• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda "evdar kişilər"in sayı 100 min nəfər artıb



Əmək bazarına dair statistikada "iqtisadi qeyri-fəal əhali" anlayışından istifadə edilir. Bu kateqoriyaya təhsilini artıranlar, yaşa və əlilliyə görə pensiya alanlar, mülkiyyətdən gəlir götürənlər və "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" daxildir.

Metodologiyaya görə, belə şəxslər əməkqabiliyyətli yaşda olsalar da, işsiz sayılmırlar.

İqtisadi qeyri-fəal əhali qrupunda "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" – evdar qadınlar sayca daha çox yer tuturlar. Söhbət 651 min belə qadından gedir.

Maraqlısı odur ki, Dövlət Statistika Komitəsi əmək bazarına dair sonuncu hesabatında (2019-cu ildəki siyahıyaalmanın nəticələri əsasında) bəzi dəyişikliklər edib.

Məsələn, 2021-ci ildə açıqlanmışdı ki, "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" arasında kişilərin sayı 33 min nəfərdir. Ötən ilə aid göstəricilərdə eyni qrupa daxil olanların sayı 131 min nəfərə yüksəlib. Deməli, siyahıyaalma üzə çıxarıb ki, əslində ölkədə ev işləri görən, uşaqlara və digər ailə üzvlərinə qulluq edən kişi sayı 100 min nəfərə yaxın daha çoxdur.

Müstəqil ekspertlərin fikrincə, iqtisadi qeyri-fəal əhali ilə bağlı mövcud metodologiya hökumətə işsizliyin real səviyyəsini daha aşağı göstərməyə imkan verir. Axı sözügedən kateqoriyaya daxil olanların bir bölümü əslində öz istəyi ilə deyil, iş tapa bilmədiyindən evdə qalmağa məcburdur. Ancaq hökumət həmin şəxsləri işsiz saymır. Azərbaycanda 2 milyon 437 min nəfər iqtisadi qeyri-fəal əhali var. Onların 63 faizi qadın, 37 faizi kişidir və 13 faizi ali, 10 faizə yaxını isə orta ixtisas və ya peşə təhsillidir.

DSK-nın sözügedən hesabatından aydın olur ki, əmək bazarındakı qadın və kişilər arasında ciddi fərqlər var. Ötən ilin sonuna ölkədə muzdla çalışan kişilərin orta aylıq əməkhaqqı 968 manat olub. Eyni dövrdə qadınların orta aylıq maaşı 649 manatdır. Deməli, muzdla çalışan qadın və kişilərin maaşları arasında 50 faizə yaxın fərq var.

İşsizlik baxımından da ölkədəki qadınların göstəriciləri daha pisdir. Bu ilin əvvəlinə ölkədə 293 min nəfər işsiz sayılıb. Onların 164 min nəfəri - 56 faizi qadındır. Kişilər arasında işsizlik 4.8 faiz olduğu halda, qadınlar arasında eyni göstərici 6.5 faizdir. Başqa deyimlə, işsiz qadınların sayı çalışmayan kişilərdən 35 faiz çoxdur.

İşsizliyi yaş qrupları üzrə gözdən keçirəndə aydın olur ki, gənc qadınlar arasında işsizlik daha yüksəkdir. Rəsmi rəqəmlərə görə, Azərbaycanda 25 yaşadək qadınlar arasında işsizlik göstəricisi 15 faizi ötür. Bu, ölkə ortalamasından təxminən 2.5 dəfə yüksək işsizlik deməkdir. Toplamda işsiz sayılan qadınların yarıya yaxını 29 yaşadək olanlardır.

Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədə rəsmi əmək müqaviləsi ilə çalışan 1 milyon 738 min işçi var. Onların 692 min nəfəri - 40 faizə yaxını qadın, 1 milyondan çox bölümü kişidir. Azərbaycanda qadın işçi qüvvəsinin 2 milyon 509 min nəfər olduğu hesaba qatılsa, bilinəcək ki, həmin qadınların cəmi 27 faizi - təxminən dördündən biri əmək müqaviləsi ilə işləyərək bəlli sosial haqlara sahibdir. Müqayisə üçün: Kişilər arasında eyni göstərici 40 faiz civarındadır.

Əmək bazarı ilə bağlı göstəricilərdən o da aydın olur ki, qadınların önəmli bölümü yalnız iki fəaliyyət sahəsində çalışır. Ölkədə muzdla çalışan 692 min qadının 254 min nəfəri (37 faizi) təhsil və səhiyyə sektorundadır.

Mənbə Azadlıq radiosu

ƏN ÇOX OXUNANLAR

0.10959911346436