Hindistanla İslandiya, Lixtenşteyn, Norveç, İsveçrənin daxil olduğu Avropa Azad Ticarət Assosiasiyası arasında iqtisadi və ticarət tərəfdaşlığı sazişi imzalanıb.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, mərasim Nyu-Dehlidə baş tutub.
"Bu əlamətdar hadisədir. Avropa Azad Ticarət Assosiasiyası ilə ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması demək olar, 15 illik gərgin işin, böyük enerjinin və səyin kulminasiya nöqtəsidir", - Hindistanın ticarət və sənaye, istehlakçı işləri, qida və dövlət bölgüsü naziri Piyuş Qoyal bildirib.
Nazir əmin edib ki, Hindistan iştirakçı ölkələrə hər cür dəstəyi verəcək, sənaye və biznesə təkcə öz məqsədlərinə çatmaqda deyil, həm də onlardan kənara çıxmaqda köməklik göstərəcək. “Qoy bu saziş ölkələrimizin tərəqqi yolunda yeni fəslin başlanğıcı olsun”, - o əlavə edib.
Saziş ticarət və investisiya axınının artırılması, iş yerlərinin yaradılması və iqtisadi inkişafın məqsədi daşıyır. Sazişin növbəti 15 il ərzində Avropa Azad Ticarət Assosiasiyasının dörd ölkəsindən Hindistana 100 milyard dollarlıq sərmayə axınına səbəb olacağı gözlənilir.