- 9
ENDİRİLİR
ENDİRİLİR
“Jurnalist Mahmud Tağıyevlə münasibətdə xoş məram göstərəcəyinizə, barəsində əfv məsələsinə baxacağınıza da tam ümidliyik!”
Bir qrup jurnalist tərəfindən Prezidentə ünvanlanan şikayət və xahiş xarakterli Müraciət bu barədədir
Məhkəmə hökmü ilə, uzunmüddətli həbs cəzasına məhkum olunan həmkarları Mahmud Rasim oğlu Tağıyevin əfv edilərək, həbsdən azadlığa buraxılması üçün, bir qrup jurnalist tərəfindən ölkə başçısına Müraciət ünvanlanıb.
Xatırladırıq ki, vaxtilə, ictimaiyyət arasında nüfuz qazanan qafqaznews.az xəbər saytının və bunun kimi bir-neçə media vasitəsinin rəhbəri olarkən, Mahmud Rasimoğlu imzasıyla yaxşı tanınan, buna baxmayaraq, təqsirləndirilərək, 12 il müddətə azadlıqdan məhrum edilən bu həmkarımızın həbsində qaranlıq məqamlar çox oldu. Elə, bunlara görədir ki, jurnalist qrupunun, əsasən, xahiş xarakterli olmalı bu Müraciətinə, şikayət xarakterli çalarlar da qatılıb.
Jurnalistlərin həmkarımızın azadlığa çıxmasına dəstək olan, bu barədə imzalayaraq, ölkə başçısına göndərdikləri həmin Müraciətini, araz.az xəbər portalı, olduğu kimi nəzərə çatdırır:
“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
SURƏTİ:
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına
SÜRƏTİ:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə iş şöbəsinin əfv məsələləri sektoruna
Kütləvi-iňformasiya vasitələri rəhbərləri və jurnalistlər tərəfindən
MÜRACİƏT
Möhtərəm Prezident!
Əsas mətləbə keçməzdən öncə, təmsilçisi olduğumuz mətbu orqanların kollektivləri adından və şəxsən öz adımızdan, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu möhkəm təməllər üzərində qurulan dövlətimizi daha güclü etmək üçün, Ulu Öndərin ən layiqli varisi olaraq, bu yolda onun müəyyən etdiyi siyasi kursun dövlət rəhbəri postunda uğurlu davamçısı kimi, ölkəmizə bütün sahələrdə qazandırdığınız möhtəşəm nailiyyətlərdən şərəf və qürur duyuruq.
Digər sahələr kimi, Sizin ciddi göstərişinizlə yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatının özünün sürətli inkişaf dövrünü yaşaması da, bizi olduqca fərəhləndirir. Danılmaz bir həqiqətdir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin hazırkı inkişafını şərtləndirən əsas amillər, ümumiyyətlə, həm operativlik, həm də milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirdiyinizə görədir. Məhz bu amillər Azərbaycan mətbuatının inkişafına fundamental töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir.
Belə bir çətin dövrdə, qoşulduğumuz bu mötəbər işi həyata keçirmək nə qədər çətin olsa da, Sizin olduqca vacib rəhbər göstərişləriniz hesabına, ölkəmizdə KİV-lərin inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları getdikcə daha da gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur. Bu sahəyə dövlət səviyyəsində yüksək diqqətin ayrılmasına, eləcə də media nümayəndələrinin sərbəst fəaliyyəti üçün, söz, fikir və özünüifadə azadlığının konstitusion əsasda təsbit edilməsinə, ən əsası, bu istiqamətli hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcudluğuna, hər bir yazılı və elektron KİV-in özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilməsinə, Azərbaycan mətbuatının inkişafını təmin edən hüquqi baza və real zəmin formalaşdırılmasına görə, Sizə, öz dərin minnətdarlığımızı da çatdırırıq!
Möhtərəm Prezident!
Çox təəssüflər ki, hələ də ölkəmizdə media, mətbuat, kütləvi informasiya vasitəsi, jurnalist… sözlərinin mənasını dərindən anlamayan, bu sahəyə yüksək dövlət qayğısının mahiyyətini başa düşməyən yüksək çinli elə vəzifə sahibləri var ki, media vasitələrinin üzərinə getməkdən, rəhbər və əməkdaşlarını incitməkdən, həbslərində maraqlı olmaqdan çəkinmir, hətta bütün iyrənc metod, vasitə və üsullardan istifadə etməklə, istintaq prosesləri zamanı kobud prosessual pozuntulara yol verilməsində, təqsirləndirilən şəxsin müdafiə və digər hüquqlarının kobud şəkildə pozulmasında, prosesi gedən işlərə saxta sübutlar qoyulmasında, qələm sahiblərinin lehinə olan sübutların isə, qanunsuz olaraq, bu işlərə daxil edilməsinə imkan verməməkdə maraqlı olduqlarını açıq-aşkar ortaya qoyurlar. Heç şübhəsiz, bu səbəblər ortadakı əsaslar olduğundan, açılmış belə cinayət işlərinin qondarma olması da, sonda, açıq-aydın şübhə doğurmadan özünü göstərir. Elə, ictimaiyyət arasında nüfuz qazanmış bir-neçə mətbu orqanın rəhbəri olan, Mahmud Rasimoğlu imzası ilə tanınan Mahmud Rasim oğlu Tağıyevin qanunsuz həbsi də, belə xoşagəlməz səbəblər üzündən mümkün olub.
Qiymətli vaxtınızı almamaq üçün, bu qurama işdəki əsas nüansları diqqətinizə çatdırmaq istəyir, qeyd edirik ki, Mahmud Rasimoğlu imzası ilə mətbuatda çıxış edən Mahmud Tağıyev, vaxtilə, ölkənin müxtəlif yerlərində məmur özbaşınalığından əziyyət çəkən sadə vətəndaşların sosial problemlərini işıqlandırıb, bu fəaliyyəti ilə də, tədricən Sizin etimadınızı doğrultmayan və jurnalistləri “susdurmağa” vərdişli olan bir sıra yüksək çinli məmurların hədəfinə çevrilib.
Onların bəd əməlləri barədə həqiqət və reallıqları yazdığına görə, onunla münaqişə aparan, ona uzunmüddətli türmə həyatı yaşatmaq istəyən belə vəzifə sahibləri, nə yolla olursa-olsun, ondan qisas almaq üçün, hətta ən biabırçı üsullardan istifadə etməkdən belə çəkinməyiblər. Dəhşət ondadır ki, onlar, bu media rəhbərinə qarşı qaldırılan cinayət işindəki ittiham faktlarının şər və böhtan olduğu açıq-aydın görünsə də, saxta və qondarma ittihama “həqiqət donu geydirtdirə” biliblər.
Elə, dediyimiz bu biabırçılıqların acı nəticəsidir ki, jurnalist həmkarımızın qələminə tuş gələn və hər yerdə sözləri keçən bəd əməl sahibi yüksək vəzifəlilər, öz istəklərinə uyğun olaraq, ona uzunmüddətli həbs verdirməyə nail olublar. Mahmud Rasimoğlunun özü də, istintaq proseslərinin gedişi zamanı, dəfələrlə, həbsinin sifarişli olduğunu israrla bildirib. Qəti olaraq deyib ki, ona qarşı bu qurama iş əvvəlcədən hazırlanıb. Ən diqqətəçəkən və dəhşət doğuran məqamlardan biri odur ki, məhkəmədə prokuror Mahmud Tağıyevə 12 il həbs cəzası verilməsini istəyib, hakim də, “ağına-bozuna baxmadan”, onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Hakimin jurnalistə ən yüksək cəza verilməsi haqda qərar çıxarması da, bu işin qərəzli və sifarişli olmasına daha bir əsas verir.
Möhtərəm Prezident!
Bir daha qeyd edirik ki, istintaq zamanı kobud prosessual pozuntulara yol verildiyi, təqsirləndirilən şəxsin müdafiə və digər hüquqlarının kobud şəkildə pozulduğu, işə saxta sübutlar qoyulduğu, onun lehinə olan sübutların isə, qanunsuz olaraq, cinayət işinə daxil edilmədiyi şübhəsizdir. Bu səbəblər əsas olduğundan, cinayət işinin qondarma olduğu da şübhə doğurmur. Beləcə, onun ailəsi gözləri yaşlı qalıb. İş materialları ilə, onun həmkarı kimi tanışlığımız da iddia etməyə imkan verir ki, Mahmud Tağıyevin barəsində cinayət təqibi, onun müdafiə hüququnun kobud pozuntuları ilə həyata keçirilib, ittiham tamamilə saxtalaşdırılıb, məhkəməyədək icraat gedişində sübutların çoxsaylı falsifikasiyası, sənədlərin saxtalaşdırılması baş verib, istintaq və prosessual hərəkətlər açıq-aşkar pozuntularla aparılıb. Bundan əlavə, Mahmud Tağıyev tərəfindən təqdim olunan sənədlər də, iş materiallarına əlavə olunmayıb, yol verilən falsifikasiyalar barədə şikayətlərinin yoxlanilması isə, yeni falsifikasiyalarla icra edilib. Beləcə, Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrinin tələbləri qəsdən kobud şəkildə pozulub.
Həbsi gizli saxlanıldığı üçün, bizim və digər jurnalist həmkarlarımızın da, onun tutulmasından uzun zaman xəbərimiz olmayıb. Haqqında çıxarılan üzücü bir hökmdən xəbəri eşidəndən sonra isə, bu acı xəbərin yaratdığı gərginlik çərçivəsində nə edəcəyimizi bilməmişik. Çünki ona 12 il həbs cəzası verilməsi xəbərini eşitməyimiz, bizi olduqca dilxor və məyus edib.
Möhtərəm Prezident!
Beləcə, nüfuzlu bir media qurumunu, elə, barəsində açılan belə bir saxta və qurama cinayət işində göstərilənlər əsasında, — məhkəmə prosesində açıq-aydın öz təsdiqini tapmasa da, — onun rəhbərinə verilən ən yüksək cəza münaqişə qurbanına çevirib. Biz isə, bacarığı ilə tanınan bir həmkarlarımızın heç nədən “dəmir barmaqlıqlar” arxasında ömür sürməsini heç cür qəbul edə bilmirik. Düşünürük ki, Mahmud Rasimoğlunun 2018-ci ildə, qabaqcadan şər və böhtanlar əsasında hazırlanaraq baş tutan həbsi, bununla yanaşı ona həddən çox şişirdilmiş yalançı ittihamlarla 12 il həbs cəzası verilməsi müstəqil mətbuatımıza qarşı “gözdağı” xarakteri daşıyan bir qərardır. Doğrudan da, bu qurama işin məhkəmə prosesində dəhşətli dərəcədə ədalətsiz hökm oxunması, bizim üçün, olduqca üzücü bir məlumat oldu. Çünki həmkarımız Mahmud Rasimoğlunu yaxından tanıdığımız üçün, cəsarətli mətbu orqanların rəhbəri olaraq, ona xüsusi hörmət və rəğbətimiz olub həmişə. Onda onun rəhbəri olduğu mətbuat orqanlar dərc etdikləri kəskin və maraqlı məqalələriylə çoxsaylı oxucuların rəğbətini qazana, elə, bunlara görə, Baş redaktor da, özünü, dəyərli jurnalist kimi tanıda bilmişdi.
Möhtərəm Prezident!
Müraciətimizin sonunda xüsusi olaraq onu vurğulamaq istəyirik ki, Mahmud Tağıyevlə bağlı mövqeyimizi indi də dəyişməmişik. Hesab edirik ki, o, günahsız olub-olmamasından asılı olmayaraq, artıq yetərincə məhbusluq yaşayıb. Mahmud Tağıyevin övladlarının illərdir ata qayğısından məhrum şəkildə böyüməsi, bu ailəyə həm maddi, həm də mənəvi cəhətdən zərbələr vurub. Elə, buna görə də, biz istəyir və Sizdən xahiş edirik ki, öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycan dövlətinin qurucusu – Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu və onun sadiq davamçısı olaraq, Sizin rəhbər kürsüsündə yürütdüyünüz kursu dəstəkləyən 1977-ci il təvəllüdlü, ali təhsilli, əvvəllər məhkum olunmayan, cinayət məsuliyyətinə və digər məsuliyyət növlərinə cəlb edilməyən, adam öldürməyən, ağır cinayət törətməyən, cəzasını çəkdiyi müəssisədə belə hansısa problem yaradıb, münaqişəyə girməyən, ən əsası, cəmiyyətə zərər verməyən, artıq, bu həbsinin 5-ci ilinə keçən Mahmud Tağıyevin adını da, azadlığına qovuşması üçün, Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan əfv və amnistiya siyahısına salasınız. Göstərdiyimiz bu və digər səbəblərdən dolayı, biz mətbuat nümayəndələri də o fikirdəyik ki, Mahmud Tağıyevin əfv olunması dövlətimizin qələm adamlarına, müstəqil jurnalistlərə humanist münasibətinin bir nümunəsi ola bilər. Bütün vicdanlı həmkarlarımızın da, bu istəyimizdə bizə dəstəkçi olacaqlarına ümid edir və tam olaraq inanırıq. Çünki haqsız yerə həbs edilən həmkarımıza hərtərəfli kömək göstərməyi, bizim kimi, bütün jurnalistlər də, özlərinə mənəvi borc bilirlər.
Sizin haqq-ədalət tərəfdarı olduğunuza inandığımız üçün, jurnalist Mahmud Rasim oğlu Tağıyevlə münasibətdə xoş məram göstərəcəyinizə və onun barəsində əfv məsələsinə baxacağınıza tam ümidliyik. İstəyimizi yerinə yetirməyiniz, Sizin, növbəti humanist addımınız olardı. Diqqət və köməyinizə görə, Sizə, qabaqcadan minnətdarlığımızı da çatdırırıq! (araz.az)