• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK



Kürdəmir rayonunda 1990-cı il təvəllüdlü Bəhruz həmkəndlisi Əbülfəti (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Aralarında olan ədavətə görə Əbülfət 14 fevral 2019-cu ildə Bəhruzun evinə daxil olaraq onun bud nahiyəsinə üç bıçaq xəsarəti yetirəndən sonra düşmənçilikləri daha da gərginləşib. Əbülfətin mütəmadi onu kənd ərazisində təhqir etməsindən bezib.

Əbülfəti cəzalandırmaq üçün Bəhruz 18 aprel 2023-cü ildə saat 22 radələrində Kürdəmir rayonunun kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gəlib. Evin arxa hissəsində qayçı ilə Əbülfətə çoxsaylı zərbələr vurub.

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Mənə bıçaqla xəsarət yetirdilər”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirli bilib. O bildirib ki, Əbülfət həmkəndlisi, həm də uzaq qohumudur:

“Əbülfətlə 2019-cu ildən bəri ədavət və düşmənçiliyim var. 2019-cu ilin əvvəllərində Əbülfət və ailəsi məni şərləyərək guya onun əmisi oğlu Mahirin arvadı Xəyaləyə eşq məktubu yazdığımı iddia etdilər. Bu əsassız söz-söhbətlər kənddə yayıldı. 2019-cu ildə gecə saatlarında Əbülfət bir neçə qohumu ilə evimə daxil olaraq anamın gözü qarşısında mənə bıçaq xəsarətləri yetirdilər.

Bununla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparıldı, iş Kürdəmir Rayon Məhkəməsinə göndərildi. Əavətin qarşısını almaq məqsədilə Əbülfətdən məhkəmədə şikayətçi olmadım. Əbülfətə həbslə bağlı olmayan cəza verildi”.

“Rahat yaşamağa imkan vermirdilər”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ilin sentyabrında Xəyalənin əri Mahir onu avtomobilin təkər açarı ilə döyərək çoxsaylı xəsarətlər yetirib: “Bununla bağlı Mahirə cinayət işi açıldı və Kürdəmir Rayon Məhkəməsində işə baxıldı. Mən bu dəfə də şikayətçi olmadım. Buna görə Mahir şərti məhkum edilərək azadlıqda qaldı.

Buna baxmayaraq Əbülfət və qohumları mənimlə ədavətini davam etdirdilər. Hər dəfə məni kənddə gördükləri vaxt söyüb təhqir edirdilər. Məni təhdid edir, rahat yaşamağa imkan vermirdilər”.

“Düşündüm ki, məndən ələ çəkərlər”

Bəhruzun sözlərinə görə, 2023-cü ilin martında həmkəndlisi Vəlinin oğlunun ölümünün 3-cü günü ilə əlaqədar yas mərasimində olub: “Əbülfətin əmisi oğlu Mədət məni yasda gördü və camaatın arasında nalayiq ifadələrlə təhqir etdi. Münaqişə yaratmamaq üçün dərhal yas mərasimini tərk etdim.

Mədətin bu hərəkəti mənə çox pis təsir etdi. Həmin gündən onları cəzalandırmaq qərarına gəldim. Bütün bunları təşkil edən və qohumlarını mənə qarşı belə hərəkətlərə təşviq edən Əbülfətin olduğunu bilirdim. Bu səbəbdən Əbülfəti cəzalandırmaq, onun mənə etdiyini, yəni 2019-cu ildə evimə girərək məni bıçaqladığı kimi həmin hərəkəti ona qarşı təkrarlamaq qərarına gəldim. Düşündüm ki, Əbülfətə xəsarət yetirəndən sonra qohumları ilə birlikdə məndən əl çəkərlər”.

“Getməsinə imkan verdim”

Bəhruz qeyd edib ki, 18 aprel 2023-cü ildə saat 17 radələrində yaşadığı evdə qayçının bir-birinə çarpaz iki hissəsindən birini ayırıb, tutacaq hissəsini qara rəngli yapışqan lentlə bağlayıb və cibinə qoyub: “Saat 22 radələrində Əbülfətin yaşadığı evin bağ sahəsinə girdim. Həyətə doğru gəldim və fərdi yaşayış evinin kənarında gözləməyə başladım. Əbülfət darvazadan içəri girəndə arvadı və uşaqları həyətdə olduğu üçün ona yaxınlaşmadım.

Əbülfət arvadına plastik torbada nəsə verərək həyətdən getdi. Onun yenidən qayıtmasını gözləməyə başladım. Təxminən yarım saat sonra Əbülfət özünə məxsus “QAZEL” markalı maşınla darvazadan həyətə daxil oldu.

O, maşından düşən kimi evin kənarından çıxdım və ona doğru qaçdım. Əbülfət məni əlimdə qayçı görəndə diksindi. Əllərini havaya qaldıraraq müdafiə olunmaq istədi. Qayçı ilə Əbülfətin bud nahiyəsinə vurmaq istədim. Qəfil əyildiyindən qayçı onun döş qəfəsinin sol hissəsinə dəydi.

İkinci dəfə vurmaq istəyəndə qayçı sağ kürək nahiyəsini tutdu. Bu iki zərbədən sonra Əbülfətə daha heç bir xəsarət yetirmədim. Onun getməsinə imkan verdim. Əbülfət bağa doğru qaçdı. Mən də yetirdiyim xəsarətlərin ağır olduğu düşündüm və onun arxasınca getdim ki, yıxılsa kömək edim.

Əbülfətin bağ sahəsindən keçəndə qonşu Elcanın həyətə çıxaraq ona yaxınlaşdığını gördüm. Artıq başa düşdüm ki, Əbülfətə yardım göstəriləcək, buna görə gəldiyim yolla geri qayıtdım. Evdəkilərlə sağollaşandan sonra rayon polis şöbəsinə gedərək təslim olmaq istədim. Polislərin məni axtardığını bildiyim üçün bir müddət çəpərin yanında gözlədim.

Polis əməkdaşları gəlib-getdikdən sonra evimə girdim. Baş verənləri evdəkilərə danışdım. Yuyunub əynimi dəyişdikdən sonra polis şöbəsinə könüllü təslim oldum”.

“Xəyaləyə məktubu aşkar olunandan sonra...”

İş üzrə zərərçəkmiş Əblüfətin sözlərinə görə, Bəhruz onun həmkəndlisi, həmçinin uzaq qohumudur:

“Bəhruzla ailəmizin münasibətləri əvvəllər çox yaxşı olub. 2019-cu ilin əvvəllərində qohumum Mahirin arvadı Xəyaləyə gizli eşq məktubu yazması, həmin məktubun aşkar olunması, Bəhruzun həyətimizdə tutulması səbəbindən münasibətlərimiz pisləşdi. Bundan sonra Mahir arvadı Xəyaləni boşadı”.

Zərərçəkmiş qeyd edib ki, 14 fevral 2019-cu ildə, gecə saat 2 radələrində bu məsələni aydınlaşdırmaq, hansı səbəbə Xəyaləyə məktub yazmasını soruşmaq üçün Bəhruzun evinə gedib:

“Bəhruzla aramızda yaranmış mübahisə zamanı onun bud nahiyəsindən 3 bıçaq zərbəsi vurdum. Buna görə 6 ay müddətə islah işləri cəzasına məhkum olundum. Bəhruzun belə hərəkətlərindən sonra kənddə hamının ona münasibəti pisləşdi”.

“Xəstəxanaya çatdırıldım”

Əbülfət qeyd edib ki, 18 aprel 2023-cü ildə saat 22 radələrində ərzaq almaq üçün “QAZEL” markalı maşını ilə evdən çıxıb:

“Marketdən qayıdıb maşını həyətə saldım və darvazanı bağladım. Evə girmək istəyəndə bağ tərəfdən Bəhruz qəfil çıxaraq üstümə cumdu. Yaxınlaşan kimi əlindəki bıçaqla bir zərbə sinə, bir zərbə kürək nahiyəmdən vurdu. Mən bağa doğru qaçdım, Bəhruz da arxamca gəldi. Lakin daha heç bir xəsarət yetirmədi.

Bağdan keçib qonşumuz Elcanın həyətinə getdim və Elcanı səslədim. Elcan telefonu ilə qardaşımgilə xəbər verdi. Daha Bəhruzu görmədim. Elcanın oğlu gələrək evin darvazasını açdı. Maşınıma minib atamgilə getdim.

Yolda qonşuluqda yaşayan İntiqamı evlərinin qarşısında gördüm. Ona məni xəstəxanaya çatdırmasını bildirdim. İntiqamın avtomobilinə mindim. Hadisə barədə polisə məlumat verdik. Yolda atam və qardaşım da bizi gördü və onlar da arxamızca gəldilər. Təcili yardım avtomobili ilə rastlaşdıq. Məni təcili yardımla xəstəxanaya çatdırdılar”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruzun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib. Ona 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub./Teleqraf.com

ƏN ÇOX OXUNANLAR

0.020490169525146