• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mübhəm cinayətdə adı keçən sabiq səfirlə bağlı araşdırma başlaya bilər...



Axundovların sürətlə varlanması adlarının hallandığı çoxmilyonluq dələduzluq olayının baş verdiyi tarixlərdən sonraya təsadüf edir...

Ukraynada müharibə başlayar-başlamaz, Kiyevə hələ bir güllə də atılmamış Azərbaycanın Ukraynadakı səfirliyini başsız qoyub, şəhəri tərk edən Elmira Axundova barədə gözlənilən qərar verildi. Belə ki, Prezident İlham Əliyev Elmira Hüseyn qızı Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqda sərəncam imzalayıb.

Ukraynada olduğu dövrdə Azərbaycan dövlətindən məvacib alan, ölkəmiz üçün son dərəcə ziyanlı, Rusiyanın maraqları baxımından isə məqbul çıxışları ilə diqqət mərkəzinə gəlməkdən də çəkinmirdi. Kiyevin mərkəzində onun xidməti maşını “avtoş”luq edir, yol hərəkəti qaydalarını pozmaqla ölkəmizin adına xələl gətirməkdən də sanki zövq alırdı.

44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana şəksiz dəstəyini isə “nikakaya Tursiya nam ne pomaqla” şəklində açıqlama verməsi də yaddaşlardan çətin silinər.

Rusiyanın Ukraynaya hücumundan sonra isə Kiyevdən aradan çıxan Elmira Axundovaya çox ciddi rüşvət ittihamı da vardı. Kiyevdə yaşayan azərbaycanlı baş redaktor Ramiz Mikayılov Youtube platforması üzərindən yayınladığı müəllif verilişində səfirliyi soydaşlarımıza rüşvət müqabilində arayış satmaqda ittiham etmişdi.

Ramiz Mikayılovun çıxışından sitat: 

“Ukrayna paytaxtında, Kiyev şəhərindəki səfirliyimiz Bakıdakı Xocahəsən qəsəbəsində yerləşən ”Sədərək", “Binə” ticarət mərkəzlərini xatırladır. Arayışların qiyməti 200-300 dollardan başlayır. Deyirlər ki, raket atəşi altında işləyirlər, ona görə də arayış bahadır".

Müharibəyə qədər Elmira Axundova professional diplomatları “sabun köpüyü” adlandırmaqla özünü onlardan üstün tutduğunu gizlətməyə çalışmırdı. Əsl diplomatlar Kiyevdə qaldı, qeyri-diplomat isə qaçdı və “mən qadınam” deyib biabırçı qaçışına haqq qazandırmağa çalışdı. 

Elmira Axundova səfir təyin olundu - SƏRƏNCAM -

Onun səfir təyinatında da mübhəmlər vardı, iddia edilirdi ki, deputatlığı dövründə baş verən əməllərə görə barəsindəki cinayət xarakterli ittihamlardan sığortalanmaq, toxunulmazlıq almaq üçün zaman-zaman hamisi olmuş PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin dəstəyi ilə Ukraynaya səfir gedə bilib. Hətta bu iddiada da mediada səslənib ki, 1 milyon qarşılığında səfir gedib...

Xatırladaq ki, Elmira Axundovanın adı deputatlığının son dövründən böyük bir dələduzluq olayında, Müdafiə və Təhsil nazirlikləri rəsmilərinin də adı keçən tender  əlaqəli korrupsiya cinayətində hallanır və söhbət milyonlarla manatlıq maxinasiyalardan gedir. Hazırda dələduzluq işi ilə bağlı konkret məhkəmə hökmü və həbs olunmuş şəxs var. Elmira Axundovanın oğlu Həbib Axundovun da adı bu işdə keçir.

Deputat mandatı, ardından isə diplomatik toxunulmazlıqla özünü qoruya bilmiş Elmira Axundova barəsində yenidən araşdırma başlaya bilərmi?

Xatırladaq ki, Elmira Axundova və oğlu Həbib Axundovun adları hallanan cinayət tərkibli hadisələr 2013-cü ildə cərəyan edib. Həmin il ana-bala Axundovlar mətbuatın gündəminə 8 milyon manatlıq dələduzluq işinə görə gəlib. İş üzrə zərərçəkənlər ölkə rəhbərliyinə, mətbuata üz tutaraq o zaman deputat olan Axundovanın, oğlunun adı keçən dələduzluq işinin ört-basdır edilməsinin qarşısını almağa çalışırdılar. Buna Elmira Axundova parlamentdə əyləşdiyi müddətdə əsasən nail də olmuşdu. Məsələnin mahiyyəti də bu idi ki, Elmira Axundova oğlunun biznes qurduğunu deməklə ətrafındakı müəyyən şəxsləri həmin biznesə yatırım etməyə çağırmışdı. Adamlar əllərindəki pul-paranı Elmira Axundovanın oğluna vermişdilər. Bir neçə aya toplanan milyonların isə Elmira Axundova “biznes ruxnul” deməklə sahiblərinə qaytarılmasının mümkünsüzlüyünü diqqətlərinə çatdırmışdı. Üstəlik, şikayət edən zərərçəkənlərin susdurulması üçün addımlar da atılmışdı. Ortada olan faktlar, dəlillər isə iş üzrə bütün oxları Elmira Axundovaya, onun oğluna tərəf çevirirdi. Amma buna baxmayaraq, Elmira Axundova istədiyi hökmləri məhkəmələrdən sözün əsl mənasında ala bilirdi.

“Dünyada hər şeyi pul həll edir” - fikri də Axundovanın müsahibələrində yer alır.

Mətbuatdan da bəllidir ki, Elmira Axundova oğlu Həbib Axundovun dəbdəbəli, eyş-işrət dolu həyatını geniş ictimaiyyətdən gizlətməyə çalışır. Bu yolda deputat mandatı, sonradan isə diplomatik toxunulmazlığı Elmira Axundova üçün “sehirli çubuğa” çevrilmişdi. Döymədiyi qapı, dəng eləmədiyi vəzifə sahibi qalmamışdı. İstədiyi də oğlunun növbəti, heç bir əndazəyə sığmayan cinayətə bərabər hərəkətlərinin ört-basdır edilməsi olurdu. Həbib Axundov isə hər dəfə daha artıq, daha böyük səs-küylərin mərkəzinə gəlirdi.

Bu hay-küyün içində isə Elmira Axundovanın mandat altından ələ aldığı mal-mülklərin siyahıları, oğlunun biznes adı ilə dost-tanışdan aldığı milyonları əslində anasına daşıdığı da şübhə doğurmurdu.

Elmira Axundovanın adı bu illər ərzində cinayət işlərinin əsas hamisi kimi keçib. Məsələn, bu gün dələduzluğa görə həbsdə olan Elnur İbrahimov axtarışa verilənə qədər Elmira Axundovanın evinin daimi sakini olub. Hətta Elnur İbrahimovun cinayət işinə əlavə edilən sənədlərdə onun Elmira Axundovaya günaşırı 5 min manat pul aparmasını təsdiqləyən telefon yazışmalarının çıxarışı - sms-lər də var. Həmin çıxarış cinayət işinə əlavə edilsə də, Elmira Axundova vəzifədə olduğu dövrdə hüquqi qiymət verilməyib.

İndi isə vəziyyət dəyişib və məsələnin araşdırılması baş verə bilər. 10 milyonlarla manatın dələduzluqla ələ keçirilməsində Elnur İbrahimovun təkbaşına hərəkət etməsi “nağıl”dan başqa bir şey deyil.

Hazırda dələduzluğa görə həbsdə olan Elnur İbrahimovun Həbib Axundovla yazışdığı SMS-lərin  məğzləri belə düşünməyə əsas verir.

Elnur İbrahimov Həbib Axundova konkret olaraq Elmira Axundovaya çatması üçün pul gətirdiyini sms-lə yazıb və düşüb götürmələrini xahiş edib.

Bu sms əslində Elmira Axundovanı Elnur İbrahimovun suçlu olduğu iş üzrə əsas şəxs kimi nəzərdən keçirməyə də imkan verir.

Bu həmin Elnur İbrahimovdur ki, dələduzluğa görə 9 illik cəzaya məhkum olunub. Ona Elmira Axundovanın adından oğlu Həbib Axundov əfvlə azadlığa çıxacağını vəd etmişdi.

Eyni zamanda Elnur İbrahimovun Elmira Axundovaya, onun “AF Sentr” ticarət mərkəzinin yerləşdiyi binadakı mənzilinə günaşırı 5 min manat daşıması da sənədlərlə təsdiqini tapır.

Bakupost.az - Elmira Axundova milyonlarını aldıqları adamları necə susdurdu? - Səfir söz azadlığına qarşı

Rəsmi ittiham sənədlərinə görə, işdə söhbət 8 milyon manatdan getsə də, ortada ələ keçirilən məbləğin qat-qat artıq olduğunu söyləməyə əsas verən məlumatlar var.

Elmira Axundova deputat olana qədər “Moskviç-412"də gəzib. Bu gün isə milyonlarla dəyəri olan varidat sahibəsidir. Azı 30 milyonluq mal-mülki haqda məlumatlar ortalıqdadır. Cibində mandat gəzdirdiyi dövrdə sahibləndiyi mal-mülkün, milyonların mənbəyi haqda adının qarışdığı dələduzluq işindən savayı məlumat yoxdur...

Təqdim olunan siyahıdakı bahalı maşınlar, villalar, imarətlər, yaxta, “Favorit” marketlər şəbəkəsindəki payı məhz Axundovanın deputatlığı dövründə əldə olunub. O zaman deputatın aylıq gəliri maksimum 1700 manat civarında olduğunu nəzərə alsaq, Axundovanın bu varidatı digər yollarla əldə etdiyi ehtimalı yaranır. Deputatın bizneslə məşğul olması qanunla qadağandır.

Bəs Elmira Axundova nə işlə məşğul olub ki, 30 milyon manatlıq mal-mülk əldə edə bilib?

Elnur İbrahimovun dələduzluq işində Elmira Axundovanın adı hər prosesdə onun məsləhətvericisi kimi keçib. Elmira Axundovanın özünün də bu məqamı təsdiqləyən səs yazısı var. Həmin səs yazısında Elmira Axundova Elnur İbrahimovdan gördüyü işlərin gedişatı haqda məlumat aldığını deyir. Elnur İbrahimov 125 deputatdan məhz Elmira Axundovanı məsləhətçi seçməsi təsadüfidir? Birincinin ikinciyə günaşırı 5 min manat daşıması verdiyi məsləhətlərə görə olub?

Elmira Hüseyn qızı Axundovanın bir neçə il öncə mediada yayımlanmış varidatının siyahısına da nəzər salaq:

“Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.

“AUDI Q 7" minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013.

Bundan əlavə, Elmira Axundovanın adına:

Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 146/ Kapitanski 146 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 60 mənzil 57 - 4 otaqlı, 185 kv.m

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;

Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,

 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,

“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,

Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi.

Bu geniş ictimaiyyətə bəlli olan mal-mülkdür.

Axundovanın deputatlığı dövründə oğlu Həbib Axundov da kosmik sürətlə varlanıb. Yeri gəlmişkən, qeyd edək ki, Axundovların varlanması adlarının hallandığı çoxmilyonluq dələduzluq olayının baş verdiyi tarixlərdən sonraya təsadüf edir.

Həbib Axundovun adına olan əmlakların siyahısını təqdim edirik:

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis,

“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.

Bunlar isə Həbib Axundovun maşın kolleksiyasıdır:

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 10 HH 111, alış tarixi 19.05.2014,

“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 XX 111. Alış tarixi 02.07.2014.

"Porsche Panamera" minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 RR 111, alış tarixi 15.02.2014,

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 90 CF 900, alış tarixi 03.10.2013.

K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti kateri - yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb.

Bundan başqa, Həbib Axundov bir neçə skuterə də sahibdir.

Bu, tam siyahı deyil.

Elmira Axundovanın oğlunun adı dələduzluq işi ilə yanaşı, model Günel Mirzəyevanın müəmmalı ölüm işində də qırmızı xətlə keçir. Günel Mirzəyeva Həbib Axundovun “Yamaha 242 Limited S” tipli yaxtasında açıq dənizə çıxıb və boğularaq ölüb. Bu müəmmalı ölüm Günel Mirzəyevanın həyat yoldaşı ilə boşanma ərəfəsində olduğu günlərdə baş verib. Model xanımı məhkəmədə təmsil edən də Elmira Axundovanın vəkili Rövşən Yusifov olub. Üstəlik, suda boğulan Günel Mirzəyevanın hamilə olması haqda da bilgilər var. Həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə üz tutan bir qadının hamiləliyi də maraqlı suallar ortaya çıxarır. Həbib Axundovun Günel Mirzəyeva ilə sıcaq münasibətlərinin olduğu bir vaxtda onun yaxtasında açıq dənizə çıxaraq batması bu günə qədər müəmmalı olaraq qalıb.

Artıq bu məlumatların araşdırılması zamanı çatıb...

“Yeni Müsavat”

ƏN ÇOX OXUNANLAR

0.020067930221558