• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fəaliyyəti dayandırılan dövlət müəssisələrinin aqibəti necə olur? - MÜSAHİBƏ + FOTO



Azərbaycanda müxtəlif növ mülkiyyət növləri var. Bunlardan biri də dövlət mülkiyyətidir. Dövlət əmlakı anlayışı, onun necə idarə olunduğu, bu sahəyə nəzarətin necə həyata keçirildiyi ilə bağlı müəyyən suallar yarana bilər.

Bu suallara cavab tapmaq üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Rüfət Kərimovla həmsöhbət olduq. 

Baki.Media müsahibəni təqdim edir:

- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət sahələrindən biri də dövlət əmlakının idarəedilməsidir. Bilmək istərdik, dövlət əmlakının effektiv idarəedilməsi sahəsində hansı işlər görülür?

- Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramının tələblərinə əsasən, dövlət müəssisə və təşkilatları tərəfindən dövlət əmlakının qorunub saxlanılması və onun istifadə vəziyyəti haqqında Əmlak Məsələləri Dövlət Xidmətinə illik hesabatlar təqdim edilir. Xidmət tərəfindən həmin hesabatlar ilkin mərhələdə təhlil edilir və sonra təhlillərin nəticəsinə uyğun olaraq, müəssisə və təşkilatlarda monitorinqlər keçirilərək yerində araşdırmalar aparılır.

Bununla yanaşı, dövlətə məxsus hüquqi şəxslər tərəfindən hər il üçün mövcud qanunvericiliklə nəzərdə tutulmuş müddətdə “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” təqdim olunur ki, artıq cari ildən həmin hesabatların elektron qaydada qəbul edilməsinə başlanılıb. Dövlət müəssisə və təşkilatları Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlər portalında “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” xidmətindən istifadə etməklə öz hesabatlarını elektron platformada təqdim edə bilir.

Eyni zamanda, özəlləşdirilməyə açılmış dövlət müəssisə və obyektlərinin daha mütərəqqi və təkmil metodlarla, müasir menecment və korporativ idarəetmə standartları ilə idarəedilməsi, o cümlədən onların fəaliyyətində səmərəliliyə nail olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli fərmanına əsasən Xidmətin tabeliyində Korporativ İdarəetmənin təşkili və Koordinasiya Mərkəzi publik hüquqi şəxs yaradılıb. Həmin Mərkəz vasitəsilə dövlət müəssisələrində daha effektiv idarəetmə orqanlarının formalaşdırılması və onların fəaliyyətinə nəzarətin təmin olunması nəzərdə tutulub.

Məlumat üçün bildirim ki, bəzi mərkəzi, yerli icra hakimiyyəti orqanlarının sərəncamlarında olan zəruri tələbatlarından artıq, fəaliyyətləri üçün lazım olmayan, səmərəsiz istifadə olunan və sərbəstləşmiş bina, qeyri-yaşayış, istifadə olunmayan torpaq sahələri mövcuddur. Həmin dövlət əmlaklarının daha səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla dövlət qurumunun bina və ya qeyri-yaşayış sahəsinə tələbatının, o cümlədən, tələbatdan artıq hissəsinin müəyyən edilməsi üçün normalar işlənib və bununla bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

- Bəzən dövlət müəssisələri müəyyən səbəblərdən fəaliyyətini dayandırır. Belə hallarda həmin dövlət müəssisələrinin yararsız, istifadəsi iqtisadi cəhətdən səmərəsiz olan daşınar əmlakları ilə bağlı hansı tədbirlər görülür?

- Bəzən istehsal fəaliyyəti uzun illər dayanmış, profil üzrə bərpa imkanı mümkün olmayan dövlət müəssisələrinin yenidən fəaliyyəti üçün əlavə yatırım etmək iqtisadi baxımdan səmərəsiz olur. Belə dövlət müəssisələrinin yararsız, istifadəsi iqtisadi cəhətdən səmərəsiz olan daşınar əmlakları qiymətləndirildikdən sonra mərkəzləşdirilmiş qaydada satışa çıxarılır. Satışdan daxil olan vəsait isə dövlət büdcəsinə köçürülür.

Statistikaya əsasən, 2021-ci ilin 11 ayı ərzində dövlət müəssisələrinin balansından silinən, o cümlədən dövlət mülkiyyətindəki istismara yararsız olan daşınar əmlakların satışından ümumilikdə 25 090 422 manat vəsait əldə olunub. Bu isə cari ilin 11 ayı ərzində özəlləşdirmədən daxilolmanın təqribən 28,7 faizini təşkil edir.

- Özəlləşdirmə ilə yanaşı, dövlət əmlakını icarəyə götürməklə də, biznes qurmaq imkanı mövcuddur. Dövlət əmlakını icarəyə götürmək istəyən vətəndaşlarımızın marağı hansı səviyyədədir?

- Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi üçün dövlət əmlakının icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bu sahədə yüksək nəticələr əldə edilmiş və bağlanılmış icarə müqavilələrinin sayında, həmçinin dövlət büdcəsinə dövlət əmlakının icarəsi üzrə köçürülmüş vəsaitlərin həcmində artım müşahidə edilib. Belə ki, cari ilin 11 ayı ərzində 1 531 yeni icarə müqaviləsi imzalanıb. Bundan torpaq sahələrinin icarəyə verilməsi üzrə 900, qeyri-yaşayış sahələri üzrə 631 icarə müqaviləsi bağlanılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 11 ayı ərzində 1 177 və ya 3,3 dəfə çox icarə müqavilələrinin bağlanılması təmin edilib.

Qeyd edim ki, cari ilin dövlət büdcəsində dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 10 050 000 manat nəzərdə tutulsa da, yerlərdə aparılan monitorinqlər və maarifləndirmə tədbirləri nəticəsində hesabat dövrü ərzində 14 400 900 manat vəsait dövlət büdcəsinə ödənilib. Cari ilin 11 ayı ərzində dövlət əmlakının icarəyə verilməsindən daxil olan vəsaitin həcmi ötən ilin analoji dövrü müqayisədə 153,2 faiz və ya 5 000 900 manat çoxdur.

- Dövrümüzdə demək olar ki, bütün ödənişlər elektronlaşdırılır. Dövlət əmlakını icarəyə götürənlər üçün belə imkan mövcuddurmu?

- Bəli. Bu sahədə də əlçatanlıq təmin edilib. Belə ki, dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək məqsədilə banklara getməyə ehtiyac yoxdur. Bunun üçün internetə çıxışın olması kifayətdir. Belə ki, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yaradılan “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti vasitəsilə bunu elektron qayda da etmək mümkündür. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də, ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.

Bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Bundan başqa, “9193” SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqını öyrənə bilərlər.

ƏN ÇOX OXUNANLAR

  • 8
Rusiyada zəlzələ oldu
0.085323810577393