• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gələn ilki artımların inflyasiya “yem”inə çevrilməyəcəyinə ehtimal böyükdür



Pərviz Heydərov yazır...

Dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, gələn il yanvarın 1-dən büdcədən maaş, pensiya, habelə müxtəlif növ sosial müavinət alanların gəlirləri artacaq.

Belə ki, Prezident İlham Əliyev tərəfindən artıq, buna dair bir sıra müvafiq sənədlər imzalanıb. Məsələn, yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 250 deyil, 300 manat olacaq. Təhsil işçilərinin əməkhaqqıları orta hesabla 20 faiz artacaq. Demək olar ki, bütün növ sosial müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə yüksələcək.

Qısa desəm, gələn il, yəni 2022-ci il 2019-cu ilin davamı olacaq. Xatırladım ki, 2019-cu il həm sosial, həm iqtisadi, həm də idarəetmə sahəsində böyük islahatlar ili olmuşdu. 2020-ci ildə bunu davam etdirməyə imkan olmadı. 

Təkcə, minimum aylıq əməkhaqqı məbləğinin 250 manatdan artırılaraq 300 manata çatdırılması 800 minə yaxın vətəndaşın gəlirlərinə təsir edəcək. Büdcə təşkilatlarında çalışanların əməkhaqqıları 19 pilləli vahid tarif cədvəli üzrə müxtəlif səviyyələrdə artacaq.

Sosial ödənişlərə gəldikdə isə, ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin dövlət büdcəsindən alacaqları artacaq.

Bir sözlə, girişdə qeyd etdiyim Prezidentin 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən növbəti sosial artımlar üst-üstə 2,1 milyondan çox vətəndaşı əhatə edəcək.

İndi əsas sual odur ki, həyata keçiriləcək artımlar mövcud qiymət artımı və inflyasiya tempinə görə qənaətbəxş həddə sayılırmı və əhalinin rifah halının yaxşılaşdırılması baxımından nə dərəcədə effektiv əhəmiyyət kəsb edir?

Çünki ilin əvvəlindən bəri hər yerdə olduğu kimi ölkəmizdə də istehlak qiymətləri artmaqda davam edir, inflyasiya yüksək səviyyədə təşkil etməklə, yüksəlməkdə olan təklifi qarşılaya bilmir.

Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,4 faiz, qeyri-ərzaq malları 4,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,4 faiz artıb.

Əhalinin gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında nominal ifadədə cəmi 2,5 faiz artaraq 51,6 milyard manat təşkil edib.

Qiymətlərin yüksəlişinin hansı səbəblərlə bağlı olduğunu izah etmişəm. Bununla belə, bir daha qeyd edirəm ki, bu, həm qlobal təsirlərlə bağlıdır, həm də daxildə tələbatın artması ilə.

Əməkhaqqı, pensiya və sosial ödənişlərin artması sözsüz ki, buna bir az da təkan verəcək. Daha dəqiq desəm, əlavə təkan yaradacaq. Çünki qiymət artımı onsuz da hələ davam edir və davam edəcək.

Odur ki, bəzilərinin əhalinin gəlirləri üzrə gələn il həyata keçiriləcək artımların tələb edilən səviyyədə olmadığı fikir və yanaşmaları ilə razılaşmaq mümkün deyil.
Məsələn, bəzi iqtisadçıların minimum əməkhaqqı səviyyəsinin 250 manatdan 300 manata (cəmi 50 manat) qaldırılmasını az hesab etmələri düzgün sayıla bilməz. Bu, "odun üzərinə benzin atmaq" kimi bir effekt verə bilərdi.

Ümumiyyətlə, büdcədən sosial istiqamətdə ödənişlərin artırılmasında səmərəlilik dərəcəsi yüksək həssaslıqla nəzərə alınmalı və əsas hədəfin nədən ibarət olduğu əsla yaddan çıxarılmamalıdır. Hədəf isə əhalinin real gəlirlərinin artmasına nail olmaqdan ibarətdir.

Odur ki, birmənalı şəkildə qeyd edirəm, bəli, minimum əməkhaqqı səviyyəsini misal üçün, 350 manat da etmək olardı. Və dövlət büdcəsinin və ümumiyyətlə, ölkənin mövcud maliyyə resursları buna imkan verirdi.

Lakin bu, inflyasiyanın və qiymət artımının “yeminə” çevriləcəkdisə belə sosial siyasət kursu dövlətin maliyyə imkanları ilə uzlaşmaq məsələsi deyil, ümumi makroiqtisadi tarazlığı qoruyub saxlamaq və möhkəmləndirmək istəyi çərçivəsindən kənara çıxmaq konteksti daşıyacaqdı.

Odur ki, artımlara mərhələli olaraq getmək daha məsləhətdir. Başqa sözlə desəm, inflyasiya ocağını alovlandırmaqla deyil, onu lokallaşdırmaqla.

2019-cu ildə olduğu kimi...

Qeyd olunan ildə arada 6 ay fasilə verilməklə 2 dəfə artıma gedildi və bir ildə 2 sosial paket icra edildi ki, minimum əməkhaqqı 2 dəfə artırıldı və 130 manatdan 250 manata qaldırıldı. Nəticədə sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə əvvəl çatdı, sonra isə onu keçdi.

Demək istədiyim odur ki, 2019-cu ildə artımlar mərhələlərlə, yəni, iki dəfə həyata keçirildiyindən əhalinin gəlirlərinin artması da real olaraq daha çox hiss edildi. Və 4 milyondan çox vətəndaşı əhatə edən artımlar heç bir halda inflyasiya faktoruna çevrilmədi və ölkədə qiymət artımlarına rəvac yaratmadı.

Xatırladım ki, sözügedən ildə cəmi 2,6 faiz inflyasiya qeydə alındı.

Ümumiyyətlə, 2019-cu ilin təcrübəsi bir daha sübut və təsdiq etdi ki, Azərbaycanda əhalinin gəlirlərinin artması, sosial istiqamətdə maliyyələşdirmənin genişləndirilməsi inflyasiya yaratmır və kəskin şəkildə qiymətlərin yüksəlməsi faktoruna çevrilmir.

Ancaq bir şərtlə ki, bu sahədə ortada "kəskin alov və vulkan püskürməsi" vəziyyəti hökm sürməsin. Real vəziyyətin fərqi isə məhz ondan ibarətdir ki, inflyasiya tempi yüksəkdir, qiymət artımı dalğası var. Və bu, əhalinin gəlirlərinin artması ilə əlaqədar deyil.

Ona görə də yeni ildən baş tutacaq artımların səviyyəsi qənaətbəxş həddədir, düşünülmüş və ehtiyatlı şəkildə həyata keçiriləcək məbləğlərdədir.

2022-ci ildə sosial istiqamətdə həyata keçiriləcək geniş maliyyələşdirmə tədbirlərinin real inflyasiya alovunun “yeminə” çevrilməyəcəyinə inam böyükdür və güman etməyə əsas verir ki, hökumətin və dövlətin əlində olan müvafiq alətlər hesabına bazar sırf tələb ilə təklifin nisbəti çərçivəsindən kənar diktə nümayiş etdirməyəcək.

ƏN ÇOX OXUNANLAR

  • 9
Rusiyada zəlzələ oldu
0.075099945068359