• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İynəli çətirlə öldürülən dissident – Rəhbərə doğum günü hədiyyəsi olan siyasi qətl



Siyasi rəqiblərin zəhərlə sıradan çıxarılması ənənəsi lap qədimlərdən mövcud olsa da, sovet-kommunist rejimləri 20-ci əsrdə bu “sənət”in zirvəsini fəth ediblər. Bu “mübarizə üsulu” günümüzə qədər gəlib çıxıb.

Ötən əsrdə isə bu xüsusda qalmaqallı qətllər baş verib. Rusiyanın kəşfiyyat xidmətinin zabiti Aleksandr Litvinenkonun radioaktiv zəhərlə məhv edilməsinə “ev sahibliyi” edən London 1978-ci ildə də bolqar dissident Georgi Markovun son mənzili olub.

Georgi Markov istedadlı yazıçı, publisist, dissident olub. O, bolqar hərbçilərinin 1956-cı ildə sovet qoşunlarıyla birlikdə Macarıstana, 1968-ci ildə isə Çexoslovakiyaya yeridilməsinə etiraz edib. 1969-cu ildə İngiltərəyə gedən yazıçı vaxtı çatanda geri qayıtmayıb və ölkəsində “satqın” statusu qazanıb. Onu yazıçılar ittifaqından çıxarıblar, kitabların yığışdırıblar, pyeslərini teatrların repertuarından götürüblər, mətbuatda adının çəkilməsini yasaqlayıblar və s.

markqer.JPG (40 KB)

Markov da dinc durmayıb, Londonda BBC-nin Bolqarıstan xidmətində işləyərkən ölkəsinə dair oçerklər hazırlayıb, 1954-cü ildən bolqar dövlətinə rəhbərlik edən Todor Jivkovun əleyhinə tutarlı və tikanlı materiallar qələmə alıb.

1978-ci ilin sentyabr ayının 7-də Vaterloo körpüsündən keçərkən naməlum bir şəxs dissident yazıçıya çətirlə təmas edib. İnyeksiya o qədər zəif olub ki, Markov buna əhəmiyyət verməyib, “ehtiyatsızlıq edən” naməlum şəxs üzr istəyərək aralanıb. Yazıçı evə gələndən sonra özünü pis hiss edib, qızdırması qalxıb, öyümə-qusma halı yaşayıb və xəstəxanaya yerləşdirilib. Markov başına gələn “çətir olayı”nı yaxınlarına danışıb. Ancaq xəstəxanada iynənin izini - buddakı mikroskopik yaranı dərhal aşkar edə bilməyiblər. Dörd gün sonra 49 yaşlı yazıçı-jurnalist vəfat edib. Cəsədin yarılması nəticəsində ölümün səbəbinin xırda güllə ilə bədənə daxil olan çox zəhərli risin maddəsi olduğu müəyyən edilib. Britaniya təhqiqatçıları cinayət işi açıb və araşdırmaya başlayıblar.

Əvvəldən şübhə kommunist Bolqarıstanın təhlükəsizlik xidmətinin üzərinə düşüb. Təbii ki, qarşı tərəf dissidentin ölümünə görə məsuliyyət daşımadığını bildirib, versiyanı qətiyyətlə təkzib edib. Bolqarıstanda Markovun ölümünü alkoqolizmlə bağlayıblar. Ancaq sonradan bu qətlə dair detallar açıldıqca açılıb və gerçək mənzərə ortaya çıxıb.

jivv.jpg (34 KB)

Məlum olub ki, Markovun qətlindən sonra Bolqarıstan təhlükəsizlik xidmətinin arxivində Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Todor Jivkovun (1911-1998) imzası ilə Bolqarıstan təhlükəsizlik xidmətinin 14 əməkdaşı və bir SSRİ vətəndaşı olan DTK zabitinin şəxsən təltif edildiyinə dair sənədlər aşkar edilib. Bunlar Markovun qətlinin icraçıları olub.

O da aşkara çıxıb ki, bu qətldə sovet kəşfiyyatçılarının və “sovet zəhəri”nin rolu olub. Əməliyyatı general Oleq Kaluginin rəhbərlik etdiyi şöbə aparıb. Sonradan ABŞ kəşfiyyatına satılan Kalugin bu mövzuda bir neçə dəfə ifadə verib. Sonuncu dəfə o, Dmitri Qordona verdiyi müsahibədə bu siyasi qətldən xəbərsiz olduğunu deyib və əlavə edib ki, Andropov da siyasi qətlə qarşı olub. Ancaq bundan əvvəl, 1993-cü ilin oktyabrında Londonda “Panorama” televiziya proqramında iştirak etmək üçün ora uçarkən həbs olunub. Markovun qətli ilə bağlı istintaqa rəhbərlik edən Kristofer Bird iki gün ərzində onu dindirib. Kalugin Markovun aradan götürülməsi üçün bolqar və sovet DTK-sının nə cür əməkdaşlıq etdiyinə dair bildiklərinin hamısını danışıb.

kaluhg.jpg (127 KB)

Aydın olub ki, Bolqarıstanın o vaxtkı daxili işlər naziri general Stoyanov 1978-ci ilin əvvəlində DTK sədrinin müavini olan Vladimir Kryuçkova müraciət edib və Todor Jivkovun Londonda dissident Georgi Markovu məhv etmək barədə şəxsi göstərişini yerinə yetirmək üçün kömək istəyib. Kryuçkov şefinə - Andropova üz tutub, o da Kalugini bu əməliyyata rəhbər təyin edib. Oleq Kaluqin əməliyyata birbaşa rəhbərlik etmədiyini iddia edərək bildirir ki, bu işi köməkçisi, polkovnik (sonradan general olan) Sergey Qolubevə həvalə edib. Qolubev əməliyyat məqsədilə bilavasitə DTK-nın əməliyyat-texniki şöbəsinə tabe olan və məxfi silahların istehsal edildiyi 12 saylı laboratoriyaya ərizə yazıb. Onlar bir neçə variant təklif etiblər, deyiblər ki, 70-ci illərin əvvəllərində dissident yazıçı Aleksandr Soljenitsına qarşı istifadə edilən variantı seçmək olar. Bu, dəri altına yeridilən zəhərli gelin ürək çatışmazlığına və ölümə səbəb olmasını nəzərdə tutur. Ancaq nəzərə alınıb ki. həmin qəsddən sonra Soljenitsın ağır şəkildə xəstələnsə də, sağ qalıb. Ona görə də Markovu zəhərli inyeksiya ilə öldürmək variantı seçilib. DTK-nın Vaşinqtondakı stansiysı bir neçə uyğun çətir alıb, diplomatik poçtla Moskvaya göndərib. Qolubevin şəxsən Bolqarıstana apardığı çətir əsasında silah yaradılıb.

Bolqarıstanda iynəli çətiri sınaqdan keçiriblər: əvvəlcə onunla atı vurublar, at ölüb. Sonra isə ölümə məhkum edilmiş bir dustağı iynəli çətirlə edam etmək istəyiblər, məhkum ölməyib. Bundan sonra Qolubev Moskvaya qayıdıb və silahı təkmiləşdiriblər. Markovun məhv edilməsi əməliyyatından on gün əvvəl bu silah Parisdə başqa bir bolqar dissident, Bolqarıstan təhlükəsizlik xidmətinin Fransada yaşayan keçmiş polkovniki Vladimir Kostov üzərində sınaqdan keçirilib. Kostov yaralanıb, amma bəxti gətirib, ölməyib. 1978-ci il sentyabrın 7-də Londonda keçirilən əməliyyatda isə Markovun bəxti gətirməyib. Onun ölümü həmin gün doğum günü olan Todor Jivkova hədiyyə edilib.

Əvvəlcə ingilis həkimləri nəyin səhv olduğunu başa düşə bilməyiblər. Cəsəd yarıldıqdan sonra yazıçının ölümünə risin maddəsinin səbəb olduğu aydınlaşıb. Bu, yalnız amerikalıların köməyi ilə mümkün olub. Sağ qalan Vladimir Kostov da buna kömək edib.

Hazırda Markovun qətli ilə Litvinenkonun qətlinin motivləri arasında oxşarlıq tapanlar var. Bildirilir ki, Litvinenko Putini pedofil olmaqda ittiham etdiyi kimi, Markov da Jivkovu çox təhqir edirmiş. Ona görə də o, qəzəblənib və bu adamdan birdəfəlik yaxa qurtarmağı əmr edib.

Markovun qətlindən hələ iki il əvvəl Bolqarıstanda onun hakimiyyətin boğazında qalan sümük olduğu deyilirmiş.

Bəs zəhərli iynəsi olan çətiri Markova kim toxundurub?

skottt.jpg (14 KB)

1993-cü ildə Skotland Yard Bolqarıstanın təhlükəsizlik xidməti ilə təmasda olub - o vaxt artıq Bolqarıstanda hakimiyyət dəyişmiş, Jivkov vəzifələrindən getmişdi və bolqarlar ingilislərlə fəal əməkdaşlıq edirdilər. Bolqarlar bildiriblər ki, qətli Françesko Qullino adlı bir italyan icra edib. Ona bir neçə pasport verilib və sentyabrın 7-də Markovun qətlindən dərhal sonra iki min (indiki məzənnə ilə 20 min) funt sterlinq ödəniş edilib. İngilis müstəntiqlər Kopenhagendə yaşayan Qullino ilə görüşüb, onu dindiriblər. Lakin danimarkalılar onu ekstradisiya etmək və ona qarşı iddialar irəli sürmək üçün heç bir əsası olmadığını bildiriblər. Dindirilmə zamanı Qullino Bolqarıstanın təhlükəsizlik xidmətində işlədiyini, 7 sentyabrda Londonda olduğunu etiraf edib. Ancaq o, yenə də azadlıqda qalıb, son vaxtlara qədər də Kopenhagendə yaşayıb.

Beləliklə, dissident yazıçının qətlinə görə heç kəs cəza almayıb – iştirakçıların hamısı orden-medal və pul mükafatları alıblar. Todor Jivkovun vikipediya məlumatlarında isə Markovun qətlində əli olmadığı bildirilir.

ƏN ÇOX OXUNANLAR

0.024545907974243