• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bankların vəziyyəti düzəlib: İqtisadiyyatı kreditləşdirmək hələ də mümkün deyil...



Pərviz Heydərov yazır...

Bank sektorunda vəziyyət sabitdir. Bunu cari ilin yanvar-noyabr aylarında sektorun 614,1 milyon manat xalis mənfəət əldə etməsi faktı da sübut edir. Qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur. Artıq, başa çatmaqda olan bu il ərzində bank sektoru xalis mənfəət cəhətdən hər ay artım nümayiş etdirib.

Bu ilin dekabrın 1-nə ölkəmizin bank sektorunun aktivləri də 35 milyard 604,5 milyon manat təşkil etməklə, ötən ilin yanvar ayının 1-i ilə müqayisədə 15,8 faiz çox olub. Aktiv isə, bankların həyata keçirdiyi kredit əməliyyatları üzrə əmələ gələn vəsaitə deyilir. 

İlk dəfədir ki, bankların aktivləri 35 milyard manatı keçib.

Xalis mənfəət göstəricisi üzrə 11 ay ərzində (2021-ci ilin yanvar-noyabr ayları) bankların əməliyyat gəlirləri 2,7 milyard manat - ötən ilin eyni dövrünə nisbətən 14,6 faiz çox, əməliyyat xərcləri 1 8 milyard manat (15,1 faiz çox), xüsusi ehtiyatlara ayırmalar 180,8 milyon manat (61,4 faiz çox), digər gəlirlər isə, 0,9 milyon manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə, 121,6 milyon manat (16,8 faiz az) təşkil edib.

Bankların aktivlərinin 15 milyard manatını isə, müştərilərə verilmiş xalis kreditlər təşkil edib ki, son 1 ildə sektorun kredit portfeli 15,2 faiz böyüyərək, kreditlərin aktivlərdəki payı 42,4 - 42,6 faiz aralığında qərarlaşıb.

Son illər ərzində həm xarici şəraitin normallaşması, həm hökumətin və dövlətin bank sektorunu 2014-2015-ci illərdə yaranan böhran nəticəsində üzləşdikləri problemlərdən xilas etməsi sayəsində kommersiya banklarının vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Əgər 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən problemli kreditlər məsələsinə müdaxilə olunmasaydı və banklar bununla "süni nəfəs aparatından" ayrılmasaydı, vəziyyət heç də ürəkaçan olmazdı.

Yeri gəlmişkən, problemli kreditlər göstəricisi də qənaətbəxş vəziyyətdədir. Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 786,3 milyon manat təşkil edib ki, bu da problemli kreditlərin həcminin ilin əvvəlinə nisbətən 12 faiz, son 1 ildə isə, 14,8 faiz azalması deməkdir.

Bank sektorunda vəziyyətin düzəlməsinə daha bir əyani sübut isə, əhalinin əmanətlərinin yerləşdirilməsi üzrə dollara meyilin azalması faktorudur. Yəni, başqa sözlə desək, dedollarizasiya prosesinin güclənməsidir.

Bu çox müsbət tendensiyadır.

Cari ilin ötən 11 ayının yekununa görə banklarda cəmi depozitlərin həcmi 26.8 milyard manat təşkil edib. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda əhali dollarda deyil, milli valyutada depozit qoymağa daha çox meyillənib. 

Fiziki şəxslərin əmanətlərinin həcmi 1 dekabr 2021-ci il tarixinə 9 milyard manat ekvivalentində təşkil edib ki, 2021-ci ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin depozitlərinin həcmi 10.7 faiz artım nümayiş etdirib. Son bir ayda isə, əhalinin banklardakı depozitlərinin həcmi 164.3 milyon manat və yaxud 1.8 faiz təşkil edib.
Fiziki şəxslərin depozitlərinin 5,2 milyard manatı müddətli (yəni faiz almaq müqabilində banka yerləşdirilmiş), 3,6 milyard manatı isə, tələbli depozitlər olub.

Əhalinin depozitlərinin həcmi milli valyutada daha kəskin artmışdır. Məsələn, manatda olan depozitlərin həcmi son bir ayda 4.2 faiz, ilin əvvəlindən isə, 1,2 milyard manat və yaxud 30.5 faiz artım nümayiş etdirərək, 5,2 milyard manata yüksəlib.

Xarici valyutada isə, ilin əvvəlindən bəri baş verən eniş son bir ayda 1.2 faiz (47.1 milyon manat), ilin əvvəlində isə, 8.5 faiz (353.8 milyon manat) azalaraq 3,8 milyard manata qədər düşüb.

Xatırladım ki, banklarda dollarlaşma 2014-cü ildə, neftin dünya bazarındakı qiymətləri düşdükdən sonra başlamışdı. Və 2015-ci ildə baş verən iki devalvasiya nəticəsində bu proses daha da sürətlənmişdi. 2017-ci il və ondan sonrakı ilə qədər banklara yerləşdirilən vəsaitlər əsasən dollarla idi.

Manatın dəyəri möhkəmləndikcə, eyni nöqtədə qalıb sabit xarakter daşıdıqca və banklar tərəfindən dedollarizasiya prosesi stimullaşdırıldıqca - manatla əmanət qoyuluşu şirnikləndirildikcə balans tədricən dəyişməyə başladı. 

Və manatla əmanət yerləşdirilməsi daha çox təşkil etməyə başladı.

Bəs, bütün bu qeyd olunanlara əsasən bank sektorunun real vəziyyətini sağlam hesab etmək mümkündürmü?!

Təəssüf ki, hələ də, yox... Sual olunur, niyə?! 

Ölkəmizdə bank sektorunu "uçuruma" salan, xəstələndirən nə yuxarıda qeyd etdiyim 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin ucuzlaşması olmuşdu, nə də keçən ilki pandemiya şəraiti.

Bank sektoruna pandemiya tez təsir göstərə bilməzdi. Bunun üçün bir az vaxt lazım idi. Əgər, hansısa göstəricilərdə mənfi fəsadlar və meyillər görünürdüsə bu, sektorun vəziyyətindən irəli gəlirdi.

Azərbaycanda bank sektorunu sağlamlaşdırmağa çoxdan ehtiyac vardı. Bank sektoru elə bir sahə deyil ki, sağlam vəziyyətdə olduğu halda kənar və subyektiv təsirlər onu dərhal pis vəziyyətə sala bilsin. Sözügedən sektoru və yaxud sistemi mənfi mənada silkələmək üçün gərək, onun özündə ciddi xəstəlik simptomları olsun... Bunun isbata ehtiyacı yoxdur. Ona görə də iqtisadi şərait pisləşən kimi birinci olaraq məhz bank sektorunda üzə çıxır.

Azərbaycanda bank sektoru 2014-2015-ci ildən əvvəl də sağlam vəziyyətdə deyildi. Və odur ki, bank sektorunu sağlamlaşdırmaq üçün bankları ləğv etmək - onları lisenziyasızlaşdırmaq çıxış yolu ola bilməzdi. 

Banklara dəstək lazım idi.

2019-cu ildə Prezident İlham Əliyev tərəfindən problemli kreditlər məsələsinə müdaxilə olunmasa və bu yolla da banklar "süni nəfəs aparatından" ayrılmasaydı, bu gün vəziyyət nə yerdə idi, Allah bilir...

Ona görə də əsas tələb budur ki, məsələ real sektorun və bazarın öhdəsinə buraxılsın. Yəni, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinə nail olunsun. Bank sektoru ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək, bu sahədən ixracı artırmaq tələblərinə - məqsədlərinə cavab verməlidir. Bunun üçün isə, qeyri-neft sektoru maliyyələşdirilməlidirlər.

Başqa sözlə desəm, istehlak deyil, biznes və istehsal kreditləşdirilməsinə can atılmalıdır. Real vəziyyət ondan ibarətdir ki, yazının girişindən bəri sadaladığım müsbət tendensiyalardan dolayı banklarda yaranan izafi likvidlik, yəni pul artıqlığı məsələsi yavaş-yavaş ciddi "baş ağrısına" çevrilə bilər.

Hazırda ölkədə 26 bank fəaliyyət göstərir, likvidlik isə normadan iki dəfə çox sayılır. Belə ki, əvvəl pul yox idi borc verməyə, indi pul var, borc vermək olmur. Çünki faizlər hədsiz yüksək, real sektorda və biznes sahəsində isə, risk amilləri çoxdur.

Odur ki, Mərkəzi Bankının sədri Elman Rüstəmov qeyd etmişkən, bankları günahlandırmaq mümkün olsa da, onları vəsaitləri əllərində saxlayıb kredit vermədiklərinə görə ittiham etmək əsassız sayılır. Çünki bunun üçün əldə səbəb olmalıdır.

Səbəb isə, iqtisadiyyatdadır.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.079034090042114