• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tarixçi alim: “Abbas Seyidov institutda işləməyənləri ekspedisiyaya yazaraq böyük pullar mənimsəyib”



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş qurumun nümayəndəsi iştirak etməyib.

Hakim deyib ki, institutun direktoru Abbas Seyidov tərəfindən məhkəməyə ərizə daxil olub.

Abbas Seyidov cinayət işi üzrə şahid qismində tanınmış institutun hüquq şöbəsinin müdiri Fəxrəddin Gözəlovun şahid qismində tanınmasına xitam verilməsini, onun zərərçəkmişin nümayəndəsi qismində tanınmasını xahiş edib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən isə zərərçəkmişin nümayəndəsi kimi Şahin Əsgərov tanınıb. Hakim deyib ki, ərizədə Şahin Əsgərovun nümayəndə kimi xitam verilməsi üçün heç bir qeyd yoxdur.

Təqsirləndirilən şəxslərin vəkilləri isə nümayəndənin dəyişdirilməsinə etiraz ediblər. Vəkillər deyib ki, şəxsin şahid qismində tanınmasına xitam verilməsi üçün əsas yoxdur, qanunda buna yol vermir.

Təqsirləndirilən şəxslər də Fəxrəddin Gözəlovun şahid qismində tanınmasına xitam verilməsinə etiraz ediblər. Bildiriblər ki, həmin şəxs istintaqda dindirilmiş əsas şahidlərdən biridir.

Hakim Azad Məcidov bildirib ki, məhkəmə şahid Fəxrəddin Gözəlovu dinləyəndən sonra bu məsələ ilə bağlı qərar qəbul edəcək.

Prosesin davamında təqsirləndirilən Gülüstan İsayeva vəkilinin suallarını cavablandırıb.

Gülüstan İsayevanın dediyinə görə, o, kadrlar şöbəsində işləsə də, bir çox məsələlərlə əlaqəsi olmayıb. O, işçilərin işə götürülməsindən, ekspedisiyaya gedən şəxslərdən xəbərsiz olduğunu qeyd edib:

“Ekspedisiya üzvlərinin təyin edilməsi mənim səlahiyyətlərimə aid olmayıb. Onları institutun direktoru Maisə Rəhimova müəyyən edirdi. Ezamiyyət, məzuniyyət və digər məsəllərlə isə baş mühasib Zülhiyyə Cəfərova, mühasib Salman Muradov məşğul olublar”.

Hakim iş materiallarındakı hazırda sözügedən institutun direktoru Abbas Seyidovun Baş Prokurorluğa ünvanlandığı məktubu elan edib. Həmin məktubda institut direktoru Gülüstan İsayevanı rüşvət almaqda ittiham edib. Məktubda ayrı-ayrı şəxslərin bununla bağlı izahatları elan olunub.

Gülüstan İsayeva məktubda yazılanların şər-böhtan olduğunu deyib:

“Abbas Seyidov özü ekspedisiya institutunun işçisi olmayan şəxsləri ekspedisiya üzvi kimi yazaraq 100 min manat mənimsəyib. Dövlətin pulunu fikirləşəndirsə, böyük mənimsəmələr olmuş institutu tam yoxladardı. İndi bizdən nə istəyirlər? Biz günahsızıq. Günahı olanlar kənarda qalıb”.

Tarix elmləri doktoru, professor Abbas Seyidov 2021-ci ilin noyabr ayında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru təyin olunub. Ona kimi direktor Maisə Rəhimova olub.

Müdafiə tərəfi vəsatətlə institutdan tabel dəftərlərinin alınmasını, məhkəmədə tədqiq olunmasını istəyib.

Prokuror vəsatətə münasibət bildirmək üçün vaxt istəyib.

Proses aprelin 12-də davam etdiriləcək.

Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədi ilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313(vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Səbuhi Hüseynov tarixçi alimdir. O, Təpəbaşı məhəlləsinin tədqiqatçısı kimi də tanınır.

ƏN ÇOX OXUNANLAR

0.088239908218384