• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Danışanın başına oyun açırlar, hüquq-mühafizə orqanları hərəkətə keçməlidir”



Xətai rayonu, 3 saylı uşaq evində yeniyetmələrdən birinin müəssisədə onlara quru çörək verildiyini, ərzağın mənimsənildiyini, ətin sümüyünü bişirib, özünü apardıqlarını deməsi geniş müzakirələrə səbəb oldu.

Təssüf ki, bundan əvvəl də dəfələrlə mətbuatda uşaq evlərindən ərzaq və uşaqlar üçün olan geyim və s.-in daşınması barədə xəbərlərə rast gəlmişik.
Buna misal olaraq ötən ilin 10 dekabrında Nəsimi rayonunda uşaq evlərindən birində işləyən qadının məişət əşyalarını və 780 manatlıq iki xalça oğurlamasını göstərmək olar.
Bu ilin yanvarında uşaq evində böyüyən müğənni Hiss açıqlamalarından birində ərzağın müəllimlərinin yeməyi öz uşaqlarına apardığını deməsi gündəm olmuşdu.

Bu da problemin yeni olmadığını və hələ də həllini tapmadığını bir daha ortaya qoyur.

Mövzu ilə bağlı Baki.Media -a danışan sosial məsələlər üzrə ekspert Elçin Bayramlının sözlərinə görə, bunun əsas səbəbi bu müəssisələrə giriş imkanlarının olmaması ilə bağlıdır:

“Ən böyük yeyinti, dağıntı, özbaşınalıq həmişə uşaq evində olur. Çünki bu uşaqların ətrafa çıxış imkanları yoxdur. Bir növ qapalı müsəssisələrdir. Burada jurnalistlərin, ictimaiyyət nümayəndələrinin girişi də elə asan deyil. Ona görə də rahatca həmin müəssisələrə ayrılan ərzağı, ləvazimatları, digər məhsulları mənimsəyirlər.
Müvafiq dövlət orqanları bu cür müəssisələrdə tez-tez yoxlama aparmalıdır. Elə şeylər var ki, qəfil yoxlama olsa, onu gizlətmək mümkün deyil”.

Ekspert danışan uşaqların sonradan cəzalandırılmasının nöqsanların aşkara çıxarılmasına mane olduğunu söyləyib:
“Uşaqların çoxu danışmağa qorxur, danışanı da “dəli” adı ilə psixiatriya xəstəxanasına yerləşdirirlər. Həmin uşaqlara gizlilik təminatı verməklə onları danışdırmaq olar”. 
E.Bayramlı uşaq evlərində psixoloji və fiziki şiddətlə yanaşı, cinsi zorakılıq halları olduğunu da iddia edib:
“Bəzi uşaq evlərində faciəvi hallar olur. Qız uşaqlarının başına nə oyunlar açılır. Bu barədə sosial şəbəkələrdə məlumatlara rast gəlirik”.

Ekspert problemlərə ictimai reaksiyanın da zəif olduğunu söyləyib:

“Bu cür hallarda problem bir-iki gün yayılır, lakin sonrakı taleyi ilə heç kim maraqlanmır. Təəsüf ki, sonuncu hadisədə ictimai reaksiya olmadı, yeniyetmə psixiatriya xəstəxanasına yerləşdirildi. Bu artıq digərlərinə dərsdir. Oradakı uşaqlar qorxusundan heç nə danışmayacaq. Nadir halda bir uşaq nəsə deyəcək, onun da başına oyun açacaqlar.
Belə hallar aşkara çıxanda həm uşaqların, həm də məktəbdəki vəziyyətin dəyişib-dəyişməməsi araşdırılmalıdır.
Direktoru “anbarımız doludur” deməsilə deyil. Gəlin görək, qəfil baxmağa gedən olsa, imkan verəcəklərmi?
Uşaq evlərində menyunu, uşaqlara bişirlən yeməyi, onun tərkibini, onlara aylıq ayrılan paltar, ləvazimat və s.-in hamısını yoxlamaq lazımdır. Baxmaq lazımdır ki, uşağın yatacaq ləvazimatları nə qədər müddətdən dəyişilir, yuyulur. Minlərlə belə xərclər var ki, onu mənimsəyirlər. 
Başqa vaxt qrant davası gələndə uşaq hüquqları təşkilatlarının səs-küyündən durmaq olmur. Amma belə hallarda səsləri çıxmır”, - deyə o əlavə edib.

Millət vəkili Elman Nəsirov da Baki.Media -a açıqlamasında uşaq evlərindəki mənimsəmə faktlarını “biabırçılıq” adlandırıb:

“Elə addımlar var ki, haradasa haqq qazandırmaq mümkün olur. Amma elə addımlar da var ki, təkcə ictimai qınaq obyetki olmaqla yanaşı, həm də sözün həqiqi mənasında layiq olduqları cəzanı almalıdır.

Bu cür şəxslər hüquqi müstəvidə cəzasını almayanda müvafiq yoxlamalar aparılmayanda digər uşaq evlərində də bir arxayınlıq sindromu yarana bilər. Onlar düşünə bilər ki, filan yerdə qeydə alındı, nə baş verdi ki?!
Bu məsələlərlə bağlı bizim müvafiq hüquq mühafizə orqanları hərəkətə keçməli, yoxlamalar aparmalı və faktlar təsdiqini tapacağı təqdirdə həmin şəxslər cəzalanmalıdır. Bu, həm də geniş ictimaiyyətə çatdırılmalıdır ki, oxşar yol seçmək niyyətində olan tərəflər də nəticə çıxarsınlar”.

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.092858791351318