• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Astarada zibilliklərdən şikayətlər var



Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhərinin əhalisi 20 min nəfərə çatır. Yayda bu şəhərdə əlavə turistlər də olur.

Astara şəhər sakini, ictimai fəal Asən Həşimli deyir ki, əhalinin artmasına baxmayaraq, illərlə həllini gözləyən problemləri çoxdur. Onun deməsinə görə, şəhərdə sovetdənqalma kanalizasiya sistemi dağılıb: "Yenisini tikmək barədə söhbətlər getsə də, hələlik, ortada ciddi iş görülmür. Şəhərin heç yerində içməli su yerləri yoxdur. Mərkəzdə bir ayaqyolu var, o da pis vəziyyətdədir. Çox vaxtı şəhərdə yığılıb qalan zibilləri vaxtında daşımırlar".

Şəhərdə zibillərin atıldığı ərazinin hasarı yoxdur. İnəklər zibillikdə eşələnirdilər. Adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, külək onların yaşadığı evlərə tərəf əsəndə üfunət iyindən və tüstüdən həyətdə qalmaq olmur: "Tüstü bizi boğur, üfunət iyindən bezmişik. Zibilxananı yaşayış yerindən uzaqda yerləşdirmək lazımdır. Heç olmasa, buranı hasara alsınlar. Elə vaxtlar olur, qarğalar orada dolaşır. Gecələr çaqqallar zibilxanaya daraşırlar. Xəstəlikdir".

Söhbətə başqa bir yerli sakin də qoşulur: "Külək zibili göyə qaldırır, ətrafa səpir. Orada nə istəsən var. Siçan basıb oranı. Əhaliyə ziyandır".

Astaranın Əhəd Muxtar küçəsində sakinlər zibili ərazidən keçən kanala atırlar. Sakinlərdən biri Mikayıl Əhmədov zibillərə görə kanal suyunun çirkləndiyini söyləyir: "Yaxınlıqda otlayan inəklər adətən kanal suyu içirdilər. İndi kanala yaxın durmurlar, su həddindən artıq çirklənib. Burada yaşayanlara dəfələrlə demişəm ki, zibili kanala atmayın. Deyirlər ki, kanala atmayaq bəs nə edək? Bura şəhərin küçələrindən biridir. Kənd yolu burdan yaxşıdır".

Astara Gömrük Məntəqəsinin qarşısında vəziyyət bir qədər fərqlidir. Amma orada da şikayət eşidilir: "Balaca maşınlar var, evləri gəzib zibil yığırlar, buna görə pul alırlar. Gətirib həmin zibilləri bura tökürlər. Bunun hesabına xəstəxanaya gedən yolun üstündə həmişə qalaqlanmış zibil olur".

Rayon Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyindən isə deyirlər ki, şəhərdə zibillər vaxtında daşınır: "Qaldı mərkəzi zibilxanaya, ora üçün hasar nəzərdə tutulub. Utilizasiya ilə bağlı heç nə deyə bilmərik. İcra hakimiyyəti aparatına müraciət edin".

Astara şəhər icra nümayəndəliyindən isə bildirirlər ki, onlara əhalidən bu məsələlərlə bağlı şikayət daxil olmayıb.

Astarada zibilliklərdən şikayətlər var
Astarada zibilliklərdən şikayətlər var
Astarada zibilliklərdən şikayətlər var

 

ƏN ÇOX OXUNANLAR

0.036540031433105