"Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/ “BRICS+” formatının ilk plenar iclası dünyaya bir sıra mühüm mesajların verilməsi ilə yadda qaldı. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etməsi ölkəmizin nüfuzlu qlobal platformaya doğru praktik addımlar atdığının təsdiqi deməkdir. İclasda çıxış edən dövlət başçımızın çağdaş dövrümüz üçün ən aktual sayıla biləcək 3 mühüm istiqamətə toxunması Bakının BRICS formatı ilə gələcək əməkdaşlığının “yol xəritəsi”ni müəyyən edir".
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.
Deputat bildirib ki, birinci istiqamət Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunun qlobal səviyyədə təqdimatı ilə bağlıdır: "Prezident 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın hərəkatın institusional inkişafında mühüm rol oynadığını xüsusi vurğuladı. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatı məhz ölkəmizin sədrliyi dövründə beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirə bildi. Azərbaycanın bu günə qədər BMT Təhlükəsizlik Şurasına, Türk Dövlətləri Təşkilatına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə və digər nüfuzlu birliklərə effektiv sədrliyi həmin qurumların beynəlxalq siyasətdə daha aktiv mövqe sərgiləməyə başlaması ilə tarixə düşdü.
Prezidentin toxunduğu 2-ci mühüm istiqamət Azərbaycanın regional və qlobal iqtisadi proseslərdəki rolu ilə bağlıdır. Hər şeydən əvvəl, onu qeyd edək ki, bu gün Azərbaycanın həm BRICS, həm də Şanxay Əməkdaşlıq Təşkilatında strateji çəkiyə sahib Rusiya və Çinlə əlaqələri yeni keyfiyyət mərhələsindədir. Hər iki ölkənin Cənubi Qafqazdan keçəcək nəqliyyat marşrutlarına maraqlarını nəzərə alsaq, Azərbaycanla BRICS çərçivəsində əməkdaşlıq qarşılıqlı siyasi-iqtisadi dividendlərin səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxaracaq. Böyük əmək və ticarət bazarı, habelə, təbii resursların cəmləşdiyi ərazini əhatə edən BRICS nəqliyyat, kommunikasiya və ticarət sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün geniş perspektivlər açır. Qurumun təsis etdiyi Yeni İnkişaf Bankının malik olduğu 100 milyard dollar ehtiyat fondu isə ölkəmizə sərmayələr yatırılmasına imkan yaradır ki, bu da hazırda işğaldan azad edilən ərazilərin bərpası və inkişafına mühüm töhfələr verə bilər. Azərbaycan BRICS-in 3 ölkəsi - Rusiya, Çin və Hindistanla fəal ticarət əlaqələrinə də sahibdir.
-2024-cü ilin yanvar-iyul ayları ərzində BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837 milyon 895 min dollar təşkil edib,
-bu, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21,7 faizini təşkil edir,
-2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572 milyon dollara bərabər olub,
-bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar artım deməkdir.
-Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya 1-ci yerdə qərarlaşır.
Rəsmi Bakının iqtisadi və siyasi təmasları dərinləşdirməkdə maraqlı olduğu digər BRICS ölkəsi Çin Xalq Respublikasıdır. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı kimi çıxış edir. Statistikaya görə, 2024-cü ilin əvvəlində Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin həcmi 43,5 faiz artaraq 3,1 milyard dollara çatıb. Azərbaycan Çinə həm də qeyri-neft məhsullarının perspektivli ixrac bazarı kimi baxır. Milli məhsullarımızın bu ölkəyə ixracını təşviq etmək məqsədilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində yaradılan Azərbaycan Ticarət Evləri və “Azərbaycan Şərab Evi” ixrac prosesinin səmərəli həyata keçirilməsi və Azərbaycan brendinin Asiya ölkələrinə təqdimatında mühüm rol oynayacaq.
Şübhəsiz, Azərbaycan-BRICS əməkdaşlığı Prezidentin Kazanda vurğuladığı kimi, regional və qlobal nəqliyyat marşrutları kontekstində də ciddi perspektivlər vəd edir. Ölkəmiz coğrafi mövqeyi və sahib olduğu modern infrastrukturla sözün əsl mənasında, Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri məhz Azərbaycan ərazisindən keçir və hər iki nəqliyyat marşrutunun Azərbaycan ərazisində olan seqmentləri uğurla fəaliyyət göstərir. Hazırda Rusiyanı Azərbaycan vasitəsilə İranla birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizi yüklərin Fars körfəzinə və əks istiqamətdə səmərəli daşınmasına imkan verir. Dəhliz region ölkələrinə, o cümlədən, Azərbaycana Hind okeanı, Cənub-Şərqi Asiya və Afrika bazarlarına çıxış imkanı verəcək.
BRICS üçün strateji önəm daşıyan və Azərbaycan ərazisindən keçən “Şərq-Qərb” nəqliyyat dəhlizi, başqa sözlə desək, Orta Dəhliz Çini Avropa ilə birləşdirən ən qısa nəqliyyat marşrutudur və bir sıra üstünlüklərə malikdir. Coğrafi prizmadan həm Çin və Hindistanın marağında olan Orta Dəhliz, həm də Şimal-Cənub dəhlizlərinin mərkəzində yer alan ölkə Azərbaycandır. BRICS-in dünya üzrə istehsalın böyük həcminə sahib olduğunu nəzərə alsaq, Azərbaycanın təşkilata üzvlüyü
- ona böyük ixrac imkanları qazandıracaq,
- Avropa və Asiya arasında əsas nəqliyyat marşrutlarına təsirini genişləndirəcək,
- mövcud infrastrukturdan daha səmərəli istifadəyə imkan verəcək,
- Azərbaycana əlavə investisiyaların cəlb edilməsinə şərait yaradacaq,
- ölkəmiz Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin təmin edilməsində mühüm rol oynayacaq.
Azərbaycanın BRICS ölkələri ilə yaxın perspektiv üçün əməkdaşlığının 3-cü mühüm istiqaməti COP29 qlobal iqlim sammitidir. Təqribən 200 ölkənin COP29-un Bakıda keçirilməsinə dair yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq siyasi və əməkdaşlıq kursuna dəstəyin real ifadəsidir. Çünki, artıq ölkəmiz Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa praktik töhfələr verir və dövlət başçısının da dediyi kimi, istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına bundan sonra da səy göstərəcək. Bu hədəflərə çatmaqda isə, əlbəttə, BRICS üzvü olan ölkələrin dəstəyinin müstəsna rolu ola bilər".
Mürtəza
Ölkə.Az