- 6
ENDİRİLİR
ENDİRİLİR
"ATEF Şirkətlər Qrupu” MMC-nin rəhbərinin ölkədən çıxışına "stop” qoyulduğu deyilir.
Qaynarinfo.az-ın məlumatına görə, buna səbəb şirkətin qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 9 milyon 521 min 876 manat 16 qəpik vergi borcunun yaranmasıdır.
Xatırladaq ki, "ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib.
"ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyovdur. Onun Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə dostluq münasibətlərinin olduğu deyilir. Səfər Mehdiyevin vəzifədən getməsindən sonra şirkətdə ciddi maliyyə problemləri yaranıb.
Bu arada onu da qeyd edək ki, şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. MMC-yə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Suraxanı Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Qeyd edək ki, şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var.
Mənbə Qaynarinfo.az