• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Belində bıçaq, əlində təsbeh — İndiki məktəblilər özlərini “vor zakon” kimi aparır



83 nömrəli məktəb-liseydə şagirdlərdən biri sinif yoldaşına bıçaqla xəsarət yetirib. Bakıda 14 yaşlı yeniyetmə bıçaqla hədələnib, telefonu əlindən alınıb. Qaxda 22 yaşlı oğlan həmkəndlisini bıçaqlayıb. Gəncədə isə 22 yaşlı gənc bıçaq xəsarətləri alıb...

Bunlar mart ayında mətbuatda çıxan bıçaqla törədilən cinayətlərin çox az qismidir. Son vaxtlar gənclər, xüsusilə məktəblilər arasında üzərində bıçaq gəzdirənlərin sayında artım müşahidə edilir.

Düzdür, bıçaq soyuq silah hesab edilmir. Soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.

Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, soyuq silahı əldə etmə, satma və ya gəzdirməyə görə - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yəni, soyuq silahlar təsərrüfat və ya istehsalatda istifadə olunmaq üçün hazırlanmır. Sırf kiməsə, nəyəsə xəsarət yetirmək üçün hazırlanır. Məsələn, bəzi şəxslərin üzərində daşıdığı və cinayətlərin törədilməsində istifadə edilən "beşbarmaq" adlandırılan alət soyuq silah hesab edilir.

Bu mənada bıçaq təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulduğunda soyuq silah deyil, hər hansı inzibati və ya cinayət məsuliyyətinə səbəb olmur. Buna görə də bu kəsici aləti gəzdirmək daha asandır. Müşahidələr göstərir ki, bəzi gənclər güc nümayiş etdirmək, qorxu yaratmaq üçün ciblərində kiçik bıçaqlar daşıyırlar. Bu tendensiya artıq məktəblərə də sirayət edib...

Dövlət İmtahan Mərkəzinin aprelin 2-də keçirdiyi imtahanlarda diqqətçəkən hadisə baş verib. Belə ki, bəzi şagirdlərin imtahana kəsici-deşici alətlər, bıçaq və təsbeh gətirdiyi müəyyən edilib. Şagirdlərin imtahana kəsici-deşici alətlərlə gəlməsi sual doğurur. Digər yandan məktəblilərin belə vasitələri daşıması həm də onların kriminal aləmə meyilli olduğunu göstərir.

Bəs şagirdlərin kitabdan çox bıçağa maraq göstərməsinin səbəbi nədir? Günahkar valideynlərdir, yoxsa məktəb?

Modern.az məsələ ilə bağlı bir neçə ekspertin fikirlərini öyrənib. 

Təhsil ekspert Kamran Əsədov bildirib ki, son üç il ərzində imtahana əlavə vasitələrin gətirilməsində artım müşahidə edilir:

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2023-cü ildə keçirilən imtahanlarda şagirdlərin üzərindən qadağan edilmiş əşyalar aşkarlandı. Təəssüf ki, son 3 ildə şagirdlər tərəfindən imtahan binasına əlavə köməkçi vasitələrin gətirilməsində artım müşahidə olunub. DİM keçirdiyi imtahanlarda təhlükəsizlik məsələsinə həssaslıqla yanaşır. İmtahan iştirakçıları mütəxəssislər tərəfindən ciddi şəkildə yoxlanılır. Buna baxmayaraq, şagirdlərimiz  imtahan binasına əlavə köməkçi vasitələr aparırlar. Şagirdlərin köməkçi vasitə kimi apardıqları avadanlıqlar da son üç il ərzində dəyişib. Əvvəllər telefon aparırdılarsa, indi ağıllı saatlar, qulaqcıqlar aparırlar. Diqqətçəkən məqam ondan ibarətdir ki, bəzi orta ümumtəhsil məktəblərinin şagirdləri peşəkarlaşıblar. Üst geyimlərinin üzərinə qulaqcıqları əlavə edə bilirlər. Bu onların  gələcəkdə modelyer olmaq ehtimalını artırır".

Ekspertin sözlərinə görə, şagirdlərin bıçaqdan və digər kəsici-deşici alətlərdən hansı məqsədlə istifadə edə biləcəklərinin heç bir elmi izahı yoxdur:

"Elm və Təhsil Nazirliyi yaxşı elmli şagird yetişdirə bilməsə də, köməkçi vasitələrdən istifadə edə biləcək şagirdləri yetişdirə bilir. Təəccüblü məqam odur ki, şagirdlər imtahana kəsici-deşici alətlər, bıçaq, alışqan, təsbeh apara bilirlər. Sanki onlar mafiya kinolarındakı obrazları canlandırırlar. Elm və Təhsil Nazirliyi şagirdlərdən kriminal aləmin mütəxəssisi obrazını yarada bilib. Hətta biz Neft və Sənaye Universitetində keçirilən bayram şənliyində tələbələrin bir ağızdan kriminal aləmə məxsus musiqini oxuduqlarına şahid olduq. Artıq bizim şagirdlərimiz, tələbələrimiz kriminal aləmə meyillənə biliblər. Şagirdin kəsici-deşici alətlərdən, bıçqdan nə üçün istifadə edə biləcəyinin heç bir elmi izahı yoxdur. Həmin vaxt şagirdə qələm, karandaş və pozan lazımdır. Şagird ora yazdığını pozmağa gəlib, kiminsə həyatını pozmağa yox. Bu yaxşı hal deyil. Orta məktəb şagirdləri arasında ciddi problemlər mövcuddur. İmtahana telefonla gələn şagirdlər, indi təsbehlə gəlirlər. Son dövrün statistik göstəricilərinə baxdıqda, yeniyetmələrin iştirakı ilə xüsusi amansızlıqla törədilən cinayət hallarında artım müşahidə olunur.  Elm və Təhsil Nazirliyi məktəblərə nəzarət edə bilmir. Xüsusən  məktəblilərin iştirakı ilə elə məktəblərdə  baş verən krimonoloji hadisələrin törədilməsinin həcminin artdığını müşahidə etmək mümkündür”.

K.Əsədov qeyd edib ki, belə hallara qarşı birmənalı olaraq mübarizə aparılmalı və ciddi cəzalandırma olmalıdır:

“İmtahan gələn şagirdlər bilməlidir ki, onlar DİM tərəfindən yoxlanılır. Özləri ilə hansısa uyğun olmayan əşyalar götürdükdə, imtahan nəticələri ləğv edilir. Həmin tədris ili ərzində başqa imtahana girə bilməyəcəklər. Ümumilikdə, maarifləndirmə işləri aparılmalıdır. Şagirdlər soyuq silah daşımağın və ondan istifadənin birbaşa cinayət əməlinə sövq edə bildiyini anlamalıdır. Ağır məsuliyyətdir. Şagirdin üstündə şəxsiyyət vəsiqəsi, qələm, karandaş pozan olmalıdır. Şagirdləri növbəti imtahanda bundan çəkinməyə çağırıram.

Qeyd edim ki, DİM yalnız əllə yoxlanış həyata keçirmir. Həm də siqnalizasiya quraşdırılmış qurğulardan istifadə olunur.  Amma etiraf edək ki, şagirdlər həm də texnologiyanı aldada bilən mütəxəssis kimi yetişiblər. Bizim məktəblərimiz onlara elm, təhsil verməsə də, imtahanda ağıllı saatları və digər texniki vasitələri o qədər yaxşı formada gizlədə bilirlər ki, müasir dövrün innovativ qurğuları belə onların əməllərinin üstünü aça bilmir. Şagirdlərimiz haqqa girmiş olurlar. Öz nəticələrini süni şəkildə artırmaqla kiminsə nəticəsinin aşağı düşməsinə səbəb ola bilirlər. Ciddi cəzalandırma olmalıdır. Biz düşünürük ki, onlar azyaşlıdırlar.  Ancaq onlar kənar avadanlıq gətirməyə vaxt ayıracağına oxusaydılar, imtahana hazır ola bilərdilər. Ədalətli olması üçün maarifləndirmə işləri aparılmalıdır. Onların 1 yox, bir neçə il imtahana daxil olmaları qadağan edilsə, belə hallara yol verməzlər”.

Sosioloq Asif Bayramov isə vurğulayıb ki, şagirdin imtahana kəsici-deşici alət gətirməsi, yaxud üzərində gəzdirməsi arzuolunmazdır:

“Əvvəlki nəsillərdə də buna bənzər, hətta bundan zərərli vərdişlər mövcud olub. Həmin dövrdə medianın, informasiya vasitələri indiki səviyyədə olmadığı üçün bu məsələlər işıqlandırılmayıb. Hər bir yeniyetmə olduğu  sosial mühitin davranışlarını əxz edir. Bu sosial mühit ilk növbədə ailədir. İkinci yerdə məktəb, üçüncü yerdə isə kollektiv gəlir. Bu üçündən daha güclü olan faktor  təbii ki, internet, informasiya resurslarıdır. “İnstaqram”, “Facebook” və  bu kimi tətbiqləri buna misal göstərmək olar. Böyüyən  nəslə təsir edən faktorların  belə çoxaldığı dövrdə onların şüurunun, dünyagörüşünün, streotiplərinin, davranış modellərinin cəmiyyətə yararlı formalaşması üçün hakimiyyətin, hökumətin dövlət  qurumlarının, xüsusilə Elm və Təhsil Nazirliyinin bunun bağlı xüsusi proqramı olmalı və dövlət büdcəsindən maliyyələşməlidir. Belə deyək ki, böyüyən nəsil kənardan onun şüuruna ötürülən zərərli düşüncələrdən, streotiplərdən sığortalanmalıdır”.

Mütəxəssis hesab edir ki, internetin, texnologiyanın inkişaf etdiyi dövrdə mənfi tendensiyaların qarşısını almaq o qədər də asan deyil:

"Rusiyanın, eləcə də digər ölkələrin praktikasından yararlana bilərik. Hər il Rusiyanın Prezidenti Vladimir Putin rus ictimai şüurunu Qərbin zərərli ideyalarından, streotiplərindən qorumaq üçün büdcədən 5 milyard dollar pul ayırır. Bu pullar cəmiyyəti onun üçün zərərli olan ideya axınından qoruyur. Biz dövlət sərhədimizi göz bəbəyitək qoruduğumuz kimi ideoloji sərhədlərimizi də qorumağın yollarını tapmalı, onun ən təsirli metodunu tətbiq etməliyik. Bu məsələyə çoxdan start verilib.

Məsələn müəyyən beynəlxalq festivallara Azərbaycandan filmlər təqdim olunur. Tutaq ki, festival Amerikada, Fransada, Almaniyada keçirilir. Bu zaman fərqli  ölkələrdən göndərilən filmlər dəfələrlə xüsusi münsiflər heyəti, ekspertlər heyəti tərəfindən nəzərdən keçirilir. Həmin cəmiyyətin şüuruna ötürülə biləcək zərərli streotipləri müəyyən edib, filmlərdən həmin epizodları kəsirlər. Buna etiraz edildikdə, “sənin filminin epizoduna zərər gəlməsin deyə mən sənin filmindəki zərərli ideyanı cəmiyyətin koruna ötürməliyəm” deyə qarşılıq verilir. Qərb dünyası cəmiyyətini, ictimai şüuru ona yad olan streotiplərdən necə də diqqətlə qoruyur. Azərbaycanın mənəvi-ideoloji sərhədləri  tamamilə açıq və müdafiəsizdir. İstənilən  zərərli streotip Azərbaycanın ictimai şüur  mühitinə asanlıqla daxil olur. Biz son zamanlar baş verən proseslərdə bunun əyani sübutunu görə bilirik. İrandan  Azərbaycana ötürülən zərərli streotiplərin qarşısının alınması ilə bağlı addım atılıb? Mən şahid olmamışam. Qərbdən məqsədli şəkildə ötürülən streotiplərə qarşı da  addım atılmayıb.  Bizim müvafiq dövlət qurumları bu zərərli ideoloji hücumlardan, hədələrdən  qorunmağın yolunu düşünüb, tapmalıdır. Onun praktiki həlli modelini tətbiq etməlidir. Bu zaman  gənclərimiz, yeniyetmələrimiz cəmiyyət üçün yararsız olan  davranışlardan çox rahat şəkildə azad olacaqlar”.

Mənbə Modern.az

ƏN ÇOX OXUNANLAR

0.080456972122192