- 7
ENDİRİLİR
ENDİRİLİR
Hakim:
- Əyləşin yerinizə. Mən sizə xəbərarlıq edirəm.
Vəkil:
- Mənsə sizdən tələb edirəm ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi bütün ifadələr elan edilsin.
Hakim (üzünü katibə tutaraq):
- Vəkilə xəbərdarlıq protokola qeyd olunsun.
Vəkil:
- O ifadələrin elan edilməsi çox vacibdir. Əgər o ifadələri elan etməyin üzərindən sakit keçiləcəksə, o zaman bu məhkəmə niyə qurulub? Burda insan taleyi həll olunur...
2019-cu ilin noyabrında Tovuzun Dondarquşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi sona yaxınlaşdıqca hakimlərlə vəkillər arasındakı gərginlik artır.
Məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilir.
Avqustun 24-də məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov bildirdi ki, indiyədək sənədlərin bir hissəsi elan edilib və hazırda yenə sənədlər elan olunacaq. Ancaq vəkil Zabil Qəhrəmanovsa bildirdi ki, təkcə elan olunmur, həm də tədqiq edilməlidir.
Hakim təklif etdi ki, sənədlər elan edildikcə vəkillər özlərində qeydlər aparsın, sənədlərin elanı başa çatandan sonra isə vəsatətlərini təqdim etsinlər.
Vəkillər hakimdən İlkin Süleymanovun ibtidai istintaqa verdiyi ifadələrini ardıcıllıqla elan etməsini dönə-dönə istəsələr də, hakim bildirdi ki, məhkəmənin başladığı ilk günlərdə bu ifadələr elan edilib.
Vəkil Zabil Qəhrəmanovsa İlkin Süleymanovun yalnız 8 yanvar 2020-ci ildə ibtidai istintaqa verdiyi şahid ifadəsinin məhkəmədə elan edildiyini, digər ifadələrininsə elan edilmədiyini dedi. Ancaq hakim bütün ifadələrin elan olunduğunu bildirirdi.
Vəkilin israr və tələbi hakimi özündən çıxartdı və o, vəkilə xəbərdarlıq etdi. Buna baxmayaraq Zabil Qəhrəmanov yenə tələbinin üzərində dayandı.
Nəhayət, hakim üzünü İlkin Süleymanova tutdu:
- Süleymanov, yadındadırsa, burada sənin bütün ifadələrin elan olunmuşdu.
İlkin Süleymanov:
- Xeyr, yadıma gəlir ki, mənim o vaxt ibtidai istintaqa 8 yanvar 2020-ci ildə verdiyim şahid ifadəm elan edildi. O biri ifadələrim elan edilmədi.
Əslində vəkil İlkin Süleymanovun ilkin ifadəsiylə sonrakı ifadələri arasındakı ziddiyyətlərin ortaya çıxarılmasını istəyir. İlkin Süleymanov və müdafiəçiləri sonrakı etirafedici ifadələri işgəncələrin nəticəsində verdiyini iddia edirlər. Nəhayət, onun 10 yanvar 2020-ci il tarixdə (birinci ifadəsindən iki sonra verdiyi ifadə) verdiyi ifadə elan edildi.
Həmin ifadəsində qeyd olunur ki, Nərmin Quliyeva onların qapısından keçəndə kitab vermək bəhanəsiylə onu evə aparıb. əl-ayağını çarpayıya bağlayıb, ağzınısa əski parçasıyla bağlayıb.
Həmin otaqdan ailələri istifadə etmədiyi üçün Nərmini öldürdüyü günədək orada saxlayıb. Ancaq bir neçə gün sonra Nərminin öləcəyini bilib, daş parçasıyla başından vuraraq öldürüb. Torbaya qoyub və evlərindən bir qədər kənara aparıb. Sonra evə qayıdıb, neft götürərək geri dönüb, Nərminin nəşini yandırıb, sonra da qonşuları köməyə çağırıb.
İfadə elan edildikdən sonra hakim üzünü təqsirləndirilən şəxsə tutdu:
- Nəyə görə iki gün sonra belə ifadə verdiniz?
Təqsirləndirilən şəxs:
- Mənə elə işgəncələr vermişdilər ki, canımı qurtarmaq üçün hər şeyi boynuma götürməkdən başqa yolum qalmamışdı. Daha işgəncələrə dözməyə halım qalmamışdı.
Hakim:
Təqsirləndirilən şəxs:
- Hə, elədir. Mən özüm düşünüb fantaziyalar qururdum. Yəni məsələn, bu yerini necə yazsam, inandırıcı görünər... Ardıcıllığı gözləyə-gözləyə beynimdə qurduqlarımı vərəqə köçürürdüm. Bilirdim ki, nəsə üst-üstə düşməsə, məni yenə dəhşətli işgəncə gözləyəcək. Düşünürdüm ki, nə olursa olsun, bunlardan canımı qurtarmalıyam, sonra gedib məkəmədə doğruları söyləməliyəm.
Vəkillər İlkin Süleymanovun ibtidai istintaqa verdiyi başqa ifadələrinin də elan edilməsini istədilər. Hakim bildirdi ki, başqa ifadələri məhkəmənin əvvəlində elan edilib və təqsirləndirilən şəxs həmin ifadələrlə bağlı sorğu-sual olunub.
Bu zaman yenə müdafiə tərəfiylə hakim arasında ümübahisə düşdü. Hakim digər ifadələrin elan edilməsini təmin etmədi. Daha bir neçə sənədi elan etdikdən sonra məhkəmə iclasını avqustun 31-nə təyin etdi.
İki il yarım əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb.
İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.
İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. Məhkəmə iclası 1 ildir ki, davam edir.
2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi məqsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər.
Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib.
İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır.
İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.
Toplum.TV