- 6
ENDİRİLİR
ENDİRİLİR
Bir neçə general ali hərbi rütbələrdən məhrum edilib. Proses xeyli əvvəldən start götürüb. İndiyə kimi 10-a yaxın generalın rütbəsi əlindən alınıb. Bu o generallardır ki, zamanında qılınclarının qını da baş kəsirdi.
Globalinfo.az xatırladır ki, iyulun 24-də Prezident İlham Əliyev imzaladığı sərəncamla Mövlan Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədov ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib. Buna səbəb adıçəkilən şəxslərin xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmalarıdır.
Beləliklə, Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. Sahib Ələkbərovla Yasin Məmmədovun isə “Vətən uğrunda” medalı geri alınıb.
Mövlan Şixəliyevdən əvvəl isə general rütbəsindən məhrum edilən bir neçə sabiq məmur var.
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov 2021-ci ildə bu aqibətlə üzləşib. O, Naxçıvan MR Hərbi Məhkəməsinin hökmünə əsasən, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
İşgəncə və rüşvət “kralı” kimi ad çıxarmış Akif Çovdarov da sıfırlanan generallardandır. Onun da rütbəsi alınıb. Bu, o Akif Çovdarovdur ki, ölkədə ilişmədiyi iş adamı, pisliyi keçmədiyi imkanlı vətəndaş, şantaja məruz qoymadığı məmur yox idi. Çovdarovun ən böyük pisliyi həm də jurnalistlərə keçib. Həm media işçilərinə fiziki güc tətbiq etdirib, həm də onları izlətdirib, şantaj məruz qoyub.
O, 2015-ci ildə “MTN işi”nə görə saxlanıldı. Məhkəmə hökmünə əsasən həbs cəzası aldı. 2020-ci ildə əfv sərəncamı ilə azadlığa çıxdı. Azadlığa çıxdıqdan sonra müsadirə olunmuş əmlaklarını geri tələb etdi. Əmlak bir yana, millətlə üz-göz olub əldə etdiyi hər şeydən, rütbədən belə məhrum edildi. Təsəvvür edin, Akif Çovdarovun pensiya almaq hüququ yoxdur.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovun da general-mayor ali rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi qərara alınıb.
MTN-də idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunub. Nizami Şirinov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Sabiq korpus komandiri, general Rövşən Əkbərovun general rütbəsinin alınması haqda bir müddət öncə müzakirə getdi. Hələlik o, həbsdə olsa da, rütbəsindən məhrum edilməyib.
Azərbaycanda iki general var ki, ictimaiyyət onların ciddi cəzalandırılacağı günü gözləyir. Bu generallardan biri müdafiə nazirliyinin sabiq birinci müavini, keçmiş baş qərargah rəisi, general polkovnik Nəcməddin Sadıqovdur.
N.Sadıqov vəzifədə olduğu dövrdə də ictimai rəydə qəbul edilməyən məmur kimi tanınıb. Vəzifədən çıxarıldıqdan sonra cəzalandırılması gözləntisi olsa da, işdən çıxarılmaqla canını qurtara bilib.
O, “Tərtər işi” prosesində mərkəzi fiqur kimi tanınır. Deyilənə görə, işgəncə maşınının sükanı arxasında əyləşən general olub. Məhkəmə prosesində şahidlər, zərərçəkmişlər və ittiham olunanlar N.Sadıqovun adını çəkirlər. Hərbçilərə işgəncə verən zabitlər tapşırığı Sadıqovdan aldıqları haqda məhkəmə salonunda ifadə verirlər.
Yəqin ki, Nəcməddin Sadıqov həmmüəllifi olduğu “Tərtər işi” məhkəməsinin gedişində cəzalandırılacaq. Çünki onun əleyhinə onlarla ifadə var.
Cəzalandırılması ictimaiyyət tərəfindən istənən generallardan biri, bəlkə də birincisi Eldar Mahmudovdur. Onun haqqında çox yazmağı lazım bilmirik. Çünki bu adam barəsində illərdir yazılmayan, deyilməyən fakt qalmayıb. Rütbədən məhrum edilən generalların əksərinin rəhbəri E.Mahmudov olubsa, o zaman niyə onun da haqqında qərar verilmir? Bu sual 2015-ci ildən bəri aktuallığını qoruyur. Akif Çovdarovun, Mövlan Şıxaliyevin general rütbələri əlindən alınırsa, Eldar Mahmudovun poqonları çoxdan sökülməli idi.
Proses başlayıb. Gedişat deməyə əsas verir ki, Eldar Mahmudov da, Nəcməddin Sadıqov da general rütbəsindən azad ediləcəklər. Bu həm də hüququn tələbi, qanunun diktəsidir.