• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elman Rüstəmovun adı 5 milyonluq qalmaqallı məhkəmə işində hallanır



Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun adı hallanan proses keçirilir. Belə məlum olur ki, Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu dönəmdə onun xeyir-duası ilə eyni əmlak girov götürülməklə 2 banka, hərəsinə 2 milyon 500 min manat olmaqla kredit verilib.
 
Musavat.com xəbər verir ki, prosesdə tərəflərdən birinin vəkili olan Əkrəm Həsənov bu qalmaqallı işlə bağlı sosial şəbəkədəki hesabında fikirlərini paylaşıb.

Yazıb ki, Elman Rüstəmov təkcə "Premium Bank” vasitəsilə deyil, həm də "Deka-Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb!
 
"Heç bir gəliri olmayan iki şəxsin adına və məlumatsız digər vətəndaşın əmlakını qanunsuz girov qoymaqla Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb. Yəni Mərkəzi Bank bir əmlakı girov götürməklə (???) 2 bankın hərəsinə 2 milyon 500 min manat kredit verib, onlar da öz növbəsində 2 fiziki şəxsə həmin məbləğləri "istehlak” krediti kimi veriblər. İndi də başda Mərkəzi Bank olmaqla 3 bank həmin əmlaka göz dikib”.
 
Vəkil qeyd edir ki, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə banklardan kredit dosyesini tələb edib, lakin banklar həmin dosyeni ortaya çıxarmırlar ki, həqiqət üzə çıxsın: "Kredit dosyelərini tələb edirəm ki, gətir görək bu krediti necə vermisən, gətirmirlər, qorxurlar. Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin? Ay bank, qanuni kredit vermisənsə, niyə sənədləri gizlədirsən? Ay hakim, kredit üzrə işə sənədləri görmədən necə baxıb qərar verəcəksən? Ara yerdə də heç nədən məlumatı olmayan, heç bir sənədə imza atmamış vətəndaşın əmlakı əlindən gedir. Azərbaycana kim pul qoyar belə şeyləri biləndən sonra?”
 
Qeyd edək ki, bu ilin fevralında məsələ qalxanda Mərkəzi Bank rəhbəri demişdi ki, "Premium Bank”ın gəliri az olan vətəndaşa 2 milyon 500 min manat məbləğində istehlak krediti verməsində problem görmür.
 
Əkrəm Həsənov isə bu çıxışla bağlı demişdi ki, əslində, orada bir yox, bir neçə böyük problem var: "Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda məsələ ilə bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verib, halbuki 2013-cü ildə verilib və s.).
 
Odur ki, məsələ ilə bağlı mənə hələlik məlum olanı bəyan edirəm. Deməli, 2010-cu ildə Nizami Kərimov adlı vətəndaş tikilən binada "Aqana Servis” şirkətindən qeyri-yaşayış sahəsi alıb (hazırda həmin sahə "Metropol” restoranı kimi fəaliyyət göstərir). Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə "Premum Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində kredit götürüb.
 
Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib. Hər bir halda ortada olan odur ki, "Premum Bank” Mərkəzi Bankdan 5,25%-lə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi "maliyyə ehtiyaclarının qarışılanması” göstərilib.
 
Yəni əslində kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən "təyinat” amorfdur. Kredit müddəti ərzində də Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, "Premum Bank” isə 4,7%-ə endirərək (???) müddəti uzadıblar.
 
Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, "Premum Bank”-ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər.
 
Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: "Premum Bank” və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur. İndi isə qayıdaq bu kreditin niyə qanunsuz olması məsələsinə.
 
Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi "Banklarda kreditlərin verilməsi Qaydaları” qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən "Premum Bank” kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi.
 
Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Niyə? Çünki qorxur. Qanunsuz, qeyri-sağlam kredit verdiyini bilir. Kreditin məqsədi yoxdur, borcalanın gəliri haqda sənəd yoxdur, monitorinq aparılmayıb və s. və i.a.
 
Bəlkə kimsə deyəcək ki, nə olsun, gəliri yoxdur, amma o boyda girovu var (başqasına mənsub olaraq qanunsuz girov qoyulsa da)?! Xeyr, bu arqument yanlışdır! Qaydaların 4.1.7-ci bəndində deyilir: "Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır.”
 
Beləliklə, Mərkəzi Bank və "Premium Bank” qanunsuz, qeyri-sağlam kredit veriblər. Əmlakın da başqa şəxsə mənsub olduğunu biliblər. Buna görə də vicdansızdırlar!
 
Buna görə də Mərkəzi Bankın indiki rəhbərliyi belə krediti problem saymaya bilməz. Əks halda, Elman Rüstəmovdan miras qalan bank sistemimizdə "Muğan Bank” kimi fəlakətli müflisləşmələr hələ çox olacaq. Belə banklara qarşı tədbir görülməlidir!”

ƏN ÇOX OXUNANLAR

0.033926963806152