• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

143 milyonluq mənimsəmə: 29 ay vəzifədə olmuşam, 30 aydır...



Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə şahid A.Rzayev dindirilib.

O bildirib ki, KRAL MTK-da təchizat idarəsinin rəisi vəzifəsində işləyib.

A.Rzayev ibtidai istintaqa verdiyi ifadələri təsdiqləyib.

O qeyd edib ki, buradakı şəxslərlə heç bir ədavəti, qohumluğu yoxdur, heç birini tanımır:

“Nizami Məmmədovu bir dəfə məsciddə yas yerində görüb, salamlaşmışam. Digər vaxtlarda onunla tanışlığım və ya görüşüm olmayıb. Müəyyən xərclər olurdu, mən həmin xərclərdən məsul şəxs deyildim. Sadəcə mənə deyilirdi ki, bu qədər xərc olub. Maliyyə məsələləri ilə Rzayev İslam məşğul olub. Maliyyə işlərində heç vaxt çətinliyimiz olmayıb, çətinliklər yalnız təchizatla bağlı olurdu. Bizə faiz deyən də olmayıb, yalnız maliyyə xərcləri var deyilib. Xaricə gedib müqavilələr bağlayıb, malları gətirmək mənim işim idi. Əlbəəl mən heç kəsə pul verməmişəm. Maliyyə işləri ilə İlqar İsayev məşğul olub”.

Hakim Fikrət Əliyev ilk əvvəl A.Rzayevin 2 aprel 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində verdiyi ifadəsini elan edib.

Həmin ifadədən məlum olur ki, Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə iştirak edib, onların rəhbərlik etdiyi şirkətlər qalib elan edilib. Həmin ifadədə qeyd edib ki, 2015-2022-ci illərdə şirkətləri nazirliyin elan etdiyi tenderlərində məbləğ 22 milyon 656 min manat olub.

A.Rzayevin ifadəsində göstərilib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən şirkətlərə ödəmələrlə bağlı heç bir gecikmə olmayıb, vəsaitlər vaxtlı-vaxtında ödənilib.

A.Rzayev isə ikinci ifadəsini 25 aprel 2022-ci ildə istintaqa verib. O, həmin ifadəsində tenderlərdə qalib olduğu 3 milyon manatdan danışıb. Bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanova 201 min manat çatdırıb. O deyib ki, gəmi heyətlərinin alınması üçün 2 milyon manatlıq tenderdə qalib olub. O, həmin məbləğdən Məlikməmməd Qurbanova 159 min manat “otkat” verib.

A.Rzayev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində üçüncü dəfə 3 iyul 2023-cü ildə dindirilib. Həmin ifadə də səsləndiriləndən sonra Allahverdi Rzayev sorğu-sual edilib.

Dövlət ittihamçısı şahidin ifadəsində 165 min manat Mahir Şirvanova, 30 min manatı isə Nizami Məmmədova verdiyini dediyini onun diqqətinə çatdırıb.

Şahid A.Rzayev istintaq zamanı ifadəsini heç bir təzyiq olmadan təqdim olunan sənədlər əsasında verdiyini deyib:

“Maliyyə idarəsindən mənə tapşırıq gəlməyib. Yoxlamalar zamanı tez-tez problemlər yarandığından fərqli malları gətirə bilmək üçün ayrı adlarla şirkətlər açırdıq”.

Məhkəmənin gedişatında Nizami Məmmədov A.Rzayevi tanımadığını deyib:

“Mən bu adamın dediklərini qəbul etmirəm, onu tanımıram. Yas yerində mənimlə görüşdüyünü deyir, generalam. Çox adam məni tanıyır, hüzrdə də mənimlə salamlaşmağı normal hal idi. Bu adam istintaq zamanı gəlib ifadə verib, amma mənimlə bir dəfə də olsun üzləşdirilməyib”.

A.Rzayev cavabında bütün maliyyə işlərinin İlqar İsayevin etdiyini deyib.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun elektron qaydada məhkəməyə ünvanladığı vəsatət müzakirə olunub.

Vəsatətdə Cəlal Kazımovun Şüvəlanda olan bağına qoyulan həbsin götürülməsi istənilib. Məqsəd bağı 100 min manata satıb dəyən zərərin bir qismini ödəməkdir.

Məhkəmə müşavirədən sonra vəsatəti qəbul edib, bildirilib ki, vəsatət qəbul edilsin, bağ sahəsinin üzərinə qoyulan həbs götürülsün. İstintaq orqanının nümayəndəsinin iştirakı ilə əmlakın satılması təmin olunsun və ziyanın ödənilməsinə yönəlsin. Qərarın surəti əmlak komitəsinə və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilsin.

Daha sonra Vüsal Əlizadə vəsatətlə çıxış edib. O deyib ki, Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsinin Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti xidməti tərəfindən şəxsi heyətini pul təminatının yoxlanılması sadəcə istinad edilmədən sırf mülahizə və ehtimallar əsasında aparılaraq qiymətləndirilib.

Vüsal Əlizadə bildirib ki, hərbi hissədə aparılan yoxlama düzgün olmayıb. O, yenidən alternativ yoxlamanın aparılmasını düzgün qiymətləndirmənin aparılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Cəlal Kazımov qeyd edib ki, hərbi hissələrdə yoxlamalar səthi şəkildə aparılıb. Onun sözlərinə görə, hərbi qulluqçu, əsgər olub:

“Mənə nə göstəriş verilib, nə deyilib, onu da icra etmişəm. 30 il ərzində mənə nə deyiblər, onu da etmişəm. 29 ay vəzifədə olmuşam, 30 aydır cəzasını çəkirəm. Hərbi hissələrdə yoxlamalar düzgün aparılmayıb. Hesablamalar da düzgün gəlmir”.

Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, mənimsənilmə ilə bağlı hesablara köçürmələr olub. Onun sözlərinə görə, bununla bağlı şəxslərin ad və soyadları mövcuddur: “Amma həmin şəxslər istintaq zamanı dindirilməyib. Növbəti iclasda həmin şəxslərin dindirilməsi üçün bizim vəsatətlərimiz olacaq”.

Bu səbəbdən növbəti proses iyulun 12-nə təyin edilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.

Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadə və cinayət işləri ayrıca icraata görülən digər zabitlər həbs ediliblər. Ümumi cinayət işi üzrə dövlətə dəyən zərər 143 milyon manatdır.

İş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.

ƏN ÇOX OXUNANLAR

0.028098106384277