• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“AAAF Park” sakinindən şikayət - “Həyətimizi zəbt edib qanunsuz obyekt tikirlər” - VİDEO



Xırdalan şəhəri “AAAF Park” Yaşayış Kompleksinin girişində qanunsuz tikinti işləri aparılır.

Bununla bağlı Bizim.Media-ya sözügedən yaşayış kompleksinin sakini Rasim Adıgözəlov müraciət edib.

Onun iddiasına görə, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, 24 saylı küçədəki binanın həyəti qanunsuz zəbt edilib. Altı sotluq ərazidə iki mərtəbəli obyekt tikilir və tikinti işlərinə təxminən bir həftəyə yaxındır ki, başlanıb.

Şikayətçi yaşadığı binanın həyətinin həm ümumən sakinlər, həm də uşaqların oyun oynaması üçün məhdudlaşdırıldığından gileylənib:

“Yaşadığım binanın həyətini qanunsuz zəbt edib obyekt tikirlər. Mənim kimi burada yaşayan xeyli sayda sakin qanunsuz zəbtetmədən narazıdır. Binanın həyətində uşaqlar velosiped sürür, futbol oynayır, sakinlər bu hissədən hərəkət edir. Üç yan-yana böyük binanın üz hissəsi yanğına davamsız “penaplas” üzlükdən ibarətdir. Bu isə gələcəkdə baş verəcək yanğın hadisəsinə görə çox böyük təhlükədir. Üstəlik yanğınsöndürən maşınların əraziyə daxil olması və çıxması mümkün olmayacaq.

Gecə-gündüz tikinti işi aparılır. Ərazidəki ağacları öz vəsaitimiz hesabına əkmişik. Artıq ağaclardan birini qoparıb atıblar. 10-a yaxın 10 illik ağacları da çox güman ki, məhv edəcəklər. Tikintini aparan şirkət ərazidəki yolda hərəkəti də məhdudlaşdırıb. “AAAF Park” bu əraziləri kiməsə satıb və özbaşına tikinti işi gedir. Şirkətlə müqavilə bağlayan hansısa sahibkar ötən dəfə əraziyə gəlmişdi. Etirazımızı bildirdik. “Bura ata yurdumdur, nə istəyərəm tikərəm”, - dedi" .

Şikayətçinin sözlərinə görə 215 mənzilli əhali riskə atıldığı üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə bu barədə müraciət ediblər.

Qurumdan əraziyə baxış keçirilsə də, tikinti dayandırılmayıb və etiraz edən vətəndaşlara hər hansı məlumat verilməyib.

Qeyd edək ki, sözügedən problemlə bağlı tikinti normalarına və qaydalarına da riayət olunmayıb. Bina ilə yeni tikinti arasında dörd metr ara məsafəsi saxlanılıb. Halbuki binalar arasındakı məsafə yan-yana binaların hündürlüklərinin cəmi qədər olmalıdır. Minimum isə ikisinin hündürlüyünün cəminin yarısı qədər olmalıdır. Əgər evlərin arasında yol varsa, yolun eni ən azı iki metr olmalıdır. Yoldan sonra isə iki metr səki olmalıdır. Bütün bunlara riayət olunarsa, həmin kompleksdəki binaların arasında 25-30 metrə qədər məsafə olmalıdır.

Məsələ ilə bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etsək də, qurumdan sorğumuza cavab ala bilmədik.

Ayrıca “AAAF Park”la da əlaqə saxladıq. Şirkətin satış rəsmisi Səidə xanım səlahiyyətli şəxs olmadığı üçün məsələ barədə açıqlama verə bilməyəcəyini söyləyib.

Adlarını çəkdiyimiz qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

ƏN ÇOX OXUNANLAR

0.072744131088257