• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ümidlərin puça çıxdığı görüş - Sərhəddə təxribat, Ermənistanı nə gözləyir...



İrəvan 5 aprel Brüssel görüşündə istədiyi nəticəni əldə edə bilmədiyindən  Azərbaycanla sərhəddə gərginlik yaratmaqla öz uğursuzluğunu ört-basdır etməyə çalışır.

Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, 5 apreldə ABŞ-Aİ-Ermənistan formatında Brüsseldə keçirilən görüş nəticə etibarilə İrəvanın gözləntilərini doğrultmadı. "İrəvanın əsas hədəfi Qərbdən daha çox maliyyə və hərbi əməkdaşlıq sahəsində dəstək almaq idi, amma gözləntilər özünü doğrultmadı. Qərb Ermənistana ancaq təqribən 360 milyon dollar civarında maliyyə dəstəyi verəcəyini açıqladı. Digər tərəfdən, Brüssel görüşündə İrəvana Bakı ilə sülh əldə etmək üçün ciddi addımlar atmaq  tövsiyə olundu. Bu da Ermənistan daxilində ciddi əks rezonansa səbəb oldu", - o qeyd edib.

O əlavə edib ki, görüşün belə sonluqla nəticələnməsinə görüş öncəsi ABŞ dövlət katibi Entoni Blinkenin və Aİ komissarı Urusla fon der Leyenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığının da ciddi təsir göstərdiyini desək, yanılmarıq:

"Yəqin, Aİ və ABŞ-də anlamamış deyil ki, Azərbaycanın mövqeyini nəzərə almamaq hansı ciddi fəsadlara səbəb ola bilər. Fransadan fərqli olaraq Qərbin əksər ölkələri hesab edir ki, Cənubi Qafqazda Azərbaycanın mövqeyini nəzərə almadan nə dayanıqlı sülhü, sabitliyi, təhlükəsizliyi və sıx regional əməkdaşlığı, nə də digər hər hansı planın reallaşdırılması mümkündür. Ona görə də regionda ədalətli sülhü təmin etmək üçün bölgə ölkələri arasındakı eyni səviyyəli siyasət yürüdülməlidir. Hər hansı dövlətin tərəfini saxlamaq və balanslaşdırılmamış siyasət əvvəlcədən iflasa məhkumdur. 

Çünki bu Qərbin bölgədə Ermənistan vasitəsilə geosiyasi maraqlarını təmin edilməsi anlamına gələcək ki, bu da bölgədə sülhə deyil, gərginliyin davam etməsinə xidmət edəcək. Ona görə də hesab edirəm ki, bölgədə maraqlarını təmin etmək istəyən güc ilk növbədə Ermənistanla Azərbaycan arasında ədalətli sülhün əldə olunmasına çalışmalıdır.

Ədalətli sülhün bərqərar olması isə Bakının irəli sürdüyü şərtlər daxilində mümkün ola bilər. Bunun üçün də Bakının şərtləri daxilində sülhün imzalanması üçün İrəvana təzyiq edilməlidir. Əks halda nəticə uğursuzluğa düçar olacaq. Necə ki bütün güclərin 30 illik Ermənistan layihəsi iflasa uğradısa, bundan sonra da  Azərbaycanın ədalətli mövqeyi əksini tapmayan istənilən plan məhvə məhkum olacaq", - o qeyd edib.

Deputat həmçinin əlavə edib ki, Azərbaycan bu gün təkcə Qərblə Şərqin deyil, eyni zamanda Şimalla Cənub arasında ciddi logistik qovşaq rolunu oynayan ölkədir: "O baxımdan  Ermənistanın da gələcəyi məhz bundan asılıdır. Azərbaycanın iştirakı və razılığı olmadan nə Ermənistan, nə də ki digər ölkələr Qərb-Şərq, Cənub-Şimal, Cənub-Qərb istiqamətində hər hansı uğurlu layihəni reallaşdıra bilər və bu, qeyri-mümkündür.

Burada açar və əsas rol oynayan ölkə Azərbaycandır. Necə deyərlər, bütün yollar Azərbaycanda kəsişir. Azərbaycan da bütün ölkələrə qarşılıqlı faydalılıq prinsipi əsasında öz əməkdaşlıq formatını təklif edib və bu qapı hamının üzünə açıqdır. Bu da bərabərhüquqlu, beynəlxalq hüquq normaları daxilində səmimi əməkdaşlıq münasibətləri, ölkələrin ərazi bütövlüyünə hörmət əsasında mümkündür.

Məhz bu məqsədlə də İkinci Qarabağ savaşından sonra Azərbaycan özü Ermənistanla sülh sazişinin imzalamaq təşəbbüsü ilə çıxış edib. İndi top Ermənistan tərəfdədir. Onlar vəziyyəti dəyələndirib duruma uyğun qərar verməlidir. Ermənistan və onun havadarları da anlamalıdırlar ki, indiyə qədər olduğu kimi, bundan sonra da cəhdləri istədikləri nəticəni verməyəcək. Onların bütün cəhdləri nəticəsizliklə bitəcək. Amma görünən odur ki, onlar hələ də bütün bunlarda dərs çıxarmaq istəmirlər.

Ermənistan hələ də kimlərəsə arxalanıb müxtəlif yollarla sülhdən yayınmağa çalışır. Elə son günlərdə sərhəddə gərginlik yaratmaq cəhdidə bununla bağlıdır.

Onsuz da Ermənistanın sülhü pozacaq istənilən təxribat cəhdinin qarşısı isə qətiyyətli şəkildə alınacaq. Bunu Ermənistan və onun havadarları nə qədər tez anlasa daha yaxşı olar. Onlar  İrəvanı nə qədər tez Bakının şərtləri daxilində sülh sazişi imzalamağa vadar etsələr yaxşı olar. Əks təqdirdə sülhdən yayınma və gərginlik yaratma cəhdindən itirən tərəf sonda Ermənistan olacaq". 

ƏN ÇOX OXUNANLAR

0.02021598815918