• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mərkəzi Bankın yeni qərarı manatın məzənnəsi ilə əlaqəlidir? - ŞƏRH



Dünən etibarilə Mərkəzi Bank uçot dərəcəsini il ərzində üçüncü dəfə artıraraq 7,25 faiz, faiz dəhlizinin aşağı həddini 6 faiz, yuxarı həddini isə 8,25 faiz səviyyəsində müəyyən etdi. 2021-ci ildə Mərkəzi Bank beş illik fasilədən sonra, yəni, 2016-cı ildən bu yana ilk dəfə uçot dərəcəsi artırıb. 

Ölkədə sonuncu dəfə güclü devalvasiyanın yaşandığı 2015-ci ildə uçot dərəcəsi 3 faiz ikən 2016-cı ilin fevral ayından mütəmadi artırılaraq ilin sentyabr ayında 15 faizə çatmışdı. 

2015-2016-cı illərdə manatın devalvasiya, pulun kəskin dəyərdən düşməsi və inflyasiya səviyyəsinin artımı ilə yadda qalmışdı və valyutaya təzyiqlərin davam etdiyi 2017-ci ildə uçot dərəcəsi 15 faiz səviyyəsində saxlanılmışdı. Nəhayət, 2018-ci ildən artıq valyuta bazarında sabit rəqəmlərdən söhbət gedirdi və ölkədə uçot dərəcəsi həmin il 13 faizə endirildi.

O zaman devalvasiyaya səbəb neftin dünya bazarlarında kəskin ucuzlaşması, ölkəyə daxil olan xarici valyuta kütləsinin və Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması idi. 

Bu il ardıcıl olaraq uçot dərəcəsinin artırılması inflyasiya və manatın məzənnəsinə təsir edə biləcək riskli proseslərlə bağlı ola bilər?

Bu gün Mərkəzi Bank inflyasiya təzyiqlərinin artdığı bildirsə də inflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolunun aşağı olduğunu qeyd edir.

Nəzər alsaq ki, 2018-ci ildən etibarən mütəmadi olaraq endirilən uçot dərəcəsi 2021-ci sentyabr ayında 6,5 faizə, oktyabr ayında 7 faizə və dünən etibarilə 7,25 faizə qaldırıldı.

İqtisadçı Ruslan Atakişiyevin sözlərinə görə, bu addım haradasa inflyasiyanı cilovlamağa imkan verir, çünki uçot dərəcəsi nə qədər aşağı düşərsə, o qədər inflyasiyaya təkan vermiş olunur:

“Qərarın bir hissəsi bununla bağlıdır. Lakin hazırda Azərbaycanda güclü inflyasiyanın da olmadığını qeyd etməliyik. İnflyasiyanın manatın məzənnəsinə təzyiqindən danışacaq olsaq, bildirmək istərdim ki, ölkədə təsbit edilmiş məzənnə mövcuddur və buna görə də manatın real dəyəri məlum deyil. Manatın məzənnəsini müvafiq səviyyədə saxlamaq üçün təzyiqləri azaltmaq lazım gəlir”. 

O vurğulayıb ki, qərar Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün bir siqnal da hesab edilə bilər:

“Uçot dərəcəsi aşağı olduqda kommersiya bankları vəsaiti daha Mərkəzi Bankdan əldə etməyə maraqlı olurlar ki, iqtisadiyyata daha çox vəsait yönləndirsinlər. Uçot dərəcəsinin qaldırılması kommersiya banklarını digər mənbələrdən vəsait cəlb etməyə təşviq etməklə bağlıdır”. 

Azərbaycanda Dünya Bankının, həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankının baş məsləhətçisi İlqar Tağıyevin fikrincə isə Mərkəzi Bankın uçot dərəcəsində dəyişiklik etməsi bank sektoruna təsir etməyəcək:

“Digər ölkələrlə müqayisədə Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsini dəyişməsi pulun qiymətinə və ya bank sektoruna kəskin təsir göstərmir. Ölkəmizdə bankların vəsaitlərinin əsas hissəsi Mərkəzi Bankdan cəlb olunmadığından müvafiq sektora təsiri hiss olunmur. Bu günə qədər uçot dərəcəsində artım və ya azalma kredit faizlərində və ya pul əməliyyatlarında heç bir dəyişikliyə yol açmayıb”.  

Qeyd edək ki, bu ilin 11 ayında strateji valyuta ehtiyatları 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib. Bunlar olduqca müsbət göstəricilərdir.

Hazırda dünya bazarında neft qiymətləri də Azərbaycan büdcəsi üçün təhlükəli həddə deyil. 2021-ci ilin ötən dövründə neftin orta qiyməti 71 ABŞ dolları təşkil edib. 

Nigar Məmmədova

ƏN ÇOX OXUNANLAR

  • 8
Rusiyada zəlzələ oldu
0.081954956054688