- 6
ENDİRİLİR
ENDİRİLİR
“Azəryoltikinti” MMC-nin direktoru Azər Hüseynov dələduzluqda ittiham olunur.
Bu barədə Lent.az-a zərərçəkmiş 20 yaşlı biznesmen Elvin Q. özü məlumat verib.
O bildirib ki, Sumqayıt şəhərində tikinti materiallarının satışı ilə məşğuldur:
“Azər Hüseynov ötən il mağazamıza gələrək, təxminən 5 min manatlıq izolyasiya avadanlığı olan tol alıb. 10-15 gün “Rent-a car”dan götürdüyü “Range Rover” markalı avtomobillə obyektimizə gəlib bizimlə görüşürdü. Malları müqavilə əsasında satmışdıq. Bizdə əvvəlcə məhsul sahibinə təhvil verilir, daha sonra pulu alınır. Azər Hüseynova da məhsulumuzu təhvil verdik, amma 1 ildir ki, pulumuzu ala bilmirik.
Sonradan araşdırdım ki, bu adam dəfələrlə dələduzluq edib. İcarəyə götürdüyü avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi postda saxlayıb. Bu zaman gəlirəm deyərək, açarı da avtomobilin üzərində qoyub qaçıb. “Rent-a car”ın yiyəsi 2000 manat pulla gələrək avtomobili xilas edib.
Mənə qarşı edilən dələduzluqla bağlı Polis Şöbəsinə üz tutdum. Polisdən dedilər ki, mülki məsələ olduğu üçün məhkəməyə müraciət edim. Burada polislik iş olmadığı deyildi”.
Onu da bildirək ki, bir müddət öncədə media da "Azəryol Tikinti” MMC-də işləmiş Ağdaş və Qəbələ sakinlərinin adından şikayət məktubu yayılmışdı. Həmin şikayət məktubunda bildirilirdi ki, "Azəryol Tikinti” MMC-nin rəhbərliyi onları 4 ay qul kimi işlədib, amma əmək haqqlarını vermək istəməyib.
12 nəfərin imzası ilə göndərilən həmin məktubda qeyd olunurdu ki, sözügedən şirkətin rəhbərliyi fəhlə, gözətçi kimi işlərdə çalışan həmin şəxsləri aldadaraq, 4 ay müddətində onlara bir qəpik də maaş ödəməyib: "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən "Azəryol Tikinti” MMC-də fəhlə, mühafizəçi və digər vəzifələrdə işləmişik. Şirkətin rəhbəri Azər Həsən oğlu Hüseynov 4 ay bizi qul kimi işlədib əmək haqqımızı vermədi, bizi aldadıb aradan çıxdı. Hətta Azər Hüseynov bizə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə mən də sizə pul vermirəm. Biz də indi çıxılmaz vəziyyətdə qalmşıq.”
Şikayətçilər A.Hüseynovun hakimiyyətdə yüksək post tutan güclü himayədarının olduğunu iddia edirlər və bildirirlər ki, məhz bu səbəbdən onların problemi həll olunmur, halal əməkhaqlarının ödənilməsi təmin edilmir: "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin aparılmasına görə keçirilən tenderi "Azəryol Tikinti” MMC-nin udması heç də təsadüfi deyil. Görünən odur ki, bu MMC-nin rəhbəri Azər Hüseynovun güclü himayədarı var. Ona görə də bu tenderi udub və fəhlələri qul kimi işlədib əmək haqlarını mənimsəyir, vermir”.
Fəhlələr həmin vaxt bildirirlər ki, faktla bağlı Qəbələ və Ağdaş prokurorluqlarına şikayətlə müraciət etsələr də, işə baxan yoxdur: "Biz Azər Hüseynovun əməlləri barədə Qəbələ və Ağdaş rayon prokurorluqlarına şikayət ərizələri ilə müraciət etsək də, heç bir nəticəsi yoxdur.”
Sonda ölkə rəhbərliyinə müraciət edən fəhlələr adi vətəndaş hüquqlarının təmin edilməsini və halal əməkhaqlarının ödənilməsini xahiş edirlər: "Biz, aldadılmış insanlar mətbuat vasitəsi ilə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirik ki, bizi işlədib əmək haqqımızı mənimsəyən "Azəryol Tikinti” MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynovun barəsidnə qanuni tədbirlər görülsün.”
Qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.