- 7
ENDİRİLİR
ENDİRİLİR
İyunun 23-də Türkiyədə qonşusu tərəfindən hücuma məruz qaldığını iddia edən Azərbaycan vətəndaşı Sona Yaqubova iyunun 24-dən Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində saxlanılıb.
Vəkilinin bildirdiyinə görə, Sona Yaqubova saxlanma şəraiti haqda mediaya məlumat verməsindən sonra iyulun 7-də Edirne Geri Göndərmə Mərkəzinə göndərilib.
Sona Yaqubovanın bacısı, onun vəkili, eləcə də məsələyə münasibət bildirən Türkiyənin EMEP (Emek Partisi) sədrinin müavini və İstanbul millət vəkili Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində qeyri-insani saxlanma şəraitinin olduğunu qeyd ediblər.
Sona Yaqubovanın bacısı Mona Yaqubova Amerikanın Səsinə bacısının Silivri Selimpaşa Geri Göndərmə Mərkəzinə göndərilməsinin qanunsuz olduğunu və onun mərkəzdə qeyri-insani şəraitdə saxlanıldığını bildirib.
“Sona Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində yataq olmayan bir otağa salınmışdı. Bacım gündə bir dəfə zəng edərək oğlu ilə danışa bilirdi. Mərkəzdəki vəziyyətlə bağlı mediada xəbərlər çıxandan sonra isə Sonaya zəng etmək hüququndan istifadə etməyə icazə verməyiblər. Biz günlərlə ondan, onun vəziyyətindən xəbər ala bilmirdik”, – o deyib.
Mona Yaqubova bildirib ki, hazırda hüquqi prosedurlar davam edir, onlar məsələ ilə bağlı məhkəmədə iddia qaldırıblar.
“Biri Sonanın Silivri Selimpaşa Geri Göndərmə Mərkəzindən çıxarılmasına dair, digəri isə deportasiya qərarının ləğv olunması ilə bağlıdır. Sonanın yaşayış icazəsi ilə bağlı işi məhkəmədədir. Onun yaşayış icazəsinin vaxtı bitdikdən sonra Türkiyədən çıxaraq Azərbaycana qayıtmışdı, bir neçə gün qaldıqdan sonra yenidən geri qayıtdı, yəni, hər şey qanuni prosedurlara uyğun olub. Qayıtdıqdan sonra təzədən yaşayış icazəsi üçün müraciət edib. Sonaya yaşayış icazəsi ilə bağlı cavab verilmədi, o, aylarla cavab gözləyib. Bir neçə ay sonra isə yaşayış icazəsinə rədd cavabı gəldi. Sona isə qərarı mübahisələndirmək üçün məhkəməyə müraciət etdi və məhkəmə hələ də davam edirdi”, – o deyib.
Mona Yaqubovanın sözlərinə görə, Türkiyədə Qurban bayramı ilə əlaqədar tətil olduğu üçün rəsmi qurumlar işləməyib və məsələ ilə bağlı daha gec şikayət edə biliblər.
O bildirib ki, Sona Yaqubovanın Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı verdikləri şikayətə rədd cavabı verilib.
Mona Yaqubova deyib ki, bacısı iyulun 7-dən Edirne Geri Göndərmə Mərkəzinə göndərilib, o hazırda saxlanılma şəraitindən narazı deyil və məhkəmənin qərarını gözləyir.
Mona Yaqublu qeyd edib ki, Sona Yaqubovanın oğlu Türkiyədə orta məktəbdə təhsil alır və anası deportasiya edildiyi təqdirdə, oğlunun təhsili yarımçıq qala bilər.
“Sona onsuz da iyul ayında oğlu ilə birgə Türkiyədən Azərbaycana qayıdacaqdı ki, yaşayış icazəsi ilə bağlı yenidən müraciət eləsin. Burada əsas məsələlərdən biri oğlunun təhsil məsələsidir. Sonanın oğlu artıq neçə ildir Türkiyədə liseydə təhsil alır, uşaq burada neçə il əziyyət çəkib, təhsilini yekunlaşdırmaq üçün son 1 ili qalıb. Sona buradan deportasiya olunarsa, uşağın neçə illik əziyyəti heç olacaq”, – o bildirib.
Türkiyədə reaksiyalar…
Yaşıl Sol Partiyasının millət vəkili Çiçek Otlu Sona Yaqubovanın yaşadıqlarını Türkiyə parlamentində gündəminə gətirib.
O, Türkiyə Daxili İşlər naziri Ali Yerlikayaya bir neçə sual ünvanlayıb. Çiçek Otlu deportasiya qərarının lazımi qaydada məlumatlandırılmaması, Sona Yaqubovaya deportasiya qərarı və ya digər inzibati prosedurlar barədə məlumat verilməməsi barədə iddiaları sorğulayıb.
O həmçinin Sonanın zorakılığa məruz qalmasını xəstəxana sənədləşdirdiyi halda, qonşusu barəsində hər hansı araşdırma olub-olmayacağı ilə bağlı bir sıra suallar verib.
Türkiyənin Daxili İşlər Nazirliyindən hələlik, məsələ ilə bağlı açıqlama verilməyib.
EMEP (Emek Partisi) sədrinin müavini və İstanbul Millət vəkili İskender Bayhanın Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində Sona Yaqubova ilə görüş tələbi rədd edilib.
Bu səfərdən dərhal sonra Sona Yaqubovanın Edirne Göndərmə Mərkəzinə göndərildiyi bildirilir.
İskender Beyhan öz açıqlamasında bildirib ki, qadınlar mərkəzdə anti-gigiyenik, qeyri-insani şəraitdə saxlanılırlar.
Nə baş verib?
Bacısı Mona Yaqubovanın sözlərinə görə, Sona Yaqubova 6 ildir oğlu ilə Türkiyədə yaşayan azərbaycanlı jurnalistdir.
O, İstanbulda Kadıköy rayonunda yaşayır, oğlu isə həmin ərazidə liseydə oxuyur.
Mona Yaqubova deyib ki, bacısının qonşusu onun yaşadığı mənzilinin qapısındakı elektrik lampasının dəyişdirilməsini istəyib, Sona isə pulunun olmadığı üçün dəyişdirə bilməyib: “İyunun 23-də, bir həftə sonra qonşusu Sonanın qapısına gələrək ev sahibinə zəng eləməklə təhdid edib. Bacım ona ev sahibinə zəng etməsi ilə bağlı etiraz etmədiyini deyəndə isə qonşusu ona hücum edərək boğazından yapışıb. Qonşusu ona “Mən türkəm, bir türklə belə danışa bilməzsən. Türk kişisinin gücünü sənə göstərərəm” deyib. Sona binanın çölünə çıxmağa nail olub, qonşu isə onun dalınca gəlib və saçından sürüməyə başlayıb. Küçədən keçən insanlar Sonanı onun əlindən alıb”.
Mona Yaqubova bildirib ki, həm bacısı, həm də qonşu bir-birindən polisə şikayət edib, qonşusu Sonanın “elədikləriniz faşizmdir” sözlərini təhqir olduğunu iddia edib, həmçinin guya Sonanın ona hücum elədiyini bildirib.
“Polis qonşunun ifadəsini alandan sonra sərbəst buraxıb. Lakin Sonanın Türkiyə vətəndaşı olmaması qonşunun göstərdiyi zorakılıqla bağlı xəstəxananın rəyinin olmasına baxmayaraq, yaşayış icazəsi ilə bağlı problemə görə onun Silivri Selimpaşa Geri Göndərmə Mərkəzinə göndərilməsinə səbəb olub”, – o bildirib.
Sona Yaqubovanın vəkili Yakup Sevinçhanın “Amerikanın Səsi”nə verdiyi məlumata görə, müvəkkilinin 2022-ci ildə yaşayış icazəsi ilə bağlı müraciəti rədd edilib, lakin onlar qərardan apellyasiya şikayəti veriblər.
“İş hələ yekunlaşmayıb. İmtina səbəbi Sona ilə bağlı sonradan geri götürülmüş şikayətdir. Şikayət geri götürülsə də, yaşayış icazəsi uzadılmayıb”, – vəkil bildirib.
Vəkil Sevinçhanın sözlərinə görə, yaşayış icazəsi ilə bağlı məhkəmə davam edərkən Sona Yaqubovanın geri göndərilməsi qanuna ziddir: “Əgər o, məhkəmə yekunlaşana qədər deportasiya edilsə, iş nəticəsiz qalacaq. Bununla belə, qanunda boşluq var. Bu boşluğa əsaslanaraq, Sona Silivri Selimpaşa Geri Göndərmə Mərkəzinə Türkiyə vətəndaşının ifadəsinə görə göndərilir. Halbuki hər iki tərəf bir-birindən şikayətçi olub, amma qanundakı boşluqdan əcnəbilərin əleyhinə istifadə olunur. Sona mərkəzdəki saxlanılma problemlərini mediada işıqlandırdığı üçün Silivri Selimpaşa Geri Göndərmə Mərkəzinin rəisi Sona xanımı yanına çağıraraq, mediaya danışdığına görə cəzalandırdığını bildirib”.
Vəkil açıqlamasında bildirib ki, Sona Yaqubova Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində qeyri-insani şəraitdə saxlanılıb, bu isə insan haqlarına ziddir.
“Cəzaçəkmə müəssisələri həmin mərkəzlərin yanında daha yaxşı şəraitə sahibdir. Çünki mərkəzlərdə gigiyena yoxdur, açıq havaya çıxarılmaqlarına icazə verilmir, 24 saat dörd divar arasında qalırlar. Onunla birlikdə saxlanılan adamların bəziləri narkotik aludəçiləridir, bəziləri əqli sağlamlığı yerində olmayan insanlardır. Hamını eyni yerdə saxlamaq düzgün deyil. Hazırda Edirne Geri Göndərmə Mərkəzində saxlanılır, orada saxlanılma şəraiti daha normaldır”, – vəkil qeyd edib.
Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyi, həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.