdiyi pulları başqalarına paylayaraq siyasi və iqtisadi gücünü artırıb.
Həm Vardanyan, həm də Şorun maliyyə fırıldağı öz ölkələrinin iqtisadiyyatına ziyan vurduğunu ortaya çıxarır. Məqalə müəllifi Qərb dövlətlərinin bu oliqarxlara qarşı daha sərt sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayır və buna çağırış edir:
"Qərb ölkələri Ukrayna hökumətinin ardınca bu şəxslərə qarşı sanksiyalar tətbiq etməlidir. Əgər Ukrayna Vardanyan kimi Kreml agentinin onun mövcudluğuna təhdid olduğunu düşünürsə, o zaman Qərb də belə düşünməlidir.
Vardanyan müharibə və hərbi işğal, Şor isə seçki fırıldağı vasitəsilə ümumi məqsədə xidmət eidr. Bu baxımdan Avropa İttifaqı və ABŞ Moskvanın bu oliqarx agentlərinə qarşı bərabər və sərt tədbirlər görməlidir".Report