• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məktəbdə psixoloqların fəaliyyətinə mane olan amillər – Məktəb psixoloqu açıqladı



Təhsil sahəsində mövcud olan problemlərdən biri də psixoloq fəaliyyətidir. Əksəriyyətimiz 11 il oxuduğumuz məktəbin psixoloqunu tanımamışıq. Şagird olduğumuz vaxtlarda məktəbimizdə belə bir fəaliyyətin olduğundan da xəbərsiz olmuşuq. Kimdədir günah? Psixoloqda, yoxsa təhsildə? Atalar demişkən, balıq başdan iylənər.

Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə məktəblərdə psixoloq fəaliyyətindən bəhs edib. Nazir deyib ki, məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizmi dəyişməlidir ki, əməkhaqqı sisteminə yenidən baxılsın. Psixoloqların bildirdiyinə görə, məktəblərdə psixoloqların maaşı 360 manatdan başlayır.

Psixoloqların fəaliyyətinə mane olan amilləri Medianews.az-a açıqlayan 221 saylı tam orta məktəbin psixoloqu Fərqanə Nağıyeva bildirib ki, psixoloqların rahat fəaliyyəti üçün imkanlar tam təmin edilməyib:

“Məktəblərdə psixoloqların sərbəst fəaliyyəti üçün tam şərait yoxdur. Məsələn, bizim üçün ayrıca otaq yaradılmalıdır ki, şagirdlərlə rahat şəkildə işləyə bilək. Həmçinin maaşlar da çox aşağıdır. Yüksəldilməsi psixoloqlar üçün stimul olar. Ən böyük problemlərdən biri də uşaqların çoxluğu, psixoloqların azlığıdır. Mənim çalışdığım məktəbdə 2000-dən çox uşaq var, psixoloq isə yalnızca mənəm. Bu qədər uşağa diqqət ayırmaq çox çətindir. Bu səbəbdən ciddi nəticə əldə etmək də olmur."

Fərqanə Nağıyeva qeyd edib ki, bu problem yalnızca Təhsil Nazirliyinin xüsusi planlar yaratması ilə həll oluna bilər:

“Vaxt məsələsi də düzgün təyin edilməlidir. Məsələn, elə bir gün, saat təyin edilməlidir ki, uşaqlarla hər dəfə o vaxtda məşğul olaq. Müəyyən vaxt ayrılmadıqda bir çox problemlər ortaya çıxır. Hansısa dərsin vaxtında uşağı dərsdən alıb yardım edə bilmirik. Çünki dərs də, psixoloji dəstək də eyni dərəcədə vacibdir. Həmçinin ayrıca psixologiya fənninin də tədrisi nəzərdə tutulsa, şagirdlərə daha çox yardım edə bilərik”.

Təhsil Eksperti Elvin Bədirov da məktəblərdə psixoloji fəaliyyətlə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, maaşların artırılması psixoloqların fəaliyyətinə müsbət yöndə təsir edəcək:

“Maaş insanlar üçün prioritet məsələdir. Psixoloqların maaşı artırılarsa, bu, onlara stimul verəcək. Lakin problemi həll etməyin əsas yolu bu deyil. Həmçinin məktəblərdəki şagird sayı ilə psixoloq sayına da nəzər yetirməliyik. 500 nəfərlik məktəblə 2000 nəfərlik məktəb arasında fərq var. Onların ikisinə də 1 və ya 2 psixoloq təyin etmək düzgün olmaz.
Psixoloqların məktəbə təyin olunması imtahanla qəti müəyyənləşdirilməlidir. Rəqabətli mühitdə məktəblərə seçilən psixoloqların səriştəsi yüksək olacaq. Belə olan təqdirdə onlar məktəbdə gedən proseslərdə daha aktiv olacaq və şagirdlərlə daha ciddi formada işləyəcəklər. Hazırda psixoloqların sayının azlığı əsas problemdir.

 

ƏN ÇOX OXUNANLAR

4.6537599563599