Fransada törətdiyi silsilə qətllərə görə 35 il axtarışda olan şəxsin televiziyada yarışma verilişinə qatıldığı üzə çıxıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 1980-1990-cı illər arasında uşaqlar da daxil olmaqla 9 nəfəri qətlə yetirməkdə, 30 təcavüz/zorlama hadisəsində ittiham olunan François Verove "France 2"də yayımlanan yarışmada iştirak edib.
Qatilin 2019-cu ildə "Tout le monde veut prendre sa place" (Hər kəs yerini tutmaq istəyir) adlı verilişə qatılmaqla yanaşı, həm də özünü polis kimi təqdim etdiyi üzə çıxıb.
Aparıcının "deməli, polis idin" sualına F.Verove "bəli, motosikletdə və at belində. Gün batdıqdan sonra insanların təhlükəsizliyini qoruyurdum" cavabını verib.
İngiltərənin "Teleqraf" qəzeti Verovenin proqramda dediyi kimi təqaüdçü polis olmadığını, 1986-cı ildə əxlaqsız münasibətə görə işdən qovulduğunu yazıb.
F.Verove 2021-ci ildə detektivlərin ona məxsus DNT nümunələrini tapmasından sonra ələ keçəcəyini anlayıb və canına qıyıb.
Ölməzdən əvvəl məktub yazan François törətdiyi qətlləri etiraf edib. O cinayət törətməsinin səbəbinin böyük qəzəb olduğunu yazıb. Sonuncu dəfə 1997-ci ildə qətl törətdiyini deyən qatil həmin vaxtdan sonra adam öldürmək vərdişindən qurtulduğunu bildirib.
Qatilin dövlət televiziyasının məşhur verilişində adını belə gizlətmədən görünməsi və bunu heç kimin görməməsi Fransa polisinin sərt tənqidinə səbəb olub.
Fransız mətbuatı F.Verovenin davranışı ilə hər kəsi ələ saldığını yazıb.
Billurə Yunus