- 6
ENDİRİLİR
ENDİRİLİR
Elvin Cəfərov, düşmənə qan udduran “Mauqli”, müharibədən sonra yurduna qəhrəman kimi dönən və böyük təmtəraqla qarşılanan qazi də intihar etdi.
Bu ağır xəbərin ağırlığı canımızdan çıxmamış daha 3 qazinin intihara cəhd etdiyi və yaxud intihar etmək istəyi haqda məlumatlar yayıldı.
Hamısının da bir səbəbi var: pensiyası kəsilib, əlilliyi verilmir, dolanışığı ağırdır və s.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünü müdafiə məqsədilə az öncə bəzi məlumatlar paylaşmışdı, bildirilirdi ki, indiyə qədər 3 min qazinin əlilliyi təsdiqlənib-filan...
44 günlük Vətən savaşında nə qədər yaralı əsgərimiz olub? Niyə ondan cəmi 3 mininin əlilliyi təsdiqlənməlidir? Niyə digər qazilər hələ də əlilliyinin təsdiqlənməsini gösləməlidir?
Mauqlinin intiharından sonra açıqlama yayan ƏƏSMN elan etdi ki, Elvin hər ay 300 manat Prezident təqaüdü, 358 manat əlilliklə bağlı pensiya-müavinət-sosial yardım, üstəlik də aylıq 300 manatlıq işi daxil olmaqla, ümumilikdə 958 manat alırmış.
Elvin üçün cəmi 300 manatlıq iş tapmalarını və onun ayda 300 manata işlədiyini demir, Prezident təqaüdünü, sosial yardımı üst-üstə gəlir; Elvinin intiharı ərəfəsində təqaüd-pensiyasının kəsilməsinin səbəbinə aydınlıq gətirmir, yalnız aldıqlarını üst-üstə qalaqlayıb açıqlayır.
8 medallı, günlərlə erməni mühasirəsində qalan, sağlamlığını itirən qaziyə ayda 300 manatlıq iş yeri düzəltmisiniz. O məlumatı ictimaiyyətə açıqlayan şəxs – heç vaxt döyüş görməyən, müharibənin nə olduğunu bilməyən adam nə qədər maaş alır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Sosial Müdafiə Fondunda maaş nə qədərdir?
Canında qəlpələr gəzdirən qazi Elvin Cəfərov 3-cü dərəcəli əlilliyə görə 120 manat aylıq müavinət alırmış. Əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayevin “şəkər və təzyiq” xəstəsi olan anası nə qədər aylıq alırdı? Səhv etmirəmsə, 230 manat. Elədirmi?
İzah edə bilərsinizmi ki, nazir anası şəkər xəstəliyi olduğu üçün niyə 230 manat alır, müharibədə canını qoyan əlil 120 manat?
Elvindən sonra özünə qəsd edən qazi-veteranların da hər biri pensiyasının kəsilməsinə etiraz edir.
Onların pensiyasının kəsilməsinə niyə aydınlıq gətirilmir? Necə olur bu şəxslərin pensiyası qəfildən kəsilir? Necə olur qazilər aylardır pensiya düzəldə bilmir? Ümumiyyətlə, onların pensiyası ilə bağlı niyə sənədlər toplanmalıdır? Niyə onlar əl-ayaqda qalmalı, ora-bura getməli və buna aylarla vaxt sərf etməlidirlər?
Bütün yaralılara və müharibə iştirakçılarına 10 noyabr 2020-ci il tarixdən dərhal pensiya kəsilməli idi. Əgər yaralılardan tam sağalanlar olardısa, reabilitasiya mərhələsindən sonra normal işlə təmin edilə və əlillik pensiyasına xitam verilə bilərdi.
Ümumilikdə 10 mindən bir qədər çox yaralımız olub. Cəmi 10 min yaralıya pensiyanı 10 noyabr 2020-ci il tarixindən dərhal təyin etmək, daha sonra müalicə alanlarla bağlı bir-bir qərar vermək bu qədərmi çətindir?
Bu ölkədə təxminən 1,3 milyon pensioner var. Qazilərin hamısını daxil etsəydilər, bu rəqəmdə artım bir faiz də etməyəcəkdi. Ümumilikdə hansı yük düşə bilərdi ki dövlət büdcəsinə?
10 min qaziyə əlilliyə görə 2020-ci il 10 noyabrdan başlayaraq, ayda ən yüksək müavinət – məsələn, 500 manat da kəsmək olardı. Bu, ayda cəmi-cümlətani 5 milyon, il ərzində 60 milyon, indiyə qədər, 1,8 ay ərzində isə 100 milyon edərdi.
Hardan tamacaqdı o vəsaiti?
Axtarmağa gərək yox idi axı – sadəcə, “qənaət” etdiyinin 20 faizini İkinci Qarabağ savaşının qəhrəmanlarına xərcləmək lazım idi.
ƏƏSMN bir müddət öncə rəsmi açıqlama verərək, son iki ildə dövlətin ayırdığı vəsaitdən 550 milyonuna qənaət edib, geri, dövlət büdcəsinə qaytardığını fəxarətlə elan etmişdi.
Bu rüsvayçı “geriqaytarma” əvəzinə həmin vəsait tamamilə əlillərə, veteranlara, şəhid ailələrinə, həssas təbəqəyə xərclənsə, nə baş verərdi?
Necə ola bilər ki, müharibədən öncə qürurları göylərdə olan Ermənistan əsgərləri darmadağın olur, qürurları yerləbir edilir, ancaq savaşsonrası orda intiharlar demək olar ki, yoxdur, Azərbaycanda isə indiyə qədər onlarla qazi intihar edib və intihar edənlərdən 36-sı ölüb?
Necə olur ki, məğlub ermənilər yox, qalib azərbaycanlılar özünü öldürür?
Nə baş verir? Kim onları incidir? Onları intihar həddinə kim çatdırır?
Paşinyana “qardaş yardımı” göstərən, erməni ordusunun qisasını Azərbaycanın şanlı əsgərlərindən alan hansı erməniqanlıdır?
Ermənistan ordusunun döyüşdə bacarmadığını qeyri-döyüş şəraitində kimlər bacarır?
İlham Əliyevdən yox, Paşinyandan təşəkkür almaq üçün çalışan kimdir?
Kefsiz İsgəndər